Xanhüseyn Kazımlının Prezidentə müraciəti yayıldı – Köməkçisindən AÇIQLAMA
Müraciət Milli Məclisin rəsmi blankında göndərilib. Xanhüseyn Kazımlı Prezidentdən qızı Əsli Kazımovanın onun yerinə parlament seçkilərində iştirak etmək üçün icazə istəyir. Lakin müraciətdə imza və tarix qeyd olunmayıb. Səhər saatlarında isə məlumat yayılmışdı ki, Əsli Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. Onun sənədləri dünən DSK-ya təqdim olunub. Sfera.az xəbər verir ki, Xanhüseyn Kazımlının köməkçisi Zaur İsgəndərov yenisabah.az-a bildirib ki, deputat Prezidentə qızının namizədliyini irəli sürməsilə bağlı müraciət olmayıb. "Belə bir müraciət yoxdur. Olsaydı, mənim də məlumatım olardı. Yayılan müraciət saxtadır. Ola bilər kimlərsə özündən yazıb”, - deyə Zaur İsgəndərov bildirib. Əsli Kazımovanın namizədliyini irəli sürüb-sürməməsinə gəlincə, Zaur İsgəndərov bu barədə məlumatlı olmadığını bildirib: "Mən onunla işləmirəm, heç bir əlaqəm yoxdur. Ona görə də bu barədə məlumatlı deyiləm”. Xanhüseyn Kazımlının özü isə parlament seçkilərinə qatılmayacaq. Zaur İsgəndərlinin sözlərinə görə, onun seçkilərdə iştirak etmək niyyəti yoxdur.