Sentyabrın 10 - daModerator.az - da gedən “Qatilin atası zərərçəkmişə 100 min manat qanpulu təklif etdi” başlıqlı yazıda övladı keçmiş qaynı tərəfindən qətlə yetirilmiş Əli Rüstəmov baş prokuror Zakir Qaralova ünvanladığı müraciətdə istintaqın qeyri - obyektiv aparılmasından narazı qaldığını bildirmişdi.
Şikayətçi qeyd etmişdi ki, oğlu Kamal Rüstəmovun qətlə yetirilməsiylə bağlı Göygöl rayon prokurorluğunda aparılan istintaq işi qərəzli, qeyri-obyektiv aparılaraq zərərçəkmişə deyil, daha çox qatilə himayədarlıq olunmasıyla müşayət olunub. Şikayətçi bildirmişdi ki, istintaq dövrü prokurorluq orqanları onların heç bir vəsatətini qəbul etməyərək cinayət işinin mümkün qədər tez tamamlanaraq məhkəməyə göndərilməsinə səy göstərsələr də ilahi ədalət belə bir məkrli ssenarinin həyata keçməsinə imkan vermədi və nəticədə Gəncə Ağır Cinayətlər Məhkəməsi işi təkrar istintaqa qaytarmağa məcbur oldu. Loru dildə desək, işin təkrar istintaqa qaytarılması o anlama gəlirdi ki, məhkəmə Göygöl rayon prokurorluğunun müstəntiqi Rövşən Əmrahovun işi qanunsuz, başdansovdu, birtərəfli aparmasını etiraf edir.
Əli Rüstəmov Moderator.az - a göndərdiyi bu dəfəki məktubunda qeyd edir ki, məhkəmənin işi təkar istintaqa qaytarması qərarından sevincləri uzun sürməyib və nə qədər acınacaqlı olsa da təkrar həmin iş müstəntiq Rövşən Əmrahova həvalə edilib. Halbuki məhz onun qatilin atasından külli miqdarda pul alması müqabilində cinayətin digər iştirakçılarının ifşa edilməsinə imkan verməməsi demək olar ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyi ilə təsdiqini tapmışdı.
Əli Rüstəmov yazır:
“Biz hər dəfə prezident İlham Əliyevin bu və ya digər toplantılarda, rayonlardakı səfərlərində yerli əhali ilə səmimi söhbətlərində səsləndirdiyi bəyanatları eşidərək ürəklənirik və düşünürük ki, ola bilsin məmurlar heç olmasa dövlət başçısının bu çağırışından sonra məsuliyyəıt hislərini artıraraq onlara ünvanlanan şikayət məktublarını, fəryadlarını daha ciddiyyətlə nəzarətə götürəcək. Ona görə də əslində eyni məzmunu məktubları təkrar - təkrar göndəririk ki, bəlkə sinəsinə övlad dağı çəkilmiş mənim kimi valideynlərin ah - naləsi eşidildi.
Hörmətli Zakir müəllim!
Siz oğlum Kamal Rüstəmovun cinayət işini şəxsi nəzarətinizə götürərək həmin işi hətta bir müstəntiq kimi özünüz aparıb bütün təqsirkarlara ən ağır cəza istəsəniz də övladımı geri qaytara bilməyəcəksiniz. Amma heç olmasa sizə yazılı və şifahi etdiyimiz xahişləri, müraciətləri, vəsatətləri nəzərə alaraq həmin cinayət işini Göygöl rayonundan alıb başqa rayona, yaxşı olardı ki, Baş Prokurorluğun özünə verməklə evimin dirəyi hesab etdiyim, karate üzrə qara kəmər ustası olan nər kimi oğul itirmiş ataya təsəlli vermiş olarsınız. Doğrudanmı bunu etmək bu qədər çətindir? Doğrudanmı övlad itirimiş bir atanın ən son xahişinə belə biganəlik sərgilənəcək?
Əgər belədirsə mən övladımın qanını o qatilə halal edirəm və heç onun istintaq edilərək hər hansı cəzaya məhkum edilməsini də istəmirəm. Çünki mənim üçün ən böyük cəza oğlumun qatilinə hansısa müddətdə azadlıqdan məhrumetmə cəzası verilməsi deyil, onun qanının prokurorluq orqanlarının nümayişkaranə şəkildə batırmağa çalışmaları və rəhbərliyin bunu görməməsidir. Bir halda ki, bu ölkədə hüquq işləmir və ya günahkarların himayədarı rolunda çıxış edir, mənə belə istintaq və ədalət mühakiməsi lazım deyil və mən belə bir haqsız - ədalətsiz, Allahın tanınmadığı bir ölkədə yaşamaq istəmirəm.
Hörmətli Zakir müəllim!
Görünən odur ki, prokurorluq orqanları özümə qəsd etməkdən başqa çıxış yolu qoymayıb. Oğlunun günahsız yerə amansızcasına həyatdan məhrum edilməsini sübuta yetirə bilməyən atanınsa bu dünyada heç yaşamağa haqqı yoxdur. Amma məncə dünyanın sonu deyil və nəhayət, Siz həmin cinayət işinin başqa bir rayonda istintaq edilməsi barədə göstəriş verəcək, cinayətin bütün iştirakçılarının ifşa olunmasını təmin edəcək, ailəmizi bu mənəvi iztirabdan qurtaracaqsınız. Sizdən təxirəsalınmaz qərarlar gözləyirəm.