"YENİDƏN EKRANLARA QAYIDA BİLƏRƏM; 3 qardaşımı XƏRÇƏNG "apardı" - VİDEO

Onun haqqında "yaşı olmayan qadın” deyirlər. İllərə meydan oxuyur. Uzun illər Azərbaycan Televiziyasında diktor, aparıcı və jurnalist kimi fəaliyyət göstərən əməkdar artist Nailə İslamzadə artıq 12 ildir AzTV-dən uzaqlaşmasına baxmayaraq, bu gün də bu televiziyanın siması kimi sevilir. Nailə İslamzadə televiziyada işlədiyi müddətdə "Xəbərlər” proqramının əsas aparıcılarından biri, rəsmi tədbirlərin, verilişlərin, on il ərzində isə tamaşaçıların bu gün də xatırladığı məşhur "Ailələr, talelər verilişinin müəllifi və aparıcısı olub. İllər onu televiziyadan uzaqlaşdırsa da, gözəlliyindən zərrə ala bilməyib. Bunu sirrini isə Nailə İslamzadə Medicina.az-la bölüşüb.
"Məşhurların menyusu”nda növbəti qonaq əməkdar artist Nailə İslamzadədir.  
- Nailə xanım, sizi efirdə necə görmüşüksə, indi də eləsiniz. Bunun sirri nədədir? Formanızı qoruyub saxlamaq üçün xüsusi reseptiniz var? 
- Əvvəla, gərək insanın ruhu sağlam olsun. Amma deyirlər, sağlam bədəndə sağlam ruh olar. Mənə elə gəlir ki, hər ikisi bir-birinə bağlıdır, ayırmaq olmaz. Mənim zərərli alışqanlıqlarım yoxdur. Məsələn, siqaret çəkmirəm. Qazlı, şirin sulardan istifadə etmirəm, çünki sağlamlığa zərərdir. Hər səhər yuxudan duranda zəncəfilli limonlu su içirəm. Sonra da bir stəkan sadə su. Ondan sonra yeməyimi yeyirəm. Çox yağlı yeməkləri sevmirəm. Kolbasa və sosis məmulatlarından heç istifadə etmirəm. Ona görə yox ki, zərərlidir. Sadəcə, sevmirəm. Mən istəsəm də yağlı ət yeyə bilmərəm, istəsəm də kolbasa, sosis dada bilmərəm. İçki içmirəm, amma qırmızı şərabı çox sevirdim vaxtilə. Çünki uşaq vaxtından evimizdə - biz Balakəndə yaşayırdıq - rəhmətlik qardaşımın xəstələri Gürcüstandan gəlib, həyətimizdəki gözəl qoxulu üzümdən şərab düzəldirdilər. Ona görə qırmızı şərabı çox sevirdim. Fransız, italyan şərablarını, bizim evdə düzələn şərabları... Amma 10 ildir namaz qıldığım üçün şərab içmirəm.
 
- Özünüzə yasaqladığınız daha nələr var qida rasionunuzda?
- Məndə şübhə yaradan şirniyyatdan heç vaxt istifadə etmərəm. Dadı yaxşı olsa, o zaman bir qədər dada bilərəm. Əsasən, evdə hazırlanan şirniyyatlara üstünlük verirəm. Ümumiyyətlə, mən kənarda çox yemirəm. Evdə yeməyə üstünlük verirəm. Bizim rayonda gürzəni çox gözəl bişirirlər. Evdə özüm hər cür yemək hazırlayıram. Xəmir xörəklərini, əsasən də gürzəni yaxşı hazırlayıram. Sevdiyim hər şeydən istifadə edirəm, ancaq qədərində. Hər şeyin çoxu ziyandır. Amma az-az olarsa, ziyan etməz. Şəkər tozundan çox az istifadə etməyə çalışıram. Çox dadlı olarsa, ürəyim çəkərsə, şirniyyat yeyirəm. Ümumiyyətlə, şirniyə qarşı mənim o qədər zəifliyim yoxdur. Allah məni elə yaradıb ki, zərərli şeyləri ürəyim istəmir. 
Səhərlər yumurta yeyirəm, yağ da ola bilər. Amma yağ gərək keyfiyyətli olsun. Bir özəlliyim də var ki, mən bir şeydən çox yeyə bilmirəm. İnsan gərək özünü öyrətsin ki, hər şeydən, amma az-az yesin. Mənim çəkim son 30 ildir ki, 70-74 arası dəyişir. Boyum 170-dir. Amma daha hündür görünürəm.
 
- Bəziləri sağlamlıq reseptlərini nənələrindən-babalarından alır. Bəs siz yaşlı nəsildən hansısa tövsiyələr almısınız? 
- Mənim anam kolbasa məhsullarından istifadə etmir. İbadət edən qadın olub. Bəlkə də ondan müəyyən şeylər mənə keçib. Amma nənədən-babadan qalan xüsusi bir resept yoxdur. 
Özümün istifadə etdiyim bir resepti sizinlə də bölüşə bilərəm: 
Hər axşam bir stəkan suya 1 çay qaşığı darçın və yarım çay qaşığı bal qarışdırıb, yarısını axşam, yarısını da səhər içmək yaxşıdır.
 
- Bəs hansı idman növləri ilə məşğul olursunuz? 
- Mənim əsas idmanım yeriməkdir. Hələ Bulvarın köhnə vaxtlarından hər gün 5-6 kilometr piyada gəzirdim. Bu, mənə ruh verirdi. Mən yeriməsəm, elə bil, nəsə çatmırdı. Son 3 ildi ailə vəziyyətimlə bağlı çıxa bilmədim, işin gərginliyi ilə əlaqədar alınmadı. Evdə qaçış trenajorundan istifadə etməyə başladım. Amma istəyirəm, Bulvar yürüşlərini yenə bərpa edim. 
Evdə qantellərdən istifadə edirəm. Lentlərim, müəyyən xırda alətlərim var. Bununla yanaşı, tennislə, üzgüçülüklə də məşğul olmuşam. 
 
- İdmanla nə vaxtdan məşğul olursunuz? 
- 2007-ci ildən. Həmin ilə qədər mən heç bir idman növü ilə məşğul olmamışam. Düzünü desəm, formada qalmaq o qədər də asan deyil. Gərək həmişə baxımlı olasan. Bu, mənim həyat tərzimə çevrilib. Çünki mən formada olmasam, küçəyə çıxa bilmərəm. Forma nəyə deyilir? Mən həmişə beləyəm. İstəsəm də, istəməsəm də mənim formam budur. Özümü başqa cür təsəvvür də etmirəm. Bu kosmetikanın çoxluğundan deyil. Mən adətən kosmetikadan çox istifadə eləmirəm. Sadəcə, səliqəliyəm və sağlam qidalanıram. 
 
- Gənc xanımlara sizin kimi gənc və gözəl qalmaq üçün nə tövsiyə edərdiniz? 
- Təbii ki, insan ilk növbədə özünü sevməlidir, özündən razı qalmalıdır ki, başqaları da ondan razı qalsın. Amma bu sevgi təkəbbür anlamına gəlməsin. Təkəbbürlü olmaq başqa şeydir, özünü sevmək başqa. Hər bir qadın baxımlı olmalıdır. İlk növbədə 30-35 yaşından sonra təbii ki, üzdə olan kollagenlər, elastinlər azalır və bunların yerini doldurmaq lazımdır. Ancaq aşırı istifadə hamını bir-birinə oxşadır. Bu səbəbdən son zamanlar hamı bir-birinə bənzədir. Görürsən üz, dodaq, qaş, göz hamıda eynidir. İndividuallığı saxlamaq üçün bəzəkli tatuajdan-filan az istifadə etmək lazımdır. Özüm də edirəm və hər bir qadına da tövsiyə edirəm ki, qış vaxtında pilinqlərdən istifadə etsinlər və üzü nəmləndirsinlər. 
 
 
- Xanımlarla bölüşmək istədiyiniz xüsusi bir maska resepti varmı?
- İstifadə etdiyim xüsusi maska yoxdur. Amma bir sıra maskalar var ki, onlardan mütəmadi istifadə etmək olar. Xanımlar hər il pilinqdən və digər kosmetoloji prosedurlardan istifadə etsinlər. Kremlər müvəqqəti effekt verir. Amma kosmetoloji prosedurlar daimidir. İnsanın gənc qalması kosmetoloji vasitələrdən əlavə, onun sürdüyü  həyat tərzindən, düşüncələrindən, pozitivliyindən, başqalarına bəslədiyi münasibətdən, daxili aləmindən  də asılıdır. İnsan gərək ürəyində kin saxlamasın. Şükür, Allah elə yaradıb ki, məndə paxıllıq hissi heç yoxdur. Mən indiyə qədər heç bir qadına paxıllıq etməmişəm. Bağışlamağı bacarmaq lazımdır. Ürəyini təmiz saxlamalısan. Bəzən elə düşünürlər ki, pis insana necə yaxşılıq etmək olar. Kimisə bağışlamasan, ilk növbədə özün üçün çətin olacaq. Hər kəsə özünün istədiyi kimi olmaq şansını vermək lazımdır. Heç kəsin düşündüyünə qadağa qoymaq olmaz. 
Gözəllik bütün bunların məcmusudur. İnsan paxıl olmayanda həyata baxışı dəyişir. Yaşamaq çox rahat olur. Bəziləri gözəl qadın görəndə üzlərini çevirirlər, paxıllıq edirlər. Bəzən də elə olur ki, qadın çox gözəl olur, amma üzündə elə bir ifadə var ki, insana xoş təsir bağışlamır. İnsanın hərəkətləri, gülüşü də əhəmiyyətlidir. Geyimi, özünü aparmağı, savadı, üzünün mimikası, hərəkətləri, tərzi, ən əsas savadı və dünyagörüşü onu gözəl göstərir. İnsanın, xüsusən də aparıcının gözlərində işıq olmalıdır. Bu işıq savaddan yaranır. O olmasa, gözlər key baxışlarla baxır və insanı özünə cəlb edə bilmir. Bunlar hamısı söylədiyiniz gözəllik anlayışının içindədir.
 
- Sizin haqqınızda "yaşı olmayan qadın” deyirlər. Bu ifadəyə necə yanaşırsınız? Sizcə, qadın yaşını gizlətməlidir, yoxsa o elə hər yaşda gözəldir? 
- Yaşı nə üçün gizlədək ki?! Kimsə əvvəl doğulub, kimsə sonra doğulur. Mən yaş gizlətmək məsələsinə çox pis baxıram. Amma gizlədənlərə də hörmət edirəm. Onlar da özlərini elə daha rahat hiss edirlər. Son 10-15 ildi sanki qadınların yaşı dəyişib. Əvvəllər qadınlar 50 yaşında nənə olardılar. Dikdaban ayaqqabı geyinməzdilər. Özünə qapanmış və konservativ olurdular. İndi nənə yaşı da çox cavanlaşıb. Eyni zamanda, bizim 50-55 yaşında qadınlar gözəl görünüşlər ilə dəb jurnallarının üz qabığını bəzəyirlər. O zamanlar 30 yaşdan yuxarı dünya ulduzları jurnala çəkilməzdilər. İndi isə sanki yaş cavanlaşıb. Tanınmış simalardan da yaşı olmayan qadınlar var. Bunlardan Flora Kərimovanın, Ajda Pekkanın adını çəkə bilərəm. Məni də onların sırasına qatırsınızsa, çox sağ olun. Ancaq mən "yaşı olmayan qadın” olmağa çalışmamışam. Bu həyat tərzi mənə uyğun gəlir. Özümü heç nəyə məcbur etmirəm. Mənim anam o qədər zəhmətkeş qadın olub ki... Onun indi 90-na yaxın yaşı var. Anamın üzü qırış-qırışdır. Ailədə 5 uşaq olmuşuq. Hamısı oxuyub, ali təhsil alıb, həyatda öz yerlərini tutublar. Mənim 3 qardaşım rəhmətə gedib. Biri Moskvada yaşayır, professordur. Bizim bütün zəhmətimiz anamızın üzərindədir. 4 qardaşımın, atamın və mənim zəhmətimi bu qadın çəkib. Özünə heç diqqət etməyib. Özünü oda-közə vuraraq övladlarını böyüdüb. Mən də çox zəhmətkeşəm. Evdə bütün işlərimi özüm görürəm. Oğlum başqasının bişirdiyi yeməyi yemir. Bunların hamısı hərəkətdir. Kalori sərfiyyatıdır.
- Nailə xanım, deyirlər, cavan qalmağın bir sirri də yuxu rejiminə düzgün riayət etməkdir. Sərin otaqda yatmaq və s. Siz nə dərəcədə riayət edirsiz bu qaydalara? 
- Mən soyuq otaqda yatmağı sevmirəm. İsti yeri sevirəm. Baxmayaraq ki, ən çox sevdiyim fəsillər payız və qışdır. Çalışıram, 6-7 saat yuxu rejiminə əməl edim. Amma çox vaxt alınmır. Gec yatıram. İndi elə zamandır ki, informasiya, iş çoxdur. Buna görə də yatmağa az vaxt ayırırıq. Amma yuxu insanın sağlamlığı üçün vacib amildir. Yatanda çalışıram ki, düz yatım. Böyrü üstə yatmamağa çalışıram. Buna artıq öyrəşmişəm. Belə olanda üzdə, boyunda qırışlar yaranmır. 
Əməliyyatsız uzun illər cavan qalmaq olar. Boyun və dekolte zonasının yaxşı qalması üçün qadınlara düz yatmağı məsləhət görərdim. 
 
- Səhhətinizlə bağlı hər hansı bir narahatlığınız var?
- Şükür olsun ki, yoxdur. Hamı kimi mənim də başım ağrıyır. Belimdə, boynumda arada ağrılar olur. Amma şükür, hər hansı bir ciddi xəstəliyim yoxdur. Dizimdə menisk yırtığı var, həkim dedi, bu, idmandandır. Son zamanlar idmanla az məşğul olmağımın bir səbəbi də budur. Ona görə, namaz qılanda da stulda oturub qılıram. Həkim icazə vermir ki, dizimi qatlayım.  Bu səbəbdən bir çox idman hərəkətləri var ki, artıq onları etmirəm.
 
- İnsanlar nə qədər sağlam olsalar da, vaxtaşırı müayinə olunmalıdırlar. Buna nə dərəcədə əməl edirsiniz?
- Mən bu məsələlərə qarşı çox diqqətliyəm. Axır vaxtlar diqqətli olmaq məcburiyyətindəyəm. Qardaşlarım onkoloji xəstəlikdən rəhmətə getdilər. Ondan əvvəl də səhhətimə diqqət göstərirdim. Heç olmasa, ildə bir dəfə mütləq analizlər vermək, ümumi müayinədən keçmək vacibdir. Heç nə eləməsən belə, qanın ümumi analizi mütləqdir. Çünki bədəndə bir problem olanda qan analizi ilə təyin etmək olur.  Moskvaya yolum düşəndə Moskvada, Türkiyəyə yolum düşəndə orada, amma əsasən Bakıda analiz verirəm. Bir dəfə Almaniyada analiz vermişəm. Bizim indi yaxşı laboratoriyalarımız var. Amma diqqətli olmaq lazımdır, çünki analizlər hər yerdə doğru çıxmır. Həkimi və laboratoriyanı doğru seçmək lazımdır.
- Nailə xanım bəs ruhunuzu formada saxlamaq, mənən qidalanmaq üçün nələr edirsiniz? 
- Kitab oxuyuram, musiqiyə qulaq asıram, son zamanlar isə elektron kitaba qulaq asıram. Mətbəxdə iş görə-görə onları dinləyirəm. Bundan əlavə məsləhət görərdim ki, afirmasiyalara qulaq assınlar. Bu, mənə çox kömək edir. Demək olar ki, hər səhər yuxudan oyananda dinləyirəm. Bir də mənə Quran çox kömək edir. Quranı səsli dinləyirəm. Bizim həyat tempimiz elədir ki, nəyəsə oturub baxmaq, qulaq asmaq imkanımız olmur. Quranı səsli dinləmək o qədər gözəl gəlir ki, yuxusu gəlməyən ona qulaq assın. Bütün bu vərdişlər mənim enerjimi yüksək saxlamağıma kömək edir. 
- İstirahətə vaxt ayıra bilirsinizmi? Sizin üçün ən gözəl isirahət nədir? 
- İstirahətə vaxt ayırmaq lazımdır. İnsan istirahət etməsə iş tempi də azalar. Səyahət etməyi çox sevirəm. Səyahət məni çox relaks edir. Tək qalmağı sevirəm. Tək qalanda heç vaxt darıxmıram. Bu da mənim üçün istirahətdir. Ruhuma qida verir. Bulvarda gəzmək də istirahətdir. Şeir əzbərləmək də mənim üçün istirahət hesab olunur. Mən diktor olarkən yaddaşım çox güclü idi. Bir dəfə də olsun, əlimdə kağızla səhnəyə çıxmamışam. İndi də istəmirəm ki, yaddaşım zəifləsin. Bilmək olmaz, bəlkə yenidən aparıcı olacam. 
Bunun üçün gərək beyin nə iləsə məşğul olsun. Son zamanlar pianino çalmağı öyrənirəm. İl yarm bundan əvvəl depressiyaya düşmək kimi bir vəziyyətim var idi. Özümü pis hiss edirdim. Başladım pianino çalmağı öyrənməyə. Əvvəllər heç çalmırdım. İncəsənət Universitetinin müəlliməsi vardı, ondan notlar götürdüm. Başladım, notlarla çalmağı öyrənməyə. Mən o notlarla musiqini yığarkən dünyada hər şeyi unudurdum. Bu Altsheymer xəstəliyi üçün də çox yaxşıdır. Gələcəkdə xəstələnməmək üçün bu cür məşğuliyyətlər faydalıdır. 
- Qadınlara nələri tövsiyə edərdiniz?
- Mən qadınlara kosmetologiyanın yeniliklərinin arxasınca qaçmamağı tövsiyə edirəm. İnsan olduğu kimi qocalmağı bacarmalıdır. Baxımlı olmaq başqadır, cavan görünməyi özünə dərd etmək başqadır. Ruhlarını qidalandırsınlar, sağlam həyat tərzi keçirsinlər. Əgər kimsə kökdürsə, kiminsə üz cizgiləri yerində deyilsə, onun dərdini çəkməsinlər, bunlar boş şeylərdir. Əsas odur ki, qadınlarımız sevsinlər və sevilsinlər. Ən önəmlisi, xeyirxahlıq etməyi sevsinlər. 






Fikirlər