Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.
"AzerTaym.az" bildirir ki, Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i və ya 4,98 milyard manatı ticarət müəssisələri, 49,3%-i və ya 11,93 milyard manatı fərdi sahibkarlar tərəfindən, 30,1%-i və ya 7,26 milyard manatı isə bazar və yarmarkalarda satılıb.
2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsinin həcmi digər sahələrlə müqayisədə daha çox artıb. Bəs görəsən, milyardlarla dövriyyəsi olan bu müəssisələrin - supermarketlərin sahibləri kimlərdir?
- Azərbaycanda aparıcı supermarketlər şəbəkəsinə sahib olan ARAZ, OBA, FAVORİT və SPAR marketərinin sahibi kimi "Veysəloğlu" MMC göstərilir.
Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanınada qeydiyyatda olan "Veysəloğlu" MMC-nin nizamnamə kapitalı 7 milyon 825 min 972,67 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda "Veysəloğlu" şirkətinin baş direktorudur.
Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanınada bənzər adda daha 2 şirkət "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC və "Veysəloğlu Grup" MMC-də qeydə alınıb.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC -nin qanuni təmsilçisi İsmayılov Ələddin Mehdi oğludur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan "Veysəloğlu Grup" MMC-nin qanuni təmsilçisi Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda "Veysəloğlu" şirkəti və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan MR-nin Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb. Ötən il Azərbaycanın iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Bu ilin mart ayənda "Veysəloğlu" Şirkətlər Qrupu Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub. Lakin şirkətdən verilən açıqlamada Vergilər Nazirliyinin yazdığı cərimə ilə razılaşmadıqlarını və yenidən araşdırma aparılması üçün nazirliyə şikayət məktubu ilə müraciət ediblər.
- Ölkənin aparıcı supermarketlərindən biri də BRAVO hesab olunur.
BRAVO supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket" MMC göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən "Azərbaycan Supermarket" MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur.
"Azərbaycan Supermarket" MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında "Paşa İnşaat", "Paşa Technology", "Paşa Sığorta" kimi şirkətlərin də olduğu qeyd olunub.
- Böyük supermarketlərdən biri də NEPTUN hesab olunur.
Bu marketin 2003-cü ildən fəaliyyət göstərdiyi bildirilir. Supermarketin "Sahil Trading" MMC-yə bağlı olduğu qeyd olunur. Bakı şəhər, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ev 102 ünvanında qeydiyyata olan və nizamnamə kapitalı 10 manat təşkil edən "Sahil Trading" MMC-nin qanuni təmsilçisi İbrahimov Vüqar Abbas oğludur.
Onu da bildirək ki, "Sahil Trading" əsasən Türkiyədən qida məhsullarının idxalı ilə məşğuldur və bu şirkət də bu ilin iyun ayında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnib.
- Uzun illərdir fəaliyyət göstərən aparıcı supermarketlərin biri də BİZİM MARKET hesab olunur.
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 1C ünvanında qeydiyyatda olan "Bizim Market" MMC-nin nizamnamə kapitalı 7 milyon 361 min 853 manat təşkil edir. 2005-ci ildə qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Musayev Emil Daşdəmir oğludur.
Xatırlayırsınızsa, 2016-cı ildə bəzi iri supermarketlər İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün ondan kömək istəmişdilər.
Qeyd edək ki, həmin müraciəti imzalayanlardan biri də özünü BİZİM MARKET-in təsisçisi kimi təqdim edən Rasim Salmanov olub.
Məlumat üçün bildirək ki, uzun müddətdir Rasim Salmanov haqqında mətbuatda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ildə Rasim Salmanovun şikayəti əsasında həyat yoldaşının bacısı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev həbs olunublar. Həmin şəxslər qohumları Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra mətbuata açıqlama verən Rasim Salmanovun qayınanası Xanımbacı İsmayılova bildirib ki, Rasim Salmanov keçmiş Milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun Vüqar adlı qaynı ilə yaxın dost olub və bu şəxs Rasim Salmanovun biznesinə havadarlıq edib.
- BAZARSTORE və AL MARKET supermarketləri müvafiq olaraq "Bazarstore" MMC və "Al Market" MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan "Azərsun Holdinq"ə bağlı olduğu bildirilir. "Bazarstore" MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 milyon 968 min 451 manat olan şirkətin qanuni təmsilçisi Burhan Sevahildir. Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. "Al Market" MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adem Tansel Tuzcudur. "Azərsun Holdinq" MMC 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 90 milyon manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri isə Abdolbari Gözəldir.