STALİNİN adamları TÜRKİYƏDƏ RƏSULZADƏYƏ qarşı... – İFTİRA

3 may tarixi Türkiyədə türkçülük və ya türklüyün dirilişi günü kimi qeyd edilir. Bu hadisə dönəmin məşhur türkçülük ideologiyasının daşıyıcısı Nihal Atsız və əqidədaşlarının adı ilə bağlıdır.

Olayın qısa mahiyyəti belədir: İkinci Dünya müharibəsində ruslar almanları məğlub etdikdən sonra Türkiyə hökuməti almanlarla yaxın münasibəti kəsməyə, eləcə də almanların dəstəklədiyi iddia edilən Turançılıq hərəkatlarına qarşı çıxmağa başlayır. 1944-cü ilə qədər ölkə ərazisində türkçülüklə, Turançılıqla bağlı nəşrlərin, kitabların çapına izn verilirdi, hökumət bundan narahat olsa da, hər hansı fəal müdaxiləyə yol vermirdi.

Lakin almanların cəbhədə yenilməsi Türkiyənin Stalin təhlükəsinə qarşı sərt addımlar atmasına səbəb olur.

1944-cü il may ayının 19-da Gənclik və idman bayramında o zamankı prezident İsmət İnönü açıq şəkildə bildirir:

“Turan düşüncəsi bizə zərər verir. Milli qurtuluşumuzdan bəri sovetlərlə dostluq bağlarımız var. Milli siyasətimiz ölkə xaricində macəra arayan ruha tamamilə ziddir. Turançılar vicdansız fəsadçılardır və gəncliyi başdan çıxarmaqdadırlar. Bizə fəlakət gətirən düşüncələrə qarşı bütün gücümüzü qoyacağıq”.

İsmət Paşa Qurtuluş hərəkatı dönəminin bilavasitə iştirakçısı olduğuna görə bolşeviklərin vaxtilə onlara verdiyi dəstəyi xalqa xatırladırdı. Amma hər zamanın ayrı hökmü var, İnönü keçmişin dostluğuna görə deyil, gələcəyin təhlükəsi səbəbindən bu çıxışı etmişdi. Artıq almanları məğlub edən Stalin müharibə bitdiyi zaman Türkiyədən də güzəştlər tələb edəcəkdi. Bu baxımdan İnönü ölkə daxilində SSRİ ilə mübarizə aparan Turançı qüvvələrə qarşı sərt addımlar həyata keçirməyə məcbur olur.

Məsələ burasındadır ki, SSRİ-yə qarşı mübarizə aparan Azərbaycan siyasi mühacirətinin fikirlərinin dərc edildiyi, dəstəkləndiyi nəşrlər də məhz Turançıların idi. “Gök Börü”, “Çınaraltı” və sair dərgilərdə Azərbaycanın azadlığı, Cümhuriyyətimizin tarixi ilə bağlı silsilə yazılar gedirdi.

Bu dərgilərin gizli sponsoru isə bir zamanlar Bakının xilaskarı olmuş Nuru Killigil (Nuru Paşa) idi.

Artıq 1944-cü ilin may və iyun aylarında Turançılara qarşı əməliyyatlar başlanır. Türkiyənin məşhur türkçüləri həbs edilir.Türkçülərin həbs edildiyi ərəfədə SSRİ-yə bağlı olan qüvvələr də fəallaşmağa başlayır. Hadisələri körükləyən “Ən böyük təhlükə” adlı broşür yayımlanır.

Faris Ərkman imzası ilə dərc edilən bu kitabça az sonra Moskvada “Pravda” qəzetində rus dilində çap olunur. Məlum olur ki, broşürün hazırlanmasına dəstək verənlər SSRİ-yə yaxınlığı ilə tanınan türk kommunistlər Zəkəriyyə Sərtəl və həyat yoldaşı Sabiha Sərtəl (məzarı Bakıda Fəxri Xiyabandadır) olub.

Broşürdə Turançıların faşist Almaniyasının təbliğatına alət olduqları, pantürkist fikirlərin Almaniya tərəfindən Türkiyəyə idxal edildiyi yazılır.

Müəllif daha sonra Azərbaycanla da bağlı konkret adlar çəkir:

“Türkçülük axını böyük bir Türk imperatorluğu qurulacaq vədiylə Türk millətini xarici tələblərə alət olaraq istifadə etməkdən başqa məqsəd güdməməkdədir. Türkiyədəki aşırı sağçı axınların aktorları olan Zəki Vəlidi, Ayaz İshaqi, Məhərrəm Feyzi Toqay, Rəsulzadə, Əhməd Cəfəroğlu kimi şəxslər öz xalqları tərəfindən yurdlarından qovulub atılmış, uzun illər Almaniyada yaşamış şəxslərdir...”

Göründüyü kimi, mətnin mövzusu, adıçəkilən şəxslərin uzun illərdir bolşeviklərlə mübarizə aparan liderlər olması broşürün Moskvaya bağlı şəxlər tərəfindən hazırlandığını göstərir. Mətnin Rusiyada da çapı bununla bağlıdır.

Halbuki nə Zəki Vəlidi Toğan, nə Məhəmmədəmin Rəsulzadə öz xalqı tərəfindən qovulmuşdular, onlar ruslar tərəfindən vətənləri işğal edildikdən sonra mühacirətə üz tutan, orada mübarizə aparan siyasilər idi. Rəsulzadə isə almanlar qarşısında açıq şərt qoymuşdu ki, Azərbaycana müstəqillik verildiyi təqdirdə əməkdaşlıq ediləcək. Nəticədə almanların vədinin boş olduğunu görən Rəsulzadə bu ölkəni tərk etmişdi.

1944-cü il hadisələri türk tarixində acınacaqlı hadisələrlə yadda qaldı. Məşhur Boraltan hadisəsinə də bu konteksdə baxmaq lazımdır. Rusiya Türkiyə hökumətinin ona mülayim siyasət yürütməsinə baxmayaraq, ölkə içərisindəki Turançı hərəkatların güclənməsinə əsla yol vermək istəmirdi. Çünki Turançılıq idealının həyata keçəcəyi ərazilərin böyük bir qismi rusların işğalı altında idi...

 






Fikirlər