Ərdoğan Bakıda “Sülh Çeşməsi”ndən danışdı
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 oktyabrdan Suriyanın şimal-şərqində aparılan “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı açıqlama verib. "AzerTaym.az"ın “hurriyet”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan hərəkatın iki əsas məqsəd daşıdığını bildirib. Onun sözlərinə görə, bunun birincisi, Suriyanın şimalının PKK/YPG terror qruplaşmalarından azad edilməsi, ikincisi isə, 8 ildir Türkiyədə yaşayan 3 milyon 650 min suriyalının öz torpaqlarına qayıdışını təmin etməkdir. Türkiyə Prezidenti Qarabağ məsələsinə də toxunub: “Milli davalarımızda bir-birimizin yanında dayanmaq qardaşlığımızın təməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. 1 milyon qardaşımız qaçqın olaraq yaşamaq məcburiyyətində qalıb. Qarabağ münaqişəsinin ən qısa zaman ərzində sülh yolu ilə həll edilməsi üçün əlimizdən gələni edəcəyik”.