ABŞ və Türkiyə arasında “HOCA BÖHRANI”: qarşıdurma təhlükəli situasiya yaradıb
ABŞ-ın embarqosu var. Əlində təsbeh kimi fırladır. Kimə gəldi, yelləyir, vurur. Və bir çox dövlətləri özündən incik salır. Məsələn, Almaniya, Şimali Koreya, Çin, İran, Türkiyə və s. önəmli dünya dövlətləri ABŞ-ın “embarqo təsbehinin muncuqları” sırasında yer alır. Belə anlaşılır ki, Ağ Ev üçün dost, müttəfiq və s. bu kimi faktorlar qətiyyən əhəmiyyət daşımır. ABŞ-ın beynəlxalq maraqları var və kim o maraqlara uymasa, problem yaratsa, dərhal “embarqo təsbehinin muncuqları”nın sırasına əlavə olunur. Məsələnin daha bir maraqlı tərəfi var. Ağ Ev ABŞ-dan başqa heç bir dövlətin maraqlarına, mənafelərinə əhəmiyyət vermir. Hər hansı qərar qəbul edərkən hansısa dövlətin mənafelərini tapdalaya biləcəyini qətiyyən önəmsəmir. Bu barədə hətta düşünməyə belə, zaman xərcləmir. Sadəcə, öz qərarını verir, atacağı addımı atır, digər dünya dövlətlərindən də həmin qərara və addımlara uyulmasını tələb edir. ABŞ-ın daha bir qəribə vərdişi də var. Ağ Ev hər hansı bir dövlətdən nəsə istəyəndə vermək istəyib-istəmədiyini də soruşmur. Sadəcə, istəyir... Ağ Evin istədiyi verilsə, həmin dövlətə növbəti istəyinə qədər toxunmur. Amma gələcək perspektivdə tələblər artır, üstəlik, aşağılayıcı məzmun alır.
ABŞ-ın istəyi geri çevrildiyi təqdirdəsə, buna cəsarət edən dövlət “hədəf taxtası”na çıxarılır, siyasi-iqtisadi hücumlara məruz qalır. Və bu hücum prosesi hədəf dövlətin diz çökdürülməsinə qədər davam etdirilir. Yəni ABŞ hazırda beynəlxalq siyasət məkanında “vor zakon” rolunu oynayır. Hər kəsdən istədiyini almağa çalışır, “racon kəsir”, heç kimə də heç nə vermir. Bu isə dünyada qlobal narazılıq və gərginlik yaradır. Hər hansı dövlətin dost və ya müttəfiq statusu isə ABŞ üçün anlıq dəyişən amildir. Dünən dost, müttəfiq olan dövlət bu gün çox asanlıqla düşmənə çevrilib, hədəfə alına bilər. Düşmənsə, ABŞ-ın maraqlarına həssas yanaşmaqla dərhal dost və müttəfiqlərin sırasına qatılmaq şansına sahibdir. Bütün bunlar ABŞ-Türkiyə münasibətlərində də özünü qabarıq şəkildə göstərir. Bu iki dövlət onilliklər ərzində strateji müttəfiq olmalarıyla fəxr ediblər. Təbii ki, bu fəxarətin əsas qaynağı rəsmi Ankaranın həmişə ABŞ-ın maraqlarına həssas yanaşmasına bağlı olub. Ancaq son illərdə bu iki dövlətin strateji müttəfiqliyində çox ciddi məzmun və keyfiyyət dəyişikliyi olub. Belə ki, Türkiyə güclənib, beynəlxalq siyasi iradə mərkəzlərindən birinə çevrilmək iddiasını qabardıb. Təbii ki, ABŞ-ın maraqlarına da əvvəlki kimi həssas deyil. Ən azından, rəsmi Ankara son illərdə Türkiyənin dövlət mənafelərini ABŞ-ın beynəlxalq maraqlarından daha ön planda tutmağa başlayıb.
Nəticədə ortalıqda nə dostluq qalıb, nə də strateji müttəfiqlik... Əvəzindəsə, hələlik beynəlxalq rəqabət görüntüsü daşıyan səhnəarxası düşmənçilik ön plana keçməyə başlayıb. Hətta Ağ Ev rəsmi Ankaraya qəzəbli olduğunu da gizlətmir. Çünki Türkiyə artıq Ağ Evdən gələn ənənəvi təlimatlara əhəmiyyət vermir, öz maraqlarını reallaşdırmağa çalışır. Türkiyə ABŞ-ın embarqolarına məruz qalan Rusiya, Çin və İranla tərəfdaşlığı davam etdirir. Bu səbəbdən də qəzəbli Ağ Ev Türkiyəni cəzalandırmağa çalışır. Əvvəlcə 15 iyul çevrilişinə cəhd göstərildi. Hər halda, Türkiyənin rəsmi dairələri 15 iyul dövlət çevrilişinə cəhdin lideri Pensilvaniyada olan FETÖ tərəfindən törədildiyinin sübuta yetirildiyini iddia edirlər. Və rəsmi Ankara FETÖ liderinin (“hoca”nın) Türkiyəyə təhvil verilməsini Ağ Evdən israrla tələb edir. Ancaq təbii ki, Ağ Ev Türkiyənin bu tələbini yerinə yetirmək niyyətində olmadığını qətiyyən gizlətmir. Nəticədə keçmiş müttəfiqlər və yeni rəqiblər arasındakı münasibətlər maksimum həddə qədər gərginləşib.
Üstəlik, ABŞ-ın da Türkiyədən analoji tələbi var. Belə ki, Ağ Ev də rəsmi Ankaradan öz “hoca”sını (rahibini) tələb edir. Türkiyə xüsusi xidmət servisləri 15 iyul dövlət çevrilişinə cəhddən bir müddət sonra İzmirdəki Yevangelist kilsəsinin rahibi Bronsonu həbs ediblər. Ona qarşı Türkiyəyə qarşı casusluq və 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmək ittihamı irəli sürülüb. Və rəsmi Ankara amerikalı “hoca”nı məhkəmə qarşısına çıxartmaq niyyətini qətiyyən gizlətmir. Amma rəsmi Ankara amerikalı “hoca”nı ABŞ-a təhvil verməklə bağlı tələblərə də qapılarını tam qapatmır. Əksinə, bu tələbin yerinə yetirilməsi üçün öz şərtini irəli sürür. Belə ki, rəsmi Ankaranın ABŞ-ın tələbinə reaksiyası çox sadədir: “Ver ”hoca"nı, al “hoca”nı (rahibi)..." Halbuki Ağ Ev bu variantı yaxına belə buraxmaq istəmir. Belə ki, ABŞ-ın tələbi konkretdir və heç bir şərt qəbul etmir: “Sizinki bizdə qalacaq, bizimkini isə dərhal təhvil verin”. Təbii ki, rəsmi Ankara Ağ Evin bu mövqeyini yaxına buraxmır. Öz şərti yerinə yetirilməyincə, Ağ Evin tələbinin də cavabsız qalacağını qabardır.
Nəticə isə göz qabağındadır. ABŞ və Türkiyə arasında “hoca böhranı” yaşanır. Ağ Ev artıq Türkiyəyə qarşı ciddi embarqolar tətbiq etməyə başlayıb. Hələlik bu embarqoların rəsmi hissəsi Türkiyə hökumətinin 2 nazirini hədəfə alıb. Eyni zamanda rəsmi Ankaranın Rusiyadan S-400 raketləri almaq qərarı bəhanə gətirilərək, Türkiyəyə F-32 döyüş təyyarələrinin satışına veto qoyulub. Ancaq qeyri-rəsmi embarqolar da var. Və bu embarqolar əsasən Türkiyə iqtisadiyyatını hədəfə alıb. Yəni Ağ Ev Türkiyəyə qarşı qeyri-rəsmi olaraq, iqtisadi savaş açıb. Türkiyənin iqtisadi cəhətdən çıxılmaz vəziyyətə salınmasına cəhd göstərilir. Hələlik geri çəkilməyərək, inadkar mövqe nümayiş etdirən Ərdoğan hakimiyyətinin cavab reaksiyasının necə olacağı isə böyük maraq doğurur. Yəqin ki, yaxın günlərdə bu qarşıdurma ilə bağlı bir çox məqamlar aydınlaşmağa başlayacaq.