"Ana və Uşaq Ölümünün 3 saylı ünvanı!"
Az öncə uğurla başa çatdırdığımız möhtəşəmliyi ilə yadda qalan I Avropa Oyunları Azərbaycan dövlətinin iqtisadi qüdrətini, Azərbaycan xalqının mədəniyyətini dünyaya göstərməklə yanaşı, həm də ölkəmizdə insan sağlamlığının rəhni olan idmana qayğılı müasibəti ortaya qoydu. Bütün bunlar həm də onunçündür ki, bizə qarşı ikili standart sərgiləyən imperializm Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməyə, daha sonra dünyadan təcrid etməyə, nəhayətdə isə İraqın, Əfqanıstanın, Liviyanın gününə salmağa bəhanə tapmasın. Amma çox təəssüflər olsun ki, cəmiyyətimizin həyatının bir çox sahələrini, o cümlədən, səhiyyəmizi bürümüş korrupsiya bəxahlarımıza belə bəhanəni verir.
BMT-nin Əhali Fondunun hər il açıqladığı "Dünya əhalisinin durumu" adlı hesabatda planet əhalisinin əsas inkişaf tendensiyalarını əhatə edən insanların sağlamlığı, təhsili, ömür uzunluğu və həyat keyfiyyətinə birbaşa təsir edən cəhətlər əks olunur. Hesabatda dünya ölkələrində ana və uşaq ölümü hallarına da ətraflı nəzər salınır. Sənədə görə, Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. Hesabata görə, Azərbaycanda hər 1000 doğuşdan 42-si 15-19 yaşlı ananın payına düşür. Ölkədə doğuşların 88 faizi peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12 faiz ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir.
Açıqlanan rəqəmlər mövcud təhlükəni göstərir. Təsəvvür edin ki, BMT əldə olan faktlara əsasən bu cür rəqəmlər açıqlayır. Özləri də bildirirlər ki, 12 faiz doğuş ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir. Deməli, qeydiyyata düşməyən hallar da var. O qədər belə hallar baş verir ki, ana evdə doğuş həyata keçirir, bundan nə sahə həkimi, nə ərazi üzrə poliklinika, nə də qadın məsləhətxanası xəbər tutur. Körpə, Allah eləməmiş, vəfat edəndə də bunu heç kim açıb-ağartmır. Hələ bu rəqəmlər hesabata daxil olmur. Hesabata daxil olsa, göstəricilər daha yüksək olar.
BMT-nin ana, uşaq ölümü ilə bağlı hesabatı cəmiyyətimizdəki bir sıra problemləri üzə çıxarır. Ana və uşaq ölümünün bir səbəbi də Azərbaycanda səhiyyənin pullu olmasıdır. Etiraf edək ki, müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil. Nəinki hamiləlik dövründə, hər zaman mütəxəssislər məsləhət görür ki, nikaha daxil olmamışdan öncə həkim müayinəsindən keçmək lazımdır. Xüsusən də indiki dövrdə bu vacib bir xarakter alıb. Amma bilirik ki, bizim əhali belə məsələlərdə səhlənkardır, analar qızlarına "arxayın"dır, oğlanlar da özlərinə. Hamiləlik dövründə də daim həkim nəzarətində olmaq lazımdır. Hamiləlik dövründə qadın bir neçə dəfə müayinə olunmalı, analizlər verməli, vəziyyətinə uyğun davranmalıdır. 1 dəfə müayinədən keçmək isə azı 500-600 manata başa gəlir. Hamımız bilirik ki, bu dəqiqə özəl klinikalarda hansı qiymətlərdir, adicə qadın məsləhətxanasında qeydiyyata düşmək üçün də gərək pul verəsən. Guya pulsuz olan dövlət səhiyyə müəssisələrində rüşvətxorluq tüğyan edir. Təbii ki, kasıb, imkansız ailə bu çətinliklərlə bacarmır. Ona görə də hamiləliyin sonu bədbəxtliklə nəticələnir
Bərbad gündə olan dövlət səhiyyə müəssisələrindən biri də paytaxtın Suraxanı rayonundakı 3 saylı Döğum Evidir.
Ana və uşaq ölümü faciəsinin tez-tez baş verdiyi bu müəssisənin baş həkimi Nəzakət Həsənova burada əməlli-başlı bazar açıb. Nəzakət xanım YAP fəalı olduğundan, reputasiyasını qorumaq üçün şöbə müdiri Nazilə Abdullayevanı qabağa verir. Öz ərəbzəngilik missiyasının öhdəsindən layiqincə gələn,eyni zamanda buranın "giriş-çıxışının" onluq olduğunu deyən Abdullayeva doğum evində baş verən faciələrlə bağlı suallara da “aydınlıq” gətirir. Məsələn, keçən iin iyununda 33 yaşlı gənc ana Aynurə Vəliyevanın körpəsi ilə birgə doğuşdan az sonra ölməsinə açıqlama verərkən səbəbi emboliya ilə əlaqələndirdi. Daha əvvəl Aytən Abdullayeva körpəsini itirəndə isə Nazilə səbəbi çiftdə yaranmış problem”lə izah etdi. Əfsuslar olsun ki, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları baş verənləri araşdırmadılar, səhlənkar, rüşvətxor həkimlər cəzasız qaldılar.
3 saylı Doğum Evində həkimdən tutmuş tibb bacısına kimi hamı xəstə yiyəsinin ciblərini güdür.
Bu pulsuz tibb müəssisəsində pulu olmayan pasient ölümə məhkumdur. Doğum Evinin həndəvərində apardığımız sorğu zamanı qapı ağzında duraraq doğuşa gətirdiyi qohumunun heç də az ağrı çəkməyən Hüseyn adlı şəxs hələlik 300 manat xərc çəkdiyini dilə gətirdi. Əhməd adı ilə təqdim olunan digəri isə həyat yoldaşının oğlan uşağı dünyaya gətirdiyi üçün daha çox xərcə düşdüyünü söylədi.
Doğum Evində müşahidə etdiyimiz bu və digər neqativ hallarla bağlı sorulara cavab tapmaq məqsədilə baş həkimlə danışmaq cəhdimiz baş tutmadı. Özünü qabağa verən N. Abdullayevaın isə jurnalistlərə qarşı dözümsüz olduğu aşkar duyulurdu.Nəzakət Həsənovanın hamıdan gizdənməsinin səbəbini heç cürə öyrənə bilmədik. Əgər səhiyyəmizin başbilənləri – Səhiyyə Nazirliyinin, Bakı Baş Səhiyyə İdarəsinin mənsubları qeyd etdiklərimizə şübhə ilə yanaşırlarsa, bizimlə birgə reyd keçirmələri kifayət edər ki, həqiqəti öz gözləri ilə görsünlər. Ya görmək istəmirlər, ya da Nəzakət Həsənovanın arxasında duran havadarları nazirllikdən də güclüdürlər.Adının çəkilməsini istəməyən daha bir şəxs isə ona təyin olunmuş dərmanların alındıqdan sonra karobkasının həkim tərəfindən yığıldığını bildirdi.Yəqinki yaxın günlərdə havadarların adlarını növbəti yazılarımızda qeyd edəcəyik.
Onu da qeyd edək ki, doğuş zamanı ananın uşağını itirməsi qadında psixoloji travma yaradır.
Sonradan bu qadınlar ikinci dəfə ana olmağa qorxur, elə bilirlər, yenə həmin problemlə üzləşəcəklər. Bu vəziyyət ailə daxilində də gərginlik yaradır. Bəzən hətta boşanmalarla nəticələnir. Ona görə də səhiyyədə hamilə qadınlara xüsusi güzəştlərin tətbiq edilməsi, müayinə haqlarının əl çatan səviyyədə təyin edilməsi, ana və körpəyə qayğı ailələrin qorunmasının əsas şərtlərindən biridir.
(Media TV.az)