M.Ə.Rəsulzadənin ABŞ-da gürcülərin nəşr etdiyi kitaba etirazı...
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin gürcü xalqının tarixinə, mədəniyyətinə, insanlarına sayğılı münasibəti olub.1915-ci ildə görkəmli gürcü şairi Akaki Seretelinin dəfnində iştirak edib və onun bu çıxışı “İqbal” qəzetinin 1915-ci ildəki 862-ci sayında çap olunub.1930-cu ildə Parisdə qətlə yetirilən Gürcüstanın hürriyyət mücahidi N.Ramişvilinin dəfn mərasimndə M.Ə.Rəsulzadənin çox təsirli çıxışı olub.M.Ə.Rəsulzadə tanınmış siyasi xadim N.Jordaniya ilə dostluq edir və “Prometey” jurnalının Baş redaktoru Qvazava ilə xoş münasibətdə idi.Lakin 1926-cı ildə gürcü Dumbadzeinin ABŞ konqresinin mətbəəsində nəşr etdiyi “Milli Gürcüstan Cümhuriyyəti” kitabında Azərbaycan ərazilərini Gürcüstana aid torpaqlar olaraq Amerika ictimaiyyətinə təqdim etməsindən narazı qalmış və etiraz məqaləsini “Yeni Qafqasiya” jurnalında çap etdirmişdi.Həmin məqaləni oxuculara təqdim edirəm. Nəsiman Yaqublu, tarix elmləri doktoru M.Ə.Rəsulzadə Gürcü qonşularımızın Amerika propaqandası Bu propaqandanın vüsətini göstərən bir əsər gözümüzün önündədir. Bu əsərin ismi “Milli Gürcüstan Cumhuriyyəti”, naşiri də Dumbadzedir. Əsər nam-rəsmi bir mahiyyətə haiz olub Amerika Konqresinin mətbəəsində nəşr edilmiş, dörd yüzü mütəcaviz (keçən,aşan)) böyük səhifəyi ehtiva etməkdədir. Kitabın ilk qismi vaxtiylə milli Gürcüstan hökumətini tanımaq üçün Amerika Konqresinə verilən təkririn bir surəti ilə konqre xariciyə komisyonunda Gürcüstan müməssili Dumbadze və Amerikada təşəkkül edən Qafqasiya Cəmiyyəti əzasından bəzilərinin iştirakı ilə vüqu bulan müzakirələrin məzbətəsini(rəsmi qeyd) ehtiva edər. Rəsmi mahiyyəti ehtiva edən bu qismdən sonra kitab iyirmi iki müxtəlif məbhəsləri həvidir ki, bir-iki fəsil istisna etdikdən sonra, həmən kaffəsi(bütünü, qalanı) Gürcüstana aiddir. Gürcü qonşularımızın davalarını müdafiə yolunda ibraz(təzahür etdirmə) etdikləri qeyrət bizdə məmnuniyyətimizi mucib olmaqdan başqa bir hiss oyatmaz. Çünki qonşumuz və həm-dərdimiz gürcü millətinin iadəyi(geri qaytarma, təkrar) istiqlalı yolundakı müvəffəqiyyətini biz kəndi müvəffəqiyyətimiz kibi tələqqi edəriz. Fəqət yalnız gürcü müməssili deyil, kəndisinə(özünə) Azərbaycan və Şimali Qafqasiya müməssili ünvanı verən bir adamın Qafqasiyayı Gürcüstandan ibarət olaraq göstərməsini, şübhəsiz, hüsni qəbul edəməyiz. Dumbadzenin başdan ayağa gürcü davasına həsr olunan bu kitabı isə, məattəəssüf, qəbul edəməyəcəyimiz böylə bir üsul ilə tərtib edilmişdir. Hər şeydən əvvəl Dumbadzenin təşəbbüsü ilə təşəkkül edən Qafqasiya Cəmiyyəti, Mister Stevartın salifüz-zikr(irəlidə deyilmiş) komisyon hüzurunda verdiyi izahatından anladığımıza görə “Amerika xalqına və konqre əzasına(üzvünə) Gürcüstan davasını izah etmək üçün təşəkkül etmiş” imiş. Qafqasiya Cəmiyyəti, Gürcüstan davasını müdafiə məqsədi ilə təşəkkül etdiyi kibi, anlaşılan Dumbadze, Şimali Qafqasiya ilə Azərbaycan heyəti mürəxxəsələrindən aldığı səlahiyyəti də Gürcüstan faydasına sərf etmək üçün tələqqi(anlayış) eyləmişdir. Bu tələqqi(görüş,anlayış) ilə olacaq ki, o, dağıstanlıların rusluğa qarşı 55 sənə sürən məşhur müdafiəsini “Gürcüstan dağlılarına” mal etdiyi kibi, Azərbaycan petrolları mülkiyyətinin də Gürcüstan hökumətinə aid olduğunu söyləmişdir. Qambashidze imzası ilə yazılan “Qafqasiya və Gürcüstan mənabiyi(mənbə) mədəniyəsi” adlı məqalədə petroldan bəhs edilərkən, Çərmayəfə varıncaya qədər təfsilat göstərildiyi halda, petrol ocaqlarının Azərbaycana aid olduğu haqqında bir kəlmə də olsun söylənməmişdir. Digər təfsilatdan sərfi nəzər, bu məqalənin ən xarakteristik bir fıkrəsini zikr edəlim: Gürcüstan, marqanezdən məada bakır(mis) mədənləri ilə də zəngin imiş. Gədəbəy, Zəngəzur, Qatar mədənləri bu cümlədənmiş. Geniş Amerika qareləri(oxuyucuları) bilməsələr də, “Azərbaycan müməssili” Dumbadzenin bu mədənlərin Gürcüstanda deyil, Azərbaycanda olduğunu bilməsi lazım idi. Yoxsa eyni məqaləyə tardif(xoşagəlməz) olunan xəritədəki Gürcüstan hüduduna Qambaşidze kibi Dumbadze də qailmidir?! Bu xəritə həqiqətən də “Amerika propaqandası”nın bir şahkarıdır. Trabzondan başlayan bu hüdud, Azərbaycan tərəfinə gəlincə, Kür nəhri(çayı) sahili ilə uzanaraq Qazax qəzasını kamilən ehtiva edərək, Gəncənin yaxınlığına qədər gəlir və yalnız Zaqatalanı ehtiva etməklə qalmayıb, Nuxa qəzasını da yaxalıyor. Digər bir xəritədə isə “müməssil”(təmsil edən) Dumbadzenin Azərbaycan hesabına coşan şəhvəti yalnız əsl məqsədini təşkil edən Gürcüstanı deyil, Ermənistanı da tətmin(təminat vermə)ediyor. Naxçıvan qəzası ilə həvalisi Ermənistan Cumhuriyyətinə verildiyi kibi, Qars vilayəti də Ermənistan daxilində göstəriliyor. İqtisad və coğrafiyaya aid ibraz olunan bu əl çabukluğu yaxın və uzaq tarixə aid verilən məlumat fəslində təkmil olunuyor. Qafqasiya Seymi, müsəlman qonşuların Türkiyəyə qarşı göstərdikləri zəiflik üzündən dağılmış, Gürcüstan Türkiyə təcavüzündən kəndisini qurtarmaq üçün Almaniyaya iltica etmək məcburiyyətində qalmışdır. Nitəkim axirən də Gürcüstan Qızıl Rusiyaya qarşı kəndisini müdafiə edərkən, Ankaranın da bolşeviklər lehində təsirindən bəhs eyləmişdir. Yaxın tarixə aid olaraq verilən bu birtərəfli və yanlış məlumat uzaq tarixdən çıxarılan vəqalarla da təyid(təkid etmə, qüvvətləndirmə) olunmuşdur. Qafqasiyadakı iki xristian millət (gürcülərlə ermənilər) müsəlman qonşularının zülm və qədrlərinə məruz qalmış, nəticədə Gürcüstan Çar Rusiyasına iltica eyləmişdir. Müməssili olduğu halda Şimali Qafqasiya ilə Azərbaycandan müstəqilən bəhs etmədiyi halda müəllif Ermənistan haqqında Amerika məbuslarından birisinin konqredə söylədiyi nitqini dərc etməklə qalmamış, ehtimal amerikalı xristianlara xoş görünmək üçün bir taqım hadisələr haqqında füzuli mütaliələrdə bulunmuşdur. Kitab Gürcüstan lideri Jordaniyanın bir fotoqrafisi və Gürcüstan tarix, ədəbiyyat və asarı mədəniyyəsinə aid bir çox tablolar və rəsmlərlə təzyin olunmuşdur. Azərbaycan mənazirindən isə Bakı limanına, petrol ocaqlarına və Ortodoks kilsəsinə aid birər fotoqraf qonmuşdur ki, bu intixab, Qafqasiya probleminin sahibi kibi göstərilən gürcü hökumətinin Ortodoks bir milləti təmsil etməsi ilə nə qədər ahəngdardır!.. İlk tədqiqdə gözə çarpan bu xüsusiyyətlərə görə kitabın tərtibində ixtiyar olunan üsulun nədən ibarət olduğunu sezmək müşkül deyildir. Dumbadze Amerika əfkarı ümumiyyəsinin zəif notlarına basaraq, Gürcüstan davasını təqviyə(qüvvətləndirmə) etmək istəmişdir. Fəqət Ameriakadakı şəraiti istifadə etmənin qolay yollarını tərcih edən gürcü propaqandaçıları bu kibi çıxışları ilə hər daim iləri sürdükləri Qafqasiya ittihadı fikrinə endirdikləri dərbəyi(zərbəni) təqdir edəmədilərmi?!.. Amerika əfkarı ümumiyyəsini qazanayım deyə qonşuları darıldacaq bir ahəng ittihazının Qafqasiya ittihadı nöqteyi nəzərindən çox yanlış və çox zərərli bir üsul olduğunu taktiqən anlar gürcülər əlbəttə təqdir edərlər. Kəndi müqəddəratlarını qonşuları zərərinə və onlara qarşı bəslədikləri ədavətlə təmin edən politikaçıları tarixinin böyük hüsranla cəzalandırdığı məlumdur. Qonşuların haqqına təcavüz və əmniyyətlərini suistimal yoluyla məqsədə çatmaq üsulu da sağlam bir yol deyildir. Hələ “Müsəlmanların zülmündən, türklərin qədrindən” bəhs edən zəvat, Azərbaycan mənabiyi mədəniyyəsini Amerikalılara peşkəş çəkmək məharətini göstərsələr də, türk və müsəlman Azərbaycanı heç bir zaman təmsil edəməzlər. Dumbadze əsərinin Amerikadakı təsiri gürcü davası üçün müsbət bir nəticə versə də, Qafqasiya ilə Şərqdə çox mənfi bir təsir bağışlamaqdan hali qalamaz. Bizcə Parisdəki Azərbaycan və Şimali Qafqasiya heyəti mürəxxəsləri bu əsərindən dolayı səlahiyyət verdikləri Dumbadzeni mühafizə etməli, bu xüsusda Dumbadzeni protege(qorunan) edən Gürcüstan hökumətindən istizahda bulunmalı və bu əsər üzündən Amerika əfkarı ümumiyyəsində hüsul bulan təşəvvüsün(qarışma) təshihi üçün nə lazımsa yapmalı və yapdırmalıdır! Amerikadakı “Qafqasiya Cəmiyyəti” yalnız Gürcüstanı deyil, bütün Qafqasiyanı amerikalılara tanıtmalı, Azərbaycan və Şimali Qafqasiya müməssilliyini Gürcüstan namına(adına) istismar edən Dumbadze də haqqını bilməli, Gürcüstan ricalı da Qafqasiya propaqandasının böylə olamayacağını təqdir etməlidirlər! “Yeni Qafqasiya” jurnalı, İstanbul, 17 eylul 1926 / 10 rəbiyül əvvəl 1345 – 17 sentyabr 1926