Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında...

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən ...

Bu gün Azərbaycan xalqının böyük bir qətliama məruz qaldığı gündür- 31 Mart soyqırımı günüdür.1918- ci ilin martında baş verən bu qanlı qətliam haqqında  elə ilk günlərdən ermənilər ictimaiyyəti çaşdıran məlumatlar vermiş və soyqırımın səbəbkarı ittihamından kənarda dayanmağa çalışmışlar.Eyni situasiya 70 illik sovet rejimində də baş verdi.Sovet tədqiqatçıları ermənilərin  və sovet ideologiyasının təhriki ilə bu soyqırımın əsil mahiyyətini və səbəbkarlarını gizlətməyə çalışdılar.Lakin bu hadisəyə ilk obyektiv yanaşma 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə oldu və Fövqəladə İstintaq komissiyası yaradıldı, ciddi araşdırmalar aparıldı.Sonrakı illərdə isə M.Ə.Rəsulzadə yazdığı kitablarda və məqalələrdə bu soyqırım hadisəsini unutdurulmağa imkan vermədi.O, İlk dəfə olaraq 1923-cü ildə İstanbulda nəşr edilən “Azərbaycan Cümhuriyyəti” kitabında, 1924-cü ildə isə “Yeni Qafqasiya” jurnalındakı “Mart faciəsi” məqaləsində həmin soyqırım haqqında Türkiyə və Avropa  ictimaiyyətini məlumatlandırdı.M.Ə.Rəsulzadənin həmin yazısı nəşrə hazırladım “M.Ə.Rəsulzadə. Əsərləri 2-ci cild, mühacirət dövrü, Türkiyə, 1923-1931-ci illər” kitabında çapa verilmiş və ilk olaraq oxuculara təqdim edirəm.

 Nəsiman Yaqublu, professor

 tarix elmləri doktoru

MART  FACİƏSİ

(17-21 mart 1918)

“Yeni Qafqasiya” jurnalı

31 Mart 1341 / 7 ramazan  1343(1924-cü il), yıl: 2, sayı: 13, s. 6-8

 Azərbaycan təşəkkülü tarixində fəcaətlə seçilən günlərdən biri də 17 Martdır(yeni təqvimlə 29-31 mart-red). “Mart Faciəsi” adıyla  məşhur olan və bu tarixdə başlayan üç günlük qətliam, başı bəlalı Bakının keçirdiyi pək qara və məzlum günlərini təşkil edir.

 Yıl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan Bolşevik rəisi Lenin tərəfindən bütün Qafqasya Fövqəladə Komissarlığına təyin olunmuş; Türkiyə Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) də verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət etmək üçün fövqəladə səlahiyyətlər bəhs ediyordu.

 Şaumyan, Qafqasya Komisarı sıfətıylə Tiflisə getmiş ikən, kəndisinə müxalifət edən Mavərayı(Cənubi) Qafqas Komissarlığı hökumətinə müqabil, menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən, bir üsulla aradan çıxmış, təkrar Bakıya dönmüşdü.

 Şaumyanın şu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib, buradan Tiflisə qarşı  bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə qərar vermişlərdi.

 Bu qərarın qüvvədən feilə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək, Bakıda toplu bir halda bulunan rus ordusu saldatlarını(əsgərlərini-red) min dürlü iğfal(aldatma) və təşviqlərlə məmləkətlərinə getməkdən çəkindirirdilər; onları siyasi məqsədləri üçün qullanmaq istədilər. Bu xüsusda bir tərəfdən Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq üçün aldıqları əmr, digər tərəfdən də rəislərinin milliyyət etibarıyla erməni oluşu bolşevikləri, erməni Daşnaksütyun Firqəsi ilə anlaşmaya sövq ediyordu. Bilxassə ki, Bakıda  alıqolunan saldatlar arasında birkaç alay Erməni əskərləri var idi.

 İştə hökuməti Bakı Sovetləri ələ alıb komünist diktaturasını təsis etmək üçün salifüz-zikr(irəlidə deyilmiş) əvamilin təsiri ilə Bolşevik Firqəsinin Qafqasya Komitəsi, Erməni Daşnaksütyun Firqəsi ilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, şimdi artıq iş təcavüzə keçmək üçün bir bəhanə aramaya qalmışdı. Təcavüzün Bakı Türklərinə qarşı icra ediləcəyi kəndiliyindən məlum. Həm qolay bir müvəffəqiyyət istehsalı üçün bu cəbhəyə təcavüzdən daha münasib bir tərzi hərəkət bulunamazdı. Çünki vaxtında Rus Çarizmi tərəfindən mükəlləfiyyəti əskərliyə tabe tutulmayan Türk xalqı, əskəri təşəkkül nöqteyi nəzərindən pək zəif bir halda idi.

 Bəhanə bulundu. Milli Türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya göndərilən əskəri heyətin birkaç gün əvvəl tovqif(həbsə alma,saxlatma) edilməsi səbəbiylə zatən elektriklənmiş bir halda bulunan Türk əhalisi ikinci bir hadisə ilə daha ziyadə həyəcana verildi.

 Lənkəranda təşəkkül etməkdə olan Türk milli alayında bir qrup qəzaən vəfat edən arkadaşlarının cənazəsini Bakıya təşyi(yola salma) ilə geri dönmək istəmişlər. Sovet mühafizləri tərəfindən limanda bir istimbota minmək üzərə ikən mühasirə edilmiş, tərki silah etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli Türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzərə ikən sayğısız birtaqım cahilin qərəzkar müfəttinlərə alət olması ilə fitnə təkrar alovlanmış, zatən günlərdən bəri qətliama hazırlaşmış bulunan Bolşevik Erməni qüvvəyi müsəlləhəsi müharib bir vəziyyət alaraq şəhərin Müsəlman məhəlləsini bombardman etməgə başlamışdır.

 Bu təərrüz(təcavüz) qarşısında istər-istəməz müdafiəyi nəfs etmək zərurətində qalan Türklər təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən, biz-zərurə, silahlarına sarılmışlarsa da qeyri müsavi bir müqatələdə bittəbi məğlub olmuşlardır. Türk əhalisi üç gün tamam müdhiş bir qətliama uğramış, şəhərin müsəlman hissəsi dini, milli və ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.

 Bu surətlə başlayan Mart Faciəsinin nə kibi bir vəhşət və kin mənzərəsi təşkil eylədigini təsvir edə bilmək üçün bulunan bir vəsiqəni iqtibas edəlim: Bu vəsiqə Mart hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim edilmişdir. Kulka(?) namını daşıyan bu zat milliyyətcə Türk və Müsəlman olmayıb Xristian olduğundan kəndisini Türklər lehində mübaliğə ilə ittiham etmək əlbəttə caiz olamaz. İştə bu bitərəf mühəqqəq(tədqiq olunmuş) Mart Faciəsinə aid təsvir etdiyi lövhələrdən birər parça:

 “... Münhəsırən(bir şeyə məxsus olan) Müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhalini öldürüyor, şimşirlərlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evlərə atəş veriyor, çocuqları bu atəşlərə ataraq diri-diri yaxıyor, üç-dörd günlük südəmər çocuqları isə süngülərə taxıyorlardı...”

 “Hadisatı mütəaqib(bir-birinin ardınca) toprağa gömülmüş 57 İslam nəəşı bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.

 “Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan(çılpaq) bir halda sokaklarla sevk və kəndilərini tüfəng dibçikləri ilə dərb ediyorlardı”.

 “Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədiyi kibi, ixtiyarlara da aman yoxdu. Məsəla Əlizadə Hacı Əmirin evində 80 yaşlı annəsi, 60 və 70 yaşlı qadınları öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivilənmişdi”.

 “Məqdul(öldürülmüş) bir Müsəlman erkəyinin aləti tənəsüliyəsi kəsilib bir az ötədə düşən məktulə bir İslam qadınının ağzına verildiyi kibi, çocuğunu əmizdirir bir vəziyyətdə yerlərə sərilən zavallı qadın nəəşləri və daha bir çox fəci və kərih mənzərələr təşkil edən cinayət əsərləri görülmüşdür” diyor.

 Kulka Əfəndi, divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə bulunan çoluq-çocuq nəəşlərinin fotoqraflara təsbit olunmuş canhıraş vəqalardan da bəhs ediyor. Fəqət bu vəqaları biz burada tamamıyla təfsil edəcək deyiliz. Qarilərimizin(oxucularımızın) zatən mütəəssir bulunan əsəbini daha fəzlə əzmək istəməyiz!.. 

 Mart hadisəsi günlərində Qızıl Rusiya müməssilləri(nümayəndələri) ilə Rus siyasətinin zavallı aləti olan bir qisim Erməni xalqının Azərbaycan Türklüyünə qarşı nə müdhiş bir kin və ədavət bəslədigini göstərmək üçün bu qədərini söyləmək də kafidir.

 Bu ədavət, Türk xalqının mövcudiyyəti təbiiyəsinə olduğu kibi, mənəviyyatına da tovcih(üz döndərmə) edilmişdi. Üç gün zərfində 15.000 İslam öldürülmüş; Türk müəssəsəatı milliyyəsinin sarayını təşkil edən İsmailiyyə binası ilə “Açıq Söz” və “Kaspi” mətbəələri atəşə verilmiş; Bakının ən böyük camii top mərmiləriylə dəlik-deşik edilmişdi.

 Əvət, Ermənistan muxtariyyat və istiqlalının fərmanının cibində daşıyan Şaumyanın qəzetəsi “Bakinski Raboçi” milliyyətçi Azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar bulursunuz!” demişdi. Həm 17-21 Mart günlərində əldə etdiyi qolay müvəffəqiyyəti mütəaqib(bir-birinin ardınca) Şaumyan diktaturası bu vədini tamamıyla ifaya qalxmışdı. Bakıdan sonra sıra Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda İslam məhəlləsinin daşı daş üstündə qalmamış, Ərəb fatihləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dayanan, birkaç əsrin mədəniyyət şahidi bulunan Camii Kəbirə belə acımamış, bütün şəhəri atəşə vermişlərdi.

 Bolşevik − Daşnaksütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günkü hərəkəti möhtəməl(ehtimal olunan) Türkiyə təcavüzünə qarşı hər növ tədbir görmək, Qafqasya cəbhəsini tərk edən mütəlaşi Rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki, Lenin, Şaumyan namına yazdığı dekretdə Türkiyədən çəkilən Rus ordusunun yerinə Erməni alaylarının təşkilini əmr ediyordu. Ermənilər Türkiyə əleyhdarı olduqlarından iltizam, Azərbaycanlılar isə lehdar olduqlarından rədd və qəhr olunuyorlardı. Nitəkim mənhus Mart günlərinin nəticəsində əqd olunan “müsəlaha” mərasimindən sonra iniqad(bağlanma,təşkil etmə) edən Sovet ictimaında Müsavat Firqəsinin bayrağını çignəyən bir Bolşevik komissarı Suxoçev (?), “Türkiyənin Bakı cəbhəsi alındı!” deyə elanı şürur eyləmişdir.

 Anadolu böyük qardaş fədakar Məhmətçikin tarixi yardımı ilə Bakını istirdad(geri alma) edən Azəri xalqı, heç şübhəsiz ki, Türkiyənin deyilsə də, Türklüyün  Bakı cəbhəsini düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdir.

 Heyhat ki, sui talih bu milli cəbhəni təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o fəci Mart günlərini xatırlarkən bu əlim faciənin hələ təmadi etməkdə olduğunu görməklə dağdarız!.. Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliyinin bu mənhus(uğursuz) istila hökuməti ilə barışamaz bir mücadiləyə girişdiyini görməklə də mütəsəlliyiz. Bu təsəlli bizə Türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan Cumhuriyyətinin təkrar hürriyyət kəsb edəcəgini və istiqlalını istirdad(geri alma) ilə çəkdiyi bu acıların mükafatına haqqıyla nail olacağını qüvvətli ümidlərlə təlqin edər.

 Azəri

(Qeyd: M.Ə.Rəsulzadə bəzi yazılarını bu imza ilə çap etdirirdi -N.Y.)






Fikirlər