“BU ŞPRİSLƏR VASİTƏSİLƏ ÖLKƏDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏRİ YAYA BİLƏRLƏR!” – Hökumətə çağırış

1sp

Tanınmış ekspertlər, həkimlər, ictimai təşkilatlar mənşəyi bilinməyən şprislərin idxalını və satışını dərhal dayandırılmağı tələb edir…

Azərbaycana gətirilən şprislərin mənşəyinin məlum olmaması, müvafiq laboratoriyalarda yoxlanılmadan satışa buraxılması və insanların sağlamlığını təhlükə altında qoymasına dair saytımızda dərc olunan yazılar geniş ictimai rezonans doğurub. Xüsusən Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyevin ölkəyə kütləvi şəkildə gətirilən və demək olar ki, bütün apteklərdə satılan, əksər klinikalarda işlədilən şprislərin insanlara tibbi xidmətdə istifadəsinin yolverilməz olduğuna, inkişaf etmiş ölkələrdə belə şprislərin qadağan edildiyinə dair fikirləri ictimaiyyət arasında ciddi narahatçılığın yaranmasına səbəb olub.

Bəzi işbazların Çinin “yeraltı sexlərində” hazırlanmış şprisləri ucuz qiymətə (kiloqramı bir neçə qəpiyə) gətirərək ölkədə reallaşdırılmasını, bu sahəyə nəzarət etməli olan orqanların isə buna şərait yaratması hiddətlə qarşılanıb. “AzPolitika.info” saytına müraciət edən ictimaiyyət nümayəndələri, tibb işçiləri, sadə vətəndaşlar ölkə rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edilməsinin, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsini qadağan edən mexanizmin yaradılmasının zəruri olduğunu bildirdilər.

Keyfiyyətsiz şprislər sinir və xərcəng xəstəlklərinin yayılmasına yol aça bilər…

Hətta redaksiyamızla əlaqə saxlayan adının çəkilməsini istəməyən həkimlərdən biri Azərbaycana idxal edilən keyfiyyətsiz şprislərin sinir və xərcəng xəstəlklərinin yayılmasına da yol açdığını iddia etdi. Onun sözlərinə görə, bu şprislərin ucları standartlara uyğun olmadığından istifadə zamanı insanlarda, xüsusən uşaqlarda sinirlərin zədələnməsinə səbəb olur. Bu da müəyyən müddətdən sonra insanlarda sinir xəstəliklərinə yol açır. Eyni zamanda bu şprislərlə vurulan dərmanlar insan bədəninə tam ötürülmür, şprisin iynəsinin daxil olduğu yerdə kiçik şişlərin meydana gəlməsinə səbəb olur. Belə şişlərin bəzilərinin sonradan bədxassəli törəmələrə çevrilmə ehtimalı da var…
Qeyd edək ki, nə qədər qəribə də olsa, belə təhlükəli şprislərin Azərbaycanda satılmasına görə birbaşa məsuliyyət daşıyan orqanlar – Səhiyyə Nazirliyi və Gömrük Komitəsi hələ də məsələylə bağlı hər hansı açıqlama verməyib. Hər iki orqanın mətbuat xidmətlərinin telofonlarına cavab verən yoxdur. Səlahiyyətli şəxslər isə məsələnin onlarla bağlı olmadığını bildirərək, məsuliyyəti üzərilərindən atmağa çalışırlar.

Səhiyyə Nazirliyi və Gömrük Komitəsi onları himaye edir, yoxsa…?

Mətbuatda dəfələrlə həyacan təbili çalınmasına baxmayaraq, Gömrük Komitəsi keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalının qarşısını almaq istiqamətində hər hansı addım atmır. Hətta mətbuatda yazılanlara belə reaksiya verməyə ehtiyac duymur. Gömrük Komitəsinin məsələyə belə laqeyd yanaşması haqlı suallar doğurur. Komitənin məsul şəxsləri keyfiyyətsiz şprislərin idxalı ilə məşğul olanlardan qorxur, yoxsa ortada hansısa çirkli razılaşmalar var? Ümid edirik ki, heç olmasa bu suala cavab verəcəklər?

Səhiyyə Nazirliyinin bu məsələylə bağlı mövqeyi isə ümumiyyətlə anlaşılan deyil. Nazirlik nəinki keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalına “yaşıl işıq” yandırır, eləcə də onların dövlət tabeliyində olan xəstəxanalarda, polikilinikalarda istifadə olunmasında bilavasitə iştirak edir. Nazirlik tərəfindən keçirilən tenderlərdə keyfyyətli şprislərin deyil, belə təhlükəli şprislərin alınmasına üstünlük verilir.

Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayev yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verdiklərini, idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirsə də, nazirlik bu problemin həlli istiqamətində heç bir addım atmır. Sanki, Azərbaycan vətəndaşlarının keyfiyyətsiz və təhlükəli şprislərdən istifadəsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxmuş kimi, SUSUR!

Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbərliyinin idxal olunan şprislərin böyük əksəriyyətinin insanlara tibbi xidmətdə yararsız olması, ölkədə təhlükəli xəstəliklərin yayılmasına səbəb ola biləcəyinə dair açıqlaması da Səhiyyə Nazirliyinin hər hansı şəkildə hərəkətə keçməsinə səbəb olmayıb. Bu da Səhiyyə Nazirliyinin məsul şəxslərinin təhlükəli şprisləri idxal edənlərlə hansısa formada “anlaşdığını” düşünməyə əsas verir. Hər halda nazirliyin bu məsələ ilə bağlı bir açıqlama verməsi lazımdır…

Baş Nazirin dəyişməsi ümidləri artırıb… 

İnsanlarımızın sağlamlığını təhlükə altında qoyan şprislərin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün indiyədək müvafiq standart qəbul etməyən Nazirlər Kabineti də susqunluq nümayiş etdirir. Düzdür, mətbuat xidmətinin rəhbəri zənglərimizə çox hörmətlə cavab verir. Ancaq 3-4 sualdan ibarət sorğumuza iki həftədən artıqdır ki, cavab verən tapılmır. Ya da nə cavab verəcəklərini bilmirlər…

Bəlkə də bu, sabiq Baş Nazir Novruz Məmmədovun fəaliyyətsizliyi ilə bağlı idi, bilmirik. Ancaq ümid edirik ki, əhalinin sağlamlığını təhdid edən keyfiyyətsiz və təhlükəli şprislərin idxalının qarşısını almaq istiqamətində tədbirlərin görülməsi yeni Baş Nazir Əli Əsədovun ilk növbədə diqqət yetirəcəyi məsələlərdən biri olacaq.

Nazirlər Kabinətinin ölkəyə idxal edilən şprislərlə bağlı tələbləri artırması, yalnız beynəlxalq standartlara uyğun şprislərin idxalına icazə verilməsinə dair müafiq qərarları qəbul etməsi bu sahədəki özbaşnalığın, xaosun qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.

Nə yazıq ki, indiyədək Nazirlər Kabineti üzərinə düşən vəzifəni yerinə yetirməyərək, bu məsələyə laqeyd münasibət bəsləyib. Bu baxımdan yeni Baş Nazirdən gözləntilər böyükdür. Bu gözləntilərin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Nazirlər Kabineti ölkəyə keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını almaq üçün nəhayət ki, müafiq addımıar atacaq, yoxsa əvvəlki dövrlərdə olduğu kimi buna laqeyd yanşılacaq? Yəqin ki, bu sualın da cavabını yaxın zamanlarda alacağıq.

Şahin Mustafayev problemin həllilə bağlı geniş toplantı çağırıb…

Qeyd edək ki, yuxarıda adları çəkilən qurumlardan fərqli olaraq, İqtisadiyyat Nazirliyi problemə ciddi yanaşıb. Problem mətbuatda işıqlandırıldıqdan dərhal sonra nazir Şahin Mustafayev məsələni öz nəzartinə götürüb. Nazirin şəxsən iştirakı ilə problemin müzakirə olunması üçün geniş toplantı çağırılıb.

“AzPolitika.info”nun əldə etdiyi məlumata görə, toplantıya İqtisadiyyat və Səhiyyə nazirliklərinin, Gömrük Komitəsinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Diamed Co” şpris istehsalı zavodunun rəhbər şəxsləri qatılıb. Eyni zamanda toplantıda “Avromed”, “Azərmed”, “Zeytun” kimi dərman vasitələrinin topdansatışı ilə məşğul olan şirkətlərin də məsul şəxsləri iştirak edib. Geniş müzakirələr aparılıb. Nazir Şahin Mustafayev ölkəyə əhalinin sağlamlığını təhlükədə qoyan keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını alınması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bununla bağlı bütün tərəfləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çğırıb.

Elə İqtisadiyyat Nazirliyindən saytımıza verilən məlumatda da belə müzakirələrin aparıldığı təsdiqlənib.

Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişafına, bu sahədə idxaldan asılılığın azaldılmasına, əhalinin dərman vasitələrinə və tibbi ləvazimata tələbatının yerli istehsal hesabına ödənilməsinə xidmət edir: “ Bu sahədə önəmli layihələrdən biri də bu ilin may ayında dövlət başçısının iştirakı ilə açılışı olmuş “Diamed Co” şpris zavodudur. Qeyd ed ki, şpris istehsalı zavoduna təşkilinə başlanılmasından etibarən müxtəlif və davamlı dövlət dəstəyi göstərilir. Belə ki, müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan müvəkkil kredit təşkilatı vasitəsilə 7 il müddətinə 5 mln. manat güzəştli kredit verilib. Kreditin qaytarılma müddətinin ilk yarısı – 3,5 ili güzəştlidir. Layihədə Azərbaycan İnvestisiya Şirkəti 29%-lik paya malikdir. Müəssisə Pirallahı Sənaye Parkının rezidenti olmaqla, 7 illik güzəştli vergi və gömrük rejimindən faydalanır.

İldə 150 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şpris istehsal etmək gücündə olan müəssisə ölkənin daxili tələbatını keyfiyyətli məhsulla təmin etmək imkanına malikdir. Bununla belə, istehsalın həcmi 30%-dək artırıla bilər. Müasir texnologiyalara əsaslanan müəssisədə məhsul istehsalında Yaponiya və İsveçrə materiallarından istifadə olunur. Artıq müəssisə istehsal etdiyi yüksək keyfiyyətli və rəqabətqabiliyyətli birdəfəlik şprislərin satışına başlayıb.

İqtisadiyyat və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Diamed Co” şpris istehsalı zavodunun, dərman vasitələrinin topdansatışı ilə məşğul olan şirkətlərin iştirakı ilə şpris istehsalı zavodunun məhsullarının satışının genişləndirilməsinə əlavə dəstək tədbirləri müzakirə edilib.
Bu tədbirlərin tərkib hissəsi olaraq, tibbi şprislər üçün tələbləri nəzərdə tutan dövlət standartı artıq təsdiq edilib. Dövlət standartının təsdiq edilməsi xaricdən idxal olunan və ölkədə istehsal edilən tibbi şprislərin standartın tələblərinə uyğunluğuna nəzarətin təmin edilməsinə imkan yaradır. Bununla yanaşı, tibbi şprislərin dövlət qeydiyyatına alınmasını və idxalını tənzimləyən normativ hüquqi aktların layihələri hazırlanıb.
Eyni zamanda, tibbi şprislərin və onların istehsalında istifadə edilən materialların ekspertizası üçün müvafiq laboratoriyanın təşkili istiqamətində işlər görülür.

Topdansatış şirkətləri yerli zavodun məhsulunu alacaqlarına söz veriblər, ancaq…

Qeyd edək ki, dərman vasitələrinin və şprislərin topdansatışı ilə məşğul olan şirkətlər hazırda “Diamed Co” şpris istehsalı zavodunun məhsullarının alınması üçün danışıqlar aparırlar və artıq bir sıra razılaşmalar əldə olunub. Misal üçün, “Avromed Company” QSC müəssisədən ilkin olaraq 6 milyon ədəd şpris alacaq. Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığorta layihələrində “Diamed Co” şpris istehsalı zavodunun məhsullarından istifadə etməyi nəzərdə tutur.
Bundan başqa, təşviq və marketinq tədbirləri genişləndiriləcək, topdansatışçıların şpris istehsalı zavoduna tanışlıq turu təşkil ediləcəkdir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan toplantıdan müəyyən müddət keçsə də, ölkənin şpris bazarında dəyişən bir şey yoxdur. Belə ki, yenə əksər apteklərdə keyfiyyətsiz və təhlükəli şprislərin satışı davam edir, həm də klinikalar bu şprislərdən istifadəni davam etdirirlər. Bu isə təbii ki, ciddi narahatçılıq yaradır.

İqtisadiyyat Nazirliyinin məlumatında “Avromed Company” QSC-nn müəssisədən ilkin olaraq 6 milyon ədəd şpris alacağı qeyd olunsa da, apteklərdə yalnız idxal olunan keyfiyyətsz şprislərin satılması, yerli zavodun məhsullarına rast gəlinməməsi bu problemin hələ də həll olunmadığını göstərir. Ciddi inzibati tədbirlər həyata keçirilməzsə, yəqin ki, heç vaxt da həll olunmayacaq. Çünki xaricdən keyfiyytsiz şprisləri çox ucuz qiymətə alaraq gətirən və buna görə böyük gəlir götürən şirkətlərin keyfiyyətli məhsul idxal edəcəyi və ya yerli zavodun məhsulunu almağa könüllü olaraq razılaşacağı inandırcı deyil…

“Bu şprislər vasitəsilə ölkədə müxtəlif xəstəliklər yaya bilərlər!”

Problem isə çox ciddidir. Azərbaycan vətəndaşlarının sağlamlığı təhdid altındadır.
Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “AzPolitika.info”ya açıqlamasında bu problemə laqeyd yanaşılmasının çox ağır nəticələrinin ola biləcəyini vurğuladı: “Ölkəyə gətirilən bir çox məhsullar kimi şprislərin də əksəriyyəti keyfiyyətsizdir. Mənşəyi bilinməyən belə şprislərin Azərbaycana gətirilməsi qəti şəkildə yolverilməzdir. Bu, çox qorxuludur. Çünki kim zəmanət verə bilər ki, həmin şprislərin iynələrinin ucuna təhlükəli viruslar yerləşdirilmir? Bu məni çox qorxudur. Həmin şprislər vasitəsilə ölkədə müxtəlif xəstəliklər, o cümlədən hepatit xəstəliyini yaya bilərlər. Buna diqqət etmək lazımdır. Belə şprislərin ölkəyə idxalının çox ağır nəticələri ola bilər.”

Rəşid Mahmudov qeyd etdi ki, mənşəyi məlum olmayan, keyfiyyətsiz şprislərdən istifadə olunan zamanı pasiyentlər yalnız fiziki baxımdan mənfi təsirlərə məruz qalmır, həm də həyatları üçün təhlükə yaranır: “Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru bu şprislərin mənşəyinin məlum olmadığını bildirirsə, bu, böyük təhlükədən xəbər verir. Onların iynələrinin uclarında hər cür xəstəlik virusları ola bilər.

Mən sizə bir fakt deyim. Bunu hələ ötən əsrin 70-ci illərində, mən tələbə olarkən bizə Əbülfəz adlı müəllimimiz danışmışdı. Sovet hökuməti bir dövr üz qırxmaq üçün “britva”nı xaricdən alırmış. Sonradan məlum olub ki, həmin “britva”ların ucuna çox az miqdarda hansısa maddə vururlarmış. Bu da o “britva”lardan istifadə edənlərin zamanla qara ciyərlərinin çürüməsinə, ölməsinə səbəb olurdu. Buna görə Sovet hökuməti həmin firmanı məhv elədi. Ancaq o “britva”lardan istifadə edən 10 minlərlə, bəlkə də, 100 minlərlə insan tələf oldu. Deməyim odur ki, bu cür mənşəyi bilinməyən, təhlükəli şprislərin də hansı viruslar, xəstəliklər yayıb-yaymadığını bilmək olmaz. Xüsusən də, əgər ölkədə bu şprisləri yoxlamaq üçün laboratoriyalar yoxdursa… Kim bilir, bəlkə, bu şprislərin iynələrinin hazırlanmasında təhlükəli maddələrdən istifadə olunur. Təsəvvür edirsinizmi bu nə deməkdir?”

Tanınmış həkim-ekspert qeyd etdi ki, xaricdən ölkəyə gətirilən hər bir məhsul yoxlanılmalıdır: “ Yoxlanıla bilmirsə, istifadə olunmasına imkan verilməməlidir. Hələ şpris kimi insanların qanı ilə təmasda olan bir tibbi təchizat istifadəyə buraxılmazdan öncə dəfələrlə yoxlanılmalı, mənşəyi, harada istehsal olunduğu tam şəkildə öyrənilməlidir.

İndi, əgər Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru bu şprislərin mənşəyinin məlum olmadığını bildirirsə, onların idxalı, istifadəsi dərhal dayandırılmalıdır”.

R. Mahmudov müasir dövrdə idxal edilən hər bir məhsulun ciddi şəkildə yoxlanılmasının vacib olduğunu bildirdi: “ Diqqətli olmaq lazımdır. Bizim düşmənlərimiz var, məqsədyönlü şəkildə hər şeyi edə bilərlər. Bu ölkəyə idxal edilən heç bir şeyi başlı-başına buraxmaq olmaz. Nəzarət gücləndirilməlidir. Digər tərəfdən belə şprisləri idxal edən insanlarda da bir vicdan olmalıdır. Axı bundan sənin millətin istifadə edir. Pula görə hər şeyi ölkəyə gətirib satmaq olmaz axı…Ümumiyyətlə, bu məsələ ciddi nəzarətə götürülməlidir”.

“Mənşəyi bilinməyən şprislər Azərbaycana buraxılmamalıdır…”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələnin çox ciddi narahatlıq doğurduğunu bildirdi: “ Qeyd edim ki, Azərbaycana müxtəlif yollarla külli miqdarda keyfiyyətsiz və istifadəsi təhlükəli olan məhsullar gətirilir. Biz, İstehlakçılar Birliyi olaraq bu məhsulların satış yerləri, adları, kimin gətirməsi barədə bütün dövlət qurumlarına, o cümlədən həm Gömrük Komitəsinə, həm də İqtisadiyyat Nazirliyinə məlumat vermişik.

Ona görə də, mən ölkəyə mənşəyi məlum olmayan, yoxlamadan keçməyən, təhlükəli şprislər gətirilməsini də istisna etmirəm. Buna qarşı isə dövlət orqanları ciddi mübarizə aparmalıdır.”.

Eyyub Hüseynov qeyd etdi ki, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsinin qarşısı bu sahəyə nəzarət edən qurumlar tərəfindən qəti şəkildə alınmalıdır: “Ölkəyə belə təhlükəli şprislərin gətirilməsi, əlbəttə ki, yolverilməzdir. Mənşəyi bilinməyən, təhlükəsizliyinə zəmanət olmayan, ekspertizadan keçirilməyən məhsullar, o cümlədən şprislər Azərbaycana buraxılmamalıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, ölkədə bir çox xəstəliklərin, o cümlədən hepatitin yayılmasında bu cür mənşəyi məlum olmayan şprislərin də rolunu istisna etmək olmaz: “Bizə qarşı düşmən münasibətdə olan ölkə var. Onların da bundan istifadə etmək cəhdlərini istisna etmək olmaz. Müxtəlif viruslara yoluxdurulmuş şprisləri ölkəmizə göndərə bilərlər. Ona görə də, dövlət orqanları bu məsələyə nəzarəti artırmalı, mənşəyi məlum olmayan, keyfiyyətsiz şprisləri ölkəyə buraxmamalıdır”.

Eyyub Hüseynov bildirdi ki, bir ictimai təşkilat olaraq idxal olunan şprislərin xaricdə ekspertizasını keçirməyə hazırdırlar: “Fikrimcə, təhlükəli şprislərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün ictimai müqavimət təşkil etmək lazımdır. Vətəndaşlar da klinikalarda bu cür şprislərdən istifadə olunmasından imtina etməlidirlər”.

“Bu şprislərin özü də xəstəlik mənbəyidir…”

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü, bir çox ölkələrin tanınmış klinikalarında işləmiş Qafar İskəndərov da mənşəyi bilinməyən şprislərin Azərbaycanda istifadəsinin əhalinin sağlamlığına ciddi təhlükə törətdiyini bildirdi: “Mən dünyanın bir çox ölkələrində klinikalarda müqavilə ilə həkim kimi fəaliyyət göstərmişəm. Heç bir yerdə Azərbaycanda satılan, istifadə edilən şprislərə rast gəlməmişəm. Özünə hörmət edən heç bir klinika belə şprislərdən istifadə etməz. Avropada istifadəsi zamanı insanlara əzab verən belə şprisləri apteklərə təklif belə etmək olmaz. Ümumiyyətlə, mənşəyi bilinməyən, insanların sağlamlığını təhlükə altında qoyan belə şprislərin ölkəyə gətirilməsi yolverilməzdir.”

Qafar İskəndərovun sözlərinə görə, Azərbaycanda həkimlər məcburiyyət qarşısında bu şprislərdən istifadə edir: “Onsuz da Azərbaycana gətirilən dərmanların dozaları standtrlardan çox aşağı olur. Keyfiyyətsiz şprislərlərdən istifadə etdikdə isə, xəstələr hətta həmin aşağı dozanı belə ala bilmir. Nəticədə xəstəliklərin müalicəsi mümkün olmur. Bu şprislərin özü də xəstəlik mənbəyidir. Çox təəssüf ki, Səhiyyə Nazirliyi buana nəzarət etmir. Mən özüm də burada fəaliyyət göstərdiyim dövrdə bu cür şprislərdən istifadə etmək məcburiyyətində qalmışam. İşlədiyim klinika da həmin şprisləri aldığından, bəzən məcburiyyət qarşısında onlardan istifadə edirdik. Ancaq xaricdəki klinikalarda işlədikdən sonra mənə məlum oldu ki, Azərbaycana şpris əvəzinə, ona oxşar bir əşya gətirirlər. Yəni, şpris adı ilə bizim apteklərdə satılan, klinikalarda istifadə olunan əşyalara şpris demək belə doğru deyil. İkinci bir tərəfdən, indi məlum olur ki, bu şprislər ümümiyyətlə yoxlanılmadan ölkəyə buraxılır. Bu isə artıq faciədir. Belə çıxır ki, ölkə vətəndaşlarının sağlamlığı Çinin və ya başqa bir ölkənin şpris sexlərinin sahiblərinin insafına buraxılıb. Hökumət dərhal hərəkətə keçməli, bir an öncə apteklərdəki, klinikalardakı bütün şprislər yığışdırılmalıdır. Mən həkim həmkarlarma müraciət edirəm. Xaricdən idxal olunan və mənşəyi bilinməyən, istifadə zamanı insanlara əziyyət verən belə şprislərdən imtina etsinlər. Sabah bu şprislərdən onların övladları, yaxınları da istifadə edə və müxtəlif viruslara yoluxa bilər. Klinika rəhbərlərinə, aptek sahiblərinə üzümü tuturam: qəti şəkildə belə şprisləri almaqdan imtina etsinlər. Bu məsələyə laqeyd yanaşmaq, onu sabaha saxlamaq olmaz. Bir an öncə belə şprislərin ölkəyə gətirilməsində və satışında qadağalar tətbiq edilməlidir”.

“Bu sahəyə cavabdeh olan təşkilatların həyəcan təbili çalmaması təəccüblüdür…”

Məsələylə bağlı “Sağlam Yaşa” İctimai Birliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsi ölkə vətəndaşlarının sağlamlığına cox ciddi təhlükə yaradır: “Bu məsələ insanların sağlamlığı baxımından çox aktualdır. Respublikaya keyfiyyətsiz şprislərin gətirilməsi ilə bağlı məlumatlar ciddi narahatçılq doğurur. Bu sahəyə cavabdeh olan təşkilatların həyəcan təbili çalmaması, mənşəyi məlum olmayan şprislərin idxalını dayandırmaması ictimaiyyət üçün də təəccüblüdür. Biz bir İctimai Birlik olaraq mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsinin dərhal dayandırılmasını tələb edir, bu kimi halların yolverilməz olduğunu bildiririk”.

“Ölkəyə şpris gətirən şirkətlərin fəaliyyəti ciddi yoxlanılmalıdır…”

Sağlamlığa Xidmət İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı da ekspertizadan keçirilməyən, mənşəyi məlum olmayan şprislərin Azərbaycana idxalının dayandırılmasının zəruri olduğunu bildirib: “Əhalinin sağlamlığını qorumalı olan Səhiyyə Nazirliyinin aidiyyatı departamentləri bilmirəm yuxudadırlar, yoxsa gözlərini yumublar. Keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsi bir yana, həm də insanların sağlamlığına ciddi təhlükə yaradan keyfiyyətsiz şpris və iynələr Azərbaycana gətirilməkdədir. Hökumət bununla bağlı vaxt itirmədən hərəkətə keçməli, ölkəyə şpris gətirən şirkətlərin fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır.”

İctima fəal, tibb bacısı Günel Mahmudova da “AzPolitika.info”ya bildirdi ki, işlədiyi klinikada (məlum səbəblərdən klinikanın adını qeyd etmirik) istifadə olunan şprislərin nə qədər keyfiyyətsiz və təhlükəli olduğunun şəxsən şahidi olub: “Bu şprislər o qədər keyfiyyətsizdir ki, özümüz də əziyyət çəkirik, xəstəyə də sözün həqiqi mənasında əzab verməli oluruq. Yaxşı olar ki, bu şprislərin keyfiyyətinə nəzarət olunsun.”

Beləliklə, ictimaiyyət mənşəyi bilinməyən və təhlükəli şprislərin idxalını dayandırmağı tələb edir. Bəs hökumət nə fikirləşir?

AzPolitika.info






Fikirlər