Deputatlar bir-birlərini agentlikdə suçladılar - QALMAQAL
“Qərbdə bəzi dairələr uzun müddətdir Azərbaycan xalqında xof yaratmaq üçün külli miqdarda vəsait ayırırlar. Bu qorxunun yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğaldan azad etməsin. Bu o deməkdir ki, “bax müharibə etsəniz, sizi daha dəhşətli vəziyyət gözləyə bilər, əlavə torpaqlarınız işğal oluna bilər”". Modern.az-ın məlumatına görə, bunu deputat Araz Əlizadə parlamentdə həmkarı Qüdrət Həsənquliyevin çıxışına cavab olaraq deyib. Onun sözlərinə görə, Q. Həsənquliyev əvvəllər də belə mövqe sərgiləyib. “Hələ prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi debatlarımızda o, belə fikirlər səsləndirirdi və mən bunu bir seçkiqabağı təbliğat metodu kimi qəbul edirdim. Lakin Həsənquliyevin bu gün də Azərbaycan xalqında qorxu yaratması istiqamətində səsləndirdiyi fikir onun bir mövqeyinə çevrilib. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə torpaqlarımız hərbi yolla işğaldan azad olunacaq. Azərbaycanın müzəffər ordusu var. Digər tərəfdən, BMT və beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verir” - A.Əlizadə vurğulayıb. Deputat deyib ki, Ermənistan işğalçılıqdan əl çəkməzsə, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik: “Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Həsənquliyev Azərbaycan xalqında qorxu yaradaraq, Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatların qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”-Əlizadə deyib. Buna reaksiya cavab verən spiker Oqtay Əsədov deyib ki, heç kim burada ruh düşkünlüyü yaratmır. “Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz. Mən bu söhbətləri xırdalamaq istəmirəm. Belə məsələləri qabartmaq istəmirəm. Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”. Qüdrət Həsənquliyev isə cavab olaraq bildirib ki, Araz Əlizadəyə bu yolla keçmişini unutdurmaq istəyir. “Arazı qıcıqlandıran guya, mənim xalqda ruh düşkünlüyü yaratmaq barədə səsləndirdiyim fikirlər deyil. Onu qıcıqlandıran Azərbaycan-Türkiyə arasında yaranan hərbi ittifaqdır, o, bunu 15 sentyabrdakı hərbi parada mövqeyini açıqlayarkən də ortaya qoyub. Əslində Araz Əlizadə bu yolla keçmişini unutdurmaq istəyir. Lakin o, keçmişinin üstündən xətt çəkə bilməz. Biz onun kim və hansı qüvvələrə bağlı olduğunu bilirik. Bu hamı bilir”.