“Amerikada ən azı iki dəfə PREZİDENT OLMUŞDUM”

“2018-ci il prezident seçkilərində məğlub olsam, partiya sədrliyindən istefa verməyəcəm”.

Bunu  Modern.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, məğlubiyyətdən sonra dərhal istefa vermək düzgün deyil:

“Əvvəla, qələbə ilə istefanın arasında heç bir əlaqə yoxdur. Dünyanın bir çox məşhur siyasətçiləri məğlub olduqdan sonra da siyasətlə məşğul olur. Məsələn, Süleyman Dəmirəl altı dəfə həbs olunub. Lakin yenidən seçkilərdə iştirak edib və qalib gəlib. Çörçil ikinci dəfə seçkilərdə uduzsa da, üçüncü dəfə qalibiyyət onun olub. Yəni dünyanın əksər ölkələrində çox böyük siyasətçilər məğlubiyyətlərdən sonra hakimiyyətə gəlib. Ona görə də məğlubiyyətdən sonra dərhal istefa vermək düzgün deyil. Əgər məğlubiyyətin səbəbi həmin şəxsin kefiyyəti ilə bağlıdırsa, o, istefa verməlidir. Günah onu seçən adamlardadır. Amma obyektiv səbəblər, məsələn, seçki saxtakarlığı, hakimiyyət müdaxiləsi, qeyri-bərabərlik varsa,  uğursuzluğu namizədlə əlaqələndirmək olmaz. Bu cəmiyyətlə bağlıdır, şəxslə yox. İdeal bir şərait yaransa və mən orda məğlub olsam, deməli günah mənim şəxsiyyətimdədir.

Müharibədə vuruşub yaralanan əsgər son ana kimi düşmənə qalib gəlmək istəyir, lakin ölürsə, məğlub deyil, şəhiddir. Bu baxımdan bizim seçkilərdə iştirak edib hakimiyyətə məğlub olmağımız şəhidlik kimi bir şeydir. Qeyri-bərabər şəraitdə mübarizə aparmağımız qəhrəmanlıqdır. Qəhrəmanları da istefaya göndərmirlər, medalla təltif edirlər. Azərbaycanda formal tərəflə faktiki tərəflər arasında fərqi görmürlər. Hər şeyə formallıqda yanaşırlar. Əgər ölkədə baş verənlərə faktiki tərəfdən yanaşsalar, onda bu suallar meydana çıxmayacaq. İctimai-siyasi hadisələrə real baxmaq lazımdır. Azərbaycan şəraitində hər uduzan istefa verməməlidir”.
“Amerikada ən azı iki dəfə prezident olmuşdum”

“Prezident olmaq üçün birinci insan ağıllı olmalıdır. Ağlımın göstərici mənim elmi fəaliyyətimdir. İkinci xalqına, vətəninə sədaqətli olmalıdır. Bir dəfə də olsun vətənimə xəyanət etməmişəm. Ailəmizdə də şəhidlər var. Qardaşım, qardaşımın oğlu şəhiddir. Bu onu göstərir ki, biz xalq üçün hər şeydən keçməyə hazırıq. Üçüncüsü, təcrübə olmaldır. Mən 1986-cı ildən bu tərəfə siyasətdəyəm. İdarəetmə, təşkilatçılıq qabiliyyətim yaxşıdır.  Bu xüsusiyyətlər olanda partiyanın seçkilərdə məğlub olmasının səbəbi Sərdar Cəlaloğlu ola bilməz. Amerika, Avropa kimi yerdə mən ən azı iki dəfə prezident olmuşdum. İki dəfə seçkilərdə iştirak eləmişəm, ikisində də udmuşam. Avropa məhkəməsi haqlı olduğuma qərar verib. Bundan artıq mən nə etməliyəm?..

Prezident seçkilərinə ona görə müraciət etmədik ki, Avropa Şurasının prezident seçkiləri ilə bağlı məsələyə baxmaq hüququ yoxdur. Biz daha nələr etməliyik ki, qələbəmiz hesaba alınsın. Cəmiyyət özü seçdiyi adamın irəli getməsi üçün mübarizə aparmır. Elə bilir ki, səsi verdi və işi bitdi”.






Fikirlər