ÇOXPARTİYALI SİSTEM “CAN VERİR” – 21 partiyanın namizədlərinin sayı 300-ü keçmir!

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın yanvarın 17-də keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, 1622 nəfərin namizədliyi qeydə alınıb.

Qeydə alınanlardan 299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, qalanları isə fərdi qaydada namizədliyini irəli sürüb.

Qeyd edə ki, növbədənkənar seçkilərdə iştirak etmək üçün 21 siyasi partiya MSK-ya müraciət edib.

2005-ci ildən etibarən Azərbaycanda Milli Məclisə seçkilər mojaritar sistem üzrə keçirilir. Aradan keçən 15 ildə proporsional seçki sisteminin ləğv olunmasının Azərbaycanda siyasi inkişafa, çoxpartiyalı sistemə necə böyük zərbə vurduğu seçki komissiyasının ortaya qoyduğu rəqəmlərdən məlum olur. 21 partiyanın namizədlərinin sayı 300-ə çatmır...

Seçkidə iştirak etmək istəyən və qeydə alınan namizədlərin sayında bu il nisbi artım göstərilir. DSK-lara müraciət edən namizədlər haqqında bilgilərə göz gəzdirdikdə bu “iddiaçıların” əksəriyyətinin yerli icra qurumlarının təkidi ilə namizəd olduqları məlum olur. Yoxsa, Azərbaycanda baytar həkim, uşaq bağçasında gözətçi, məktəbdə xadimə niyə deputat olmaq istəsin ki?! Elə partiyaların namizədlərinə baxdıqda da eyni mənzərə ortaya çıxır. Hakim partiyanın 123 namizədinin təxminən yarısı “qurbanlıqlardan” ibarətdir. Eləcədə digər partiyaların irəli sürdüyü şəxslərin say xətrinə namizəd edildiklərini də ayrıd etmək çətin deyil. MSK-nın məlumat bazalarında onların bir çoxunun sonradan namizəd olmaqdan imtina etdikləri barədə məlumatlar yerləşdirilib. Müxalifət partiyalarının bir qismi ümumiyyətlə seçkilərə qatılmır və bunun səbəbini “yarış üçün elementar şəraitin olmaması” ilə izah edir. Onların da namizəd, müşahidəçi və seçkidə iştirak etmək üçün ciddi resurs çatışmazlıqları var.

Azərbaycanda bu seçki mənzərəsi postsovet məkanında yalnız bir-iki audsayder ölkələrlə müqayisə oluna bilər. Halbuki, Azərbaycanın potensialı ən azı MDB-də ilk üçlükdə qərarlaşmağa imkan verir. Əhalinin sayı, keçdiyi tarixi yol, cəmiyyətdə passionar təbəqələrin nisbəti bunu deməyə imkan verir. Amma təəssüf ki, qeyd olunan potensial ortada yoxdur, onu üzə çıxarmaq üçün cəhdlər göstərilmir. Əvəzində səhnələşdirilmiş seçki teatrları oynanılır ki, bu da ölkənin milli təhlükəsizliyi üçün başlıca təhlükə mənbəyidir.

Əvvala, Azərbaycan unitar, dünyəvi respublikadır. Konstitusiyaya görə, ölkənin idarə olunması xalqın iradəsi ilə müəyyənləşən seçkili orqanlar tərəfindən həyata keçirilir. Bu prosesdə cəmiyyətin mövqeyi müxtəlif siyasi, ideoloj görüşlü, fərqli platformaları olan siyasi partiyaların rəqabəti ilə ifadə olunur. Təməl prinsip ədalətli, şəffaf, bütün tərəflər tərəfindən etimad göstərilən seçkilərdir. Bu şəraitdə cəmiyyətdə çoxpartiyalı sistem getdikcə inkişaf edir, yenilənir, çoxluğun maraqları əsasında dəyişikliyə uğrayır, sıradan çıxır, yaxud, yeni cərəyanlar, partiyalar yaranır. Ölkəni idarə edən partiyalar, onların nümayəndələri bu amansız rəqabət şəraitində seçilir, möhkəmlənir, nəticədə dövlətin başına təsadüfü adamlar gələ bilmir.

 

 

Son 15 ildə rəqabətsiz seçki mühiti, çoxpartiyalı sistemin deqredasiyaya uğraması, hakimiyyətin seçki yolu ilə dəyişdirilməsinə inamın öləziməsi cəmiyyətdə radikal meyillərin güclənməsinə şərait yaradır. Proses o qədər dağıdıcı olub ki, hətta hakim partiyada da siyasi inkişafın bütün elementləri sıradan çıxıb. 750 min nəfər üzü olan partiya seçkilərə yenə “özünü buraxan” deputatlarla gedir. Namizədlər siyahısında partiyanın gənclik qolunun nümayəndələri yoxdur. Yaxud, partiya seçki dairələrinin yarısında real namizəd irəli sürə bilmir.

Başqa tərəfdən, hələ bir müxalifət partiyası bu seçkidə qalib gələcəyini bəyan etməyib. İştirakçıların əksəriyyəti hakinmiyyətin təqdim etdiyi oyun qaydalarının şərtlərinə uyğunlaşmağa, bir-iki mandat əldə etməyə çalışırlar. Bu, təkcə bir neçə partiyanın sıradan çıxması deyil, rəqabətsizliyin cəmiyyətin siyasi inkişafına vurduğu ağır zərbənin ortaya qoyduğu “nailiyyətlərdir”.

Öz iradəsini ifadə edə bilməyən cəmiyyətin milli maraqların müdafiəsində nə qədər ayıq olacağı şübhə doğurur. Sabah ölkəni təhlükəyə atacaq radikal elementlər güclənərsə, ona mane ola biləcəkmi? Bu, barədə inamlı danışmaq mümkün deyil.

Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Ermənistan parlamentar idaərəçiliyə keçib, Rusiya, Dövlər Dumasının siyasi sistemdə mövqelərini gücləndirən islahatlara gedir. Ümumiyyətlə, dünyada proporsional seçki ilə formalaşan parlamentar sistem özünü doğruldan, effektiv iradəçiliyi təmin edən, cəmiyyətin maraqlarını, dövlət hakimiyyətinə ictmai nəzarəti daha yaxşı təmin hakimiyyət idarəçiliyi kimi qəbul olunur. Onu təmin etməyin başlıca yolu, cəmiyyətin inandığı seçki sisteminin formalaşdırılmasıdır. İnkişaf etmiş ölkələrin nailiyyətlərinin başında məhz bu amil dayanır. Azərbaycan da mütləq bu yolu keçməli, seçki sistemini və dövlət idarəçiliyi sistemini dəyişməlidir.

Cəmiyyətin iradəsi hakim olmayan ölkədə ciddi uğurların əldə olunması, milli maraqların qorunması çətin məsələdir. Ortada Yaxın Şərqin acı təcrübəsi var...

Elçin Rüstəmli






Fikirlər