Pənah Hüseyn: “Baş nazirin hazırlıqlı, vacib sahələri dərindən bilməsi vacibdir”

“İndiki vəziyyətdə baş nazir işləmək elə də çətin deyil”

2018-ci ilin aprelində bu posta təyin olunmuş Novruz Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət edərək vəzifəsindən istefa verməsinə razılıq istəyib. Prezident onun ərizəsini qəbul etməklə yanaşı, baş nazirliyə yeni namizədi razılıq verməsi üçün Milli Məclisə təqdim edib.

Prezident Nazirlər Kabinetinin yeni rəhbərinin özünün iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun olmasına qərar verib. Milli Məclisdə qısa müzakirələrdən sonra oktyabrın 8-də bu qərara yekdilliklə razılıq verilib.

Novruz Məmmədovdan öncə Azərbaycanın baş nazir olmuş Artur Rasi-Zadə isə bu hadisəyə münasibət bildirərkən modern.az-a deyib ki, baş nazirlik asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətindir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər: “Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Azərbaycanın daha bir sabiq baş naziri Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Artur Rasi-Zadə sanki məsələni bir qədər şişirdir: “Xüsusən Artur müəllim kimi baş nazir işləmək heç də çətin deyil. Ölkədə icra hakimiyyətinin başçısı prezidentdir və əsas ağırlıq prezidentin üzərindədir. O baxımdan indiki vəziyyətdə baş nazir işləmək elə də çətin deyil. Baş nazir indi icra məmuru kimidir. Çünki baş nazir faktiki olaraq nə siyasi, nə iqtisadi kursu müəyyən eləmir. Kurs prezident tərəfindən müəyyən olunur. Şübhəsiz ki, baş nazirin hazırlıqlı, vacib sahələri dərindən bilməsi, səviyyəli olması vacibdir.  Ola bilsin, Artur müəllimin dediyində bir ironiya da var, bununla demək istəyir ki, belə bir şəraitdə işləmək asan deyil.

Baş nazirin kim olub-olmaması məsələsi Azərbaycanda siyasi hakimiyyətin mahiyyətinə təsir edən məsələ deyil. Biz gənc, xaricdə təhsil almış kadrların təyinatlarını müşahidə edirdik. Lakin son dövrdə yenidən köhnə, oliqarx tipli kadrların təyinatlarını müşahidə edirik. Açığı bu bizdə bir narahatlıq doğurur. Diqqət etdinizsə, ayrı-ayrı siyasilər də, ekspertlər də çox ehtiyatlı şəkildə yanaşdılar bu təyinata da. Bunu köhnələrin yeni revanşı kimi şərh edənlər daha çoxluq təşkil etdi”.

“1990-cı illərdə, həmçinin sizin baş nazir olduğunuz vaxtlarda Azərbaycanda baş nazir vəzifəsinin səlahiyyətləri geniş idi, yoxsa indi” sualına Pənah Hüseyn belə cavab verdi: “1990-cı illərin əvvəllərində də dövlət idarəetməsində baş nazir üçüncü sırada idi. İndi də üçüncü sıradadır. Bu cür məsələlərdə qanunlarla müəyyən olunmuş məsələlərlə yanaşı, Azərbaycan tipli cəmiyyətlərdə siyasi hakimiyyətin mahiyyəti, xüsusən prezidentin siyasi, iqtisadi kursu həlledici rol oynayır. Hesab edirəm ki, müstəqilliyimizin bərpasından sonrakı ilk dövrlərdə hakimiyyət qolları arasında münasibətlər indikindən daha fərqli və demokratik idi. Baş nazirin səlahiyyətləri, təsir imkanları yüksək idi. Mən prinsipcə, prezident üsul-idarəsinin, baş nazir postunun isə ləğv edilməsinə tərəfdaram ”.

Qeyd edək ki, Novruz Məmmədov 21 aprel 2018-ci ildə baş nazir təyin olunub. Novruz Məmmədov Azərbaycanın müstəqillik qazandıqdan sonra  (1991-ci ildən) 10-cu baş naziri idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk baş nazir Həsən Həsənov olub.

O, 7 fevral 1991-ci ildən 4 aprel 1992-ci ilə qədər baş nazir vəzifəsində çalışıb.

İkinci baş nazir Feyruz Mustafayev 40 gün müddətinə bu vəzifədə olub-4 aprel 1992-ci ildən 14 may 1992-ci ilə qədər .

Azərbaycanın baş naziri olmuş şəxslərdən biri  də Rəhim Hüseynovdur.  Onun da vəzifədə olma müddəti çox deyil.  Cəmi 261 gün. 14 may 1992-ci ildən 30 yanvar 1993-cü il tarixinədək.

nazirlər kabineti ile ilgili görsel sonucu

Əli Məsimov  5 fevral 1993-cü ildən-28 aprel 1993-cü il tarixinədək  baş nazir vəzifəsini icra edib.

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin son iki ayının baş naziri isə Pənah Hüseyn olub. Pənah Hüseyn buna qədər dövlət katibi vəzifəsində çalışıb. O, baş nazir vəzifəsində 63 gün işləyib-28 aprel 1993-cü ildən 30 iyun 1993-cü ilə qədər. 4 iyun qiyamı onun baş nazir vəzifəsinin ömrünü qısa edib.

4 iyun qiyamını qaldıran Surət Hüseynov isə 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilədək baş nazir vəzifəsində işləyib.

Surət Hüseynovdan sonrakı baş nazir Fuad Quliyev olub. O, 1994-cü ilin oktyabrın 7-də bu vəzifəyə təyin edilib və 20 iyul 1996-cı ilədək baş nazir olub.

Fuad Quliyevin baş nazir vəzifəsindən götürülməsi ilə Artur Rasi-Zadənin üzünə 22 il baş nazir olmaq qapısı açılıb. Artur Rasi-Zadə iki fərqli dövrdə Azərbaycanın baş naziri olub. Belə ki, o 1996-cı ilin iyulun 20-dən 4 avqust 2003-cü ilədək, həmçinin  4 noyabr 2003-cü ildən 21 aprel 2018-cü ilə qədər Azərbaycanın baş naziri vəzifəsində çalışıb.

Hazırkı prezident İlham Əliyev 2003-cü il avqustun 4-də ölkənin baş naziri təyin edilib. 2003-cü il oktyabrın 15-də prezident seçilib. Noyabrın 4-də baş nazir vəzifəsinə Artur Rasi-Zadə qaytarılıb.

Onu da qeyd edək ki, 2002-ci ilə qədər Azərbaycan Konstitusiyasına görə baş nazir ölkənin rəsmi üçüncü şəxsi sayılıb. 2002-ci ildə konstitusiya dəyişikliyindən sonra baş nazir prezidentdən sonra ikinci şəxs statusuna yüksəlib.

Azərbaycanda 2017-ci ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verildikdən və 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldıqdan sonra baş nazir vəzifəsi yenidən üçüncü şəxs pilləsinə enib.






Fikirlər