Ramil Usubovla Vilayət Eyvazov yeni vəzifələrində ilk dəfə birlikdə – VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb. Nazir deyib ki, Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək dövlət başçısının ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar atıldığını diqqətə çatdırıb. Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib./Real tv/Polis akademiyasında buraxılış mərasimi keçirilib