Razi Nurullayev elə arqumentlərlə “vuruldu” ki…
Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı keçmiş partiyadaşı Razi Nurullayevin davranışına qiymət verərkən qeyd edib. O, facebook səhifəsində mövzu ilə bağlı sonuncu qeydində ironik tərzdə yazır ki, Razi Nurullayev birdən-birə müxalif çevrədən iqtidaryanlı çevrəyə düşüb, Qərblə yaxşı münasibətini anti-Qərb kampaniyasına dəyişib.
“Əli bəyin sərəncamının gücünə baxın. 3 gün bundan qabağa qədər Razi Nurullayev AXCP və Milli Şura çevrəsində idi. Bəs Əli bəyin məlum sərəncamından sonra haradadır? İndi Azər Həsrət, Niyaməddin Orduxanlı, Aynur Camalqızı, Taleh Şahsuvarlı, Rauf Arifoğlu, Azay Quliyev, Xəzər TV, ATV, Lider TV olan çevrədə. Adam səmimi cəbhəçi idisə, necə 1 günün içində 180 dərəcə dəyişdi?
Razi Nurullayev bu sərəncama qədər Qərb ölkələri səfirlikləri ilə yaxşı münasibətləri olan biri kimi tanınırdı. İndi Əli bəyin sərəncamından dərhal sonra hökumətin Qərbə qarşı kampaniyasına qoşulub. ABŞ və Böyük Britaniya səfirliyini rəsmən Əli Kərimliyə informasiya ilə kömək etməkdə ittiham etdi. Avroatlantika tərəfdarı bir gecədə Qərb əleyhdarına çevrildi.
Nə baş verir? Yəni doğrudanmı bir günün ərzində belə sürətli dəyişiklik bir sərəncamın gücüdür? Əli bəyə olan bütün hörmətimə baxmayaraq, etiraf etməliyəm ki, yox, bu, bir sərəncamın yaratdığı dəyişiklik deyil. Sadəcə olaraq AXCP sədrinin sərəncamı bu adamın üzünə taxdığı cəbhəçi maskasını çıxarıb. İndi gördüyünüz, qarşınızdakı əsl Razi Nurullayevdir”, - deyə F.Qəhrəmanlı yazıb.
"Razi Nurullayev sədrin son tapışırığını niyə can-başla yerinə yetirib?"
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da keçmiş sədr müavininin partiyaya qarşı “hücuma keçməsinə” növbəti dəfə münasibət bildirib. O, iqtidaryönlü medianın Razi Nurullayevə gen-bol yer verməsini nə qədər qəribə səslənsə də, AXCP-yə xidmət kimi qiymətləndirib. N.Ədilov facebook səhifəsində yazır:
“Biz də hökumət mətbuatından xeyir görərikmiş. Təəccüblənməyin. İndi izah edəcəm ki, iqtidar mətbuatı AXCP-yə necə işləyir.
Aydındır ki, Razi bəyin hökumətə işlədiyi sübut olunandan sonra Əli bəy onu müavinlikdən uzaqlaşdırdı. Yadınıza salıram ki, AXCP sədrinin sərəncamı “Azadlıq” qəzetində gedəndə informasiyaya heç bir şərh əlavə olunmamışdı. Sonradan Razi bəy açıqladı ki, AXCP sədri onu vəzifəsindən uzaqlaşdırmamış, onunla ətraflı söhbət edib. Əli Kərimlini tanıyanlar da bilir ki, o, heç vaxt ikilikdə olan söhbətləri ictimaiyyətə açmır. Hətta onun bu keyfiyyətindən sui- istifadə edərək bir çoxları “Əli bəy mənə belə dedi, mən Əli bəyə belə cavab verdim” tipli yalanlar da danışır. Bu zamanlarda da Əli bəy belə dedi-qodulara qoşulmağı, onun adından deyilənləri təkzib etməyi özünə yaraşdırmır. Təcrübə göstərir ki, düz də edir. Çünki onun haqqında bu yalanları danışanlar bir azdan hökumətin qoltuğundan boylananda hamıya aydın olur ki, AXCP sərinin növbəti ifşaçısının qarnının ağrısı nə imiş?
Nə isə, sözümün canı bu idi ki, hökumət mətbuatı Razı bəyi danışdırmasaydı, bizim də o söhbətin məzmunundan xəbərimiz olmayacaqdı. Razi bəy indi o ikilikdə olan söhbəti öz xeyrinə nə qədər dəyişib, mətbuata ötürsə də, yenə diqqətli müşahidəçi o söhbətdən özü üçün maraqlı nəticələr çıxara bilər.
Razi bəyin dediyinə görə, bu söhbətdə Əli bəy onun üzünə deyib ki, sən satqınsan. Söhbəti fırlatmayıb, bəhanə gətirməyib, kişi kimi üzünə deyib ki, adam, satılmısan və daha mənim müavinim ola bilməzsən.
Razi bəyin söhbətindən daha sonra bu məlum olur ki, AXCP sədrinin onu müavinlikdən çıxarmaqla da ürəyi soyumayıb, ona tapşırıb ki, get özün partiyadan çıx. Razi bəy də gedib sədrin tapşırığına uyğun olaraq partiyadan çıxıb. Düzdür, burada Razi bəy tam da təlimata uyğun davranmayıb. Çünki, Razi bəyin sözlərinə görə, sədr ona tapşırıbmış ki, səssiz-küysüz get. Amma buna görə gəlin Razi bəyi məzəmmət etməyək. Görünür, ona səs-küysüz getməyə imkan verməyiblər.
İndi isə hökumət mətbuatının sayəsində bu bildiklərimizi bir az analiz edək. Razi bəyin hesabına söhbətin bizə məlum olan hissəsindən aydın olur: AXCP sədri əlindəki faktların dəqiqliyinə o qədər əmin olub ki, Razi bəyə rahatlıqla “müavinlikdən çıxarıldıqdan sonra özün partiyadan gedərsən” deyə bilib. Söhbətin bu hissəsi çox vacibdir. Çünki Razi bəy həm də partiyanın Rəyasət Heyətinin üzvü idi. Sədr onu nəinki partiya üzvlüyündən, heç Rəyasət Heyətindən də çıxara bilməzdi. Belə qərarları yalnız partiyanın kollegial orqanları verə bilər. Amma nəyə görəsə Əli bəy özünə arxayın olub ki, Razi bəyə deyəcək, get partiyadan, o da gedəcək?
Hərçənd, Razi bəy məni və başqa dostlarımızı zombi elan edib, amma mən eksperiment üçün bu situasiyada özümü Razi bəyin yerinə qoyuram. Mən zombi-filan olmasam da, Əli bəyi ürəkdən dəstəkləyən bir adamam. Buna baxmayaraq, onun da səhv qərarlar verə biləcəyini təsəvvür edirəm. Məsələn, əgər günün birində Əli bəy məni də Razi bəy kimi dəvət edib, mənim aləmimdə haqsız olan xeyli ittihamı üzümə oxuyub, sonra da desəydi ki, Natiq bəy, səni mətbuat xidməti rəhbəri vəzifəsindən azad edirəm, partiyanın Rəyasət Heyəti üzvlüyündən və AXCP sıralarından da özün istefa verərsən, mən nə edərdim? Sonrakı addımlarım təqribən belə olardı. İmkanım çatan qədər sədrin mənə qarşı irəli sürdüyü ittihamları ya təkzib, ya izah edərdim. Sonra da deyərdim ki, Əli bəy, məni mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxarmaq sizin hüququnuzdur. Bunu başa düşdüm. Amma partiyanın nəinki üzvlüyündən, heç Rəyasət Heyəti üzvlüyündən də mənim getmək fikrim yoxdur. Sizin də məni oradan çıxarmaq hüququnuz yoxdur. Əgər siz mənimlə bağlı məsələni partiyanın ali orqanının gündəliyinə çıxarmaq istəyirsinizsə, buyurun çıxarın. Mən dostlarım qarşısında özümü müdafiə və sizin ittihamlarınızın əsassız olduğunu sübut edə bilərəm. Bax belə.
Amma Razi bəy belə etmədi. İndi bu məsələdə hələ də nə baş verdiyini kəsdirə bilməyən dostlara məndən məsləhət.
Sizcə hansı səbəbdən Əli bəy özünə belə arxayın idi ki, xəyanətdə ittiham etdiyi keçmiş müavini onun sözü ilə partiyanı tərk edəcək? Sizcə niyə Razi bəy dəyişmək istədiyi partiyanın kollegial orqanlarında özü ilə bağlı müzakirə açmaq istəmədən, sədrin son tapşırığına uyğun olaraq AXCP üzvlüyündən də özü getdi?
Yenə aydın olmadı?”.