“Paşinyan ZƏNG VURDU, dedim ki, HEÇ VAXT SƏNİ...” - LUKAŞENKO

Belarus Prezidenti Aleksandr Lukaşenko tən gün Minskdə rusiyalı jurnalistlərlə görüşündə KTMT baş katibi məsələsi ətrafında Ermənistan baş naziri ilə blokun digər üzvləri arasında yaşanan mübahisədən ətraflı danışıb. Virtualaz.org xəbər verir ki, Belarus rəsmi qaynaqları Lukaşenkonun çıxışının stenoqramını dərc ediblər.

Stenoqramdan məlum olur ki, Lukaşenko Ermənistan baş naziri Nikol Paşinyanı bu qalmaqalın səbəbkarı adlandırıb. Və onun Qazaxıstan prezidenti Nursultan Nazarbayevə qarşı kəskin reaksiyasını da pisləyib.

“Nəyə görə Paşinyan qalan beş prezidentlə razılaşmır? Axı bu sıyığı qarışdıran o özüdür. Axı beynəlxalq statuslu məmuru həbs etmək (Yuri Xaçaturovu) nəyə lazım idi? Xaçaturov həbs ediləndə və bu sıyıq qarışanda həmin gün, ya ertəsi gün Paşinyan mənə zəng vurdu. Və söhbət belə tamamlandı. Mən deyirəm: “Nikol, mən bilirəm ki, sən demokratik adamsan. Demokratik adam olduğun üçün mən fikirləşmirəm ki, adamı siyasi motivlərlə həbs etmək barədə komanda verəsən. O isə mənə deyir: “Aleksandr Qriqoryeviç, siz ki məni bu planda dəstəkləyirsiniz, o korrupsinerdir, düşməndir, adamlara atəş açıb və s. “ Mən deyirəm: “Nikol, mən hökmən səni dəstəkləyərəm, çünki belə metodları qəbul etmirəm. Əgər Xaçaturov haqda deyilənlər düzdürsə. Yox, əgər sən adamı siyasi motivlə həbs etməyə komanda vermisənsə, Allah eləməsin, mən heç vaxt səni dəstəkləmərəm”. Bax mənim cavabım belə olub. Problemi yaradan biz deyilik, odur” - Lukaşenko bildirib.

Belarus prezidenti deyib ki, KTMT-nin Astanadakı sammitində bu mövzu ətrafında müzakirələr olub. KTMT baş katibi postunun Belarus nümayəndəsinə keçməsi məsələsini hamı dəstəkləyib.

“Guya mən buna can atmışam ki, öz adamımı ora təyin edim. Qətiyyən yox. Nazarbayev təklif edib, sonra Putin və qalanları dəstəkləyib. Onda biz dedik ki, yaxşı, olsun. Onsuz da bir il sonra nizamnaməyə görə biz öz adamımızı irəli sürməliydik. Yaxşı, qoy olsun. Amma bu uğultu başladı. Məsələ xoşagəlməz formada mətbuata çıxdı. Sonra Nazarbayev Astanada sammitdən sonra müsahibə verməyə getdi. Ondan soruşurlar: “Növbəti baş katib kim olacaq?” O isə deyir: “Belarus olacaq, biz bu barədə razılaşdıq”. Və Nikol Nazarbayevə kəskin reaksiya verir. Bura bax, o ki patriarxdır. Sən ki, səliqəli, şərq adamısan. Nursultana hamı hörmət edir. Bu biabırçılıqdır ki, biz KTMT-yə rəhbər seçə bilmirik”-Lukaşenko deyib.

 






Fikirlər