"Qarabağda nə nöqtə var, nə nida - Qarabağda suallar var yan-yana..."
Biz gənc dövlətik və 102 il əvvəl qazandığımız, 23 ay sonra itirib, 71 ildən sonra yenidən bərpa etdiyimiz dövlət statusu tariximizin ən böyük qələbəsi olaraq qalır. Biz imperiya olmamışıq, imperiyaların ayaqları altında qalmışıq. Ona görə də, imperiyaların tozu altında qalmağımıza, iki yerə bölünməyimizə baxmayaraq kiçik bir ərazidə dövlət yaratmağımız, onu itirib yenidən bərpa etməyimiz bizim qələbəmiz sayılır. Təəssüf ki, hər dəfə müstəqilliyi itirəndə də, qazananda da torpaqlarımızın da bir hissəsi bizdən alınıb və geridönməz itkilərə məruz qalmışıq.
İndi isə biz tariximizin məğlub millət və məğlub dövlət dönəmini yaşayırıq və bu, tariximizin ilk məğlubiyyəti deyil. Elə bəla da ondadır ki, biz qələbədən çox məğlub olmağa alışdırılmışıq, alışmışıq. Həqiqət bütün acılığı ilə dünənki və bu günkü tariximizin pəncərələrindən bizə baxsa da, hələ ki, bu acılıq üzümüzün ifadəsini, ekzotika sayıla biləcək qəlibləşmiş təfəkkürümüzü dəyişmir və növbəti məğlubiyyət kimi içimizdə siniririk.
Adətən qaliblər həqiqətdən çəkinmir, qorxmurlar, məğlub isə həmişə yalan danışır və yalan danışmamağı bacarmır. Biz bütün məğlublar kimi öz bədbəxtliyimizin səbəbini kənarda axtarırıq, az qala bütün dünyanı günahlandırırq, qismətimizə lənətlər yağdıraraq xəyanətkarlar axtarır, şübhələr içində məğlubiyyətimizə bəraət qazandırmaq üçün yalançı sığınacaqlar axtarır və yalandan başımızı dik tutsaq da, içimizdə hansı çuxura düşdüyümüzü bütün varlığımızla hiss edirik. Məğlub olmağımızın səbəbi bizik, tarixin dərslərindən nəticə çıxara bilməməyimizdir.
Məğlub olanların heç nədə, heç bir yerdə sevinci olmur. Biz sevinci üzündə donmuş millətik. Təbii, bu vətəni sevənlərə, dövlətini fikirləşən çox az bir insana aiddir. Məğlubiyyəti dərk etməyib, yalnız özü üçün, ailəsi üçün yaşayanları vətən maraqlandırmaz, onların bir məqsədi var: bu vətənin malını, dövlətini, sərvətini talan edib keyf çəksinlər, üzləri daim gülsün. Bunlar hətta vətənə, xüsusilə Qarabağa nifrət edirlər, vətənin sərvətlərindən taladıqları pulları bu vətəndə saxlamağa da qıymırlar. Talayın bu ölkəni, dağıdın bu sərvətləri! Sizlər nə bilərsiz torpaq nədi, torpağı dövlət etmək, onu qorumaq nədi. Siz sərvətlərinizi Londona, Nyu-Yorka, dünyanın dörd bir tərəfinə daşıyanda, dünyanın hər yerində olan ermənilər pullarını Arutunyana göndərir ki, çək yolları, birləşdir Qarabağı Ermənistanla. Xankəndi-Şuşa-Laçın-Gorus və Xankəndi-Ağdərə-Kəlbəcər-Basarkeçər yollarından sonra Hadrut ərazisini Qafan şəhəri ilə birləşdir, Qarabağda yeni və böyük məskunlaşdırma, iqtisadi inkişafı həyata keçir. Azərbaycan nazirləri, Londonda, Nyu-Yorkda məskunlaşır, ermənilər Qarabağda. Fərqi gördünüzmü?
Məğlub millətə qalib düşmənin inkişafına yana-yana baxmaq qalar. Siz baxmarsınız, yananlar yurdu düşmən tapdağında qalanlardı, yananlar milləti, dövləti üçün yananlardı. Siz uzaqbaşı bu vətənə yanan “ kababın üstündən sərin su pis olmaz deyən kimi” baxanlarsız. Siz bu vətənə Rüstəm bəy Məşədi İbada baxan kimi baxanlarsız-“Pul dağarcığı”kimi.
Milləti vətənin azad olmasına hazırlamaq əvəzinə gecə-gündüz Rusiya ilə, İranla qorxudub, millətdə “ erməni Kürə qədər gələ bilər” xofu yaratmaqla təbliğat aparırsınız. Ümumiyyətlə, bu işğal dövründə Qarabağa nə qədər zaman sərf edirsiniz? Çox sadəlövh sual oldu, eləmi? Əgər dövlətin, vətənin torpaqları on illərdir ki, işğaldadırsa.., deməli belə bir zaman ayrılmayıb.
Ümidsizliyin gücü ondadır ki, nəticəsi məhvedicidir. Bu xalqı, hər bir hərəkətinizlə niyə ümidsiz edirsiniz? “Şuşa andiçməsinə” susursunuz, parlamentdə susursunuz, məskunlaşmaya susursunuz, yol çəkilməsinə, SES tikilməsinə susursunuz.Danışanda da biabır olursunuz və xalqı təslimçiliyə apardığınızın fərqində deyilsiniz.Yox, səhv etdim, məhz fərqindəsiniz.
Bu gün Azərbaycanın kədərli mənzərəsinə baxın: ruhu özünənifrətin sərhədlərində, əsəb yollarında gəzən məyus olmuş, əzilmiş xalq. Siz, sərvət talançıları, ölkə vətəndaşlarının bir-birinə nifrətindən xəbəriniz varmı? Düşmənə qarşı heç bir hərəkət görməyib, yalnız zülm və ədalətsizlik, talançılıq görən insanların nifrəti pik nöqtədədir. Bütün bu dəhşətlərin sonu olaraq bir-birimizi nifrətdən didəcəyik, əgər sağ qalsaq ... Sizlərin talançı və doymayan gözləriniz o xalqı görmür, çünki qara neftdən əldə etdiyiniz ağ günlər qaranlıqda boynu bükülmüşləri görə bilməz. Boynumuz pulsuzluqdan yox, məğlub millət kompleksini içimizdə gəzdirdiyimizdən bükülüb. Keyf çəkdiyiniz xaricdə heç sizlərə yaxınlaşıb deyən olubmu ki, hardansınız? Cavab verəndə deyiblərmi ki, həə.., tanıdıq, siz Qarabağı uduzan dövlətin vətəndaşlarısınız. Belə bir ölkənin də vətəndaşı heç nə olmamış kimi necə sevinə bilər? O zaman qanınız it qanına dönübmü? Hələ o sualı verən ermənidirsə, boynunuz yerə giribmmi? Inanmıram, sizlər belə hisslərlə yaşayanlar deyilsiniz, cənab sərvət talançıları!
Belə davam etməyəcək! Dünənə, bu günə, sabaha baxıb,ürəyimizin ən kiçik zərrəciyi ilə hiss edirik ki, qələbədən kənarda bizim xilasımız yoxdur. Biz mübarizə və müharibə aparacağıq və qaranlıq mövcudluğumuza, işğala son verəcəyik, çünki qələbə olmadan bizim üçün bir qurtuluş yoxdur. Əynimizə kəfən geyib, açıq qəbirlərimizə doğru gedəcəyik, amma qalibin əlindən “zəhərli sülhü” qəbul etməyəcəyik!
Bunlar sözlər deyil, bu, Azərbaycanın öz qəlbinin səsidir. Qələbə xaricində bizim xilasımız yoxdur!
Qarabağda nə nöqtə var, nə nida
Qarabağda suallar var yan-yana
Qələbədir sualların cavabı
Yoxdur onsuz bu millətin sabahı...
İlham İsmayıl