Polkovniklər AXCP-yə üz tutdu

Polkovniklər AXCP-yə üz tutduƏvvəl İsa Sadıqov, indi isə Yaşar Cəfərli Xalq Cəbhəsinə üzv oldu

Hərbçi ekspert Yaşar Cəfərli AXCP sıralarına üzv olmaq üçün bu partiyanın sədri Əli Kərimliyə müraciət edib. Milli Şura üzvü olan Yaşar Cəfərli Əli Kərimlidən onun AXCP-yə üzv qəbul olunmasını rica edib. Yaşar Cəfərlinin bu barədə facebook səhifəsində yazdıqlarını ixtisarla təqdim edirik:

"AXCP sədri Əli Kərimli cənablarına

Hörmətli Əli bəy, həyatımın ən gözəl çağlarını Vətənimizin hərbi təhlükəsizliyinin təmin olunmasına, suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün bərpa olunmasına həsr etmişəm. Bu yolda 3 aydan çox məhbus həyatı yaşamışam, 5 il müddətinə şərti məhkum edilmişəm.

Mənimlə bərabər həmkarlarım, zabit yoldaşlarım, əqidə dostlarım, ailə üzvlərim, ö cümlədən yeniyetmə övladlarım daim təqib olunmuş və izlənmişik. Amma heç vaxt, heç yerdə, heç bir vəziyyət və şəraitdə bir anlığına olsa da belə ölkəmizdə demokratiyanın bərqərar olacağına, aparılan mübarizənin mütləq müsbətlə nəticələnəcəyinə inamımı itirməmişəm və bundan sonra da itirməyəcəyəm.

Düşünürəm ki, indiyə qədərki fəaliyyətimlə bunu sübuta yetirə bilmişəm.


Siyasi əqidəmə, dövlət idarəçiliyi prinsiplərinə və ölkəmizin inkişaf perspektivlərinə baxışlarıma görə özümü həmişə müxalifət və demokratik qüvvələr düşərgəsinə aid etmişəm. Lakin, təəssüf ki, peşəm və QHT sektorunda tutduğum mövqeyə görə indiyədək heç bir siyasi partiyaya üzv olmamışam.

Hal-hazırda Azərbaycanda və onun ətrafında gedən proseslər hər bir vətənpərvər və müasir düşüncəli vətandaş kimi məni də demokratiya və azadlıq uğrunda mübarizəni gücləndirməyə sövq edir.

Hesab edirəm ki, indi ƏSAS CƏBHƏ XƏTTİ məhz bu alandan keçir. Rəhbərlik etdiyiniz partiya uzun illərdir ki, bu alanda ön sıralarda gedir və əsil mübarizlik nümayiş etdirir. Azərbaycanın hər bir guşəsində, - istər paytaxt Bakıda, istər uzaq Naxçıvanda, istərsə də digər bölgələrdə həm yaşlı, həm orta nəsil, həm də gənclər üçün hər bir fədakar, zəhmətkeş, yorulmaz, cəfakeş cəbhəçi əsil qəhramanlıq nümunəsidir. İnanıram ki, tarixin sınağından uğurla çıxmış AXCP bundan sonra da əqidəyə sadiq qalacaq, bütün çətinlik və mərhumiyyətlərə baxmayaraq DEMOKRATİK AZƏRBAYCAN uğrunda mübarizə meydanında tutduğu öncül mövqelərdən geri çəkilməyəcək.

Zabit, vətənpərvər və mübariz bir insan kimi mən də özümü “əsas cəbhə xəttində” qəhraman cəbhəçilər - əsil vətəndaşlarla eyni cərgədə addımlamağa haqq etmiş bilirəm. Xahiş edirəm məni partiya sıralarına qəbul edəsiniz.

Yaşar Cəfərli, ehtiyatda olan zabit, “Milli Şura” üzvü

11 noyabr 2014-cü il”
.


Xatırladaq ki, bir müddət əvvəl hazırda mühacirətdə yaşayan istefada olan polkovnik İsa Sadıqov da AXCP-ə üzv olmaq üçün müraciət etmişdi.






Fikirlər