“Bəzi DEPUTATLAR Azərbaycanın müstəqilliyinə SƏS VERMƏDİLƏR” - “İSTİQLALÇI DEPUTAT
“Azərbaycan ilk dəfə müstəqilliyini 1918-ci ilin mayın 28-də elan edib. Amma bu müstəqilliyin ömrü çox da uzun çəkməyib. Azərbaycan cəmi 23 ay müstəqil dövlət kimi fəaliyyət göstərib. Nəhayət 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı. Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci ildə martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirilmişdi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”. "AzerTaym.az" bildirir ki,bunu Modern.az-a açıqlamasında Milli Məclisin “İstiqlalçı deputat”ı Vahid Əhmədov deyib. O, bildirib ki, o zamanki ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub. “Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı”. Deputat xatırlayır ki, müstəqil Azərbaycan elan olunadan sonra ən ciddi problem müstəqilliyimizi beynəlxalq arenada tanıtmaq ilə əlaqədar idi: “Biz qorxurduq ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ola bilsin bu müstəqilliyi xarici dövlətlər tanımasın. İlk olaraq bizi Türkiyə tanıdı. Daha sonra isə Pakistan, Rumıniya Azərbaycanı tanıdı. Bu hissələri ifadə etmək mənim üçün çətindir. Bu tamam fərqli bir hissdir. Yadıma gəlir o vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, Fərrux Zeynalov, Tofiq Bağırov və digərləri xarici işlər nazirinin müavini ilə birgə müstəqiliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana çatdıq. Qeyd edim ki, bütün xərci Türkiyə çəkmişdi. Pakistanın o zamankı baş naziri Nəvaz Şərif Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi və rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyinin tanıdıqlarını elan etdilər. Qrupumuz hədsiz sevinc içində idi. Sevincimizdən yerə-göyə sığmırdıq”. V.Əhmədov deyib ki, Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. “Müstəqillik elan etdikdən sonra ölkəmiz üçün ən vacib məsələ bu müstəqilliyin qorunub saxlanmasıdır. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Hesab edirəm ki, bu problemin də həlli yalnız gücdən keçir”. Deputat qeyd edib ki, Müstəqillik Aktına imza atan, SSRİ-nin saxlanmasının əleyhinə səs verən şəxslər hələ ki, öz haqlarını almayıblar. “Hesab edirəm ki, həmin şəxslərə xüsusi təqaüdlər təyin olunmalıdır. Daim dövlətin diqqət mərkəzində olmalıdırlar. Çox istərdim ki onlara layiq olduqları qiymət verilsin. Bu, həm dövlət, həm də cəmiyyət tərəfindən verilməlidir. Bilrisiniz, bu adamlar həyatlarını tam təhlükə altına ataraq SSRİ-yə qarşı çıxmışdılar. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı ciddi addım atmaq lazımdır”. Deputat Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.