Əməkdar artistin ittihamlarına teatr rəsmisindən sərt reaksiya: “Dediyi başqa yerdən ad alsın”

Əməkdar artist Çingiz Əhmədov ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında ekspert qismində iştirak edərkən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına ittihamlar irəli sürüb.

Sənətçi indiyə kimi aldığı bütün mükafatlardan, eləcə də 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülməsindən teatrın rəhbəri Ə.Lalayevin xəbəri olmadığını vurğulayaraq, “Səninlə kəllə-kəlləyə gələcəyəm. Əl çəkməyəcəyəm. Teatrda aktyorların qanını içirsən. Aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb cibinə qoyur” deyib və qarşı tərəfi günahlandırıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova ilə əlaqə saxlayıb.

V.Mühacirova teatrın rəhbəri Ə.Lalayevin ünvanına səslənən ittihamlara belə reaksiya verib:

“Yaradıcı insanlar bir az emosional olur. Ola bilər ki, Çingiz müəllim pandemiya dövründə işsizlikdən, ruhi vəziyyətinin gərginliyindən bu cür emosional çıxışlar edir. O, bizim teatrın sevilən və seçilən aktyorudur. Teatrdan çox, onun televiziya tamaşaçısı var. Əgər Çingiz müəllim belə layiqli insan idisə, televiziyalardan ona dəvətlər gələrdi. İstədiyi vaxt ona ad da verərdilər. Özü də qeyd edir ki, indiyə kimi fəxri adları və mükafatları teatrdan almayıb. Belə çıxır ki, başqa yerdən ala bilir. Getsin, həmin o dediyi başqa yerdən yenə ad alsın. Ona heç kim söz demir. Çingiz müəllim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur və biz onun barəsində pis fikir söyləyə bilmərik. Aktyordur, yaradıcı insandır, uzun müddət səhnədə çalışıb. Teatrımızın ən çətin vaxtlarında gedib öz işləri ilə məşğul olub. Biz bu barədə danışmırıq. Məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik”.

V.Mühacirova əməkdar artistin Ə.Lalayevin ünvanına səsləndirdiyi “aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur, həmin 30 manatları yığıb, cibinə qoyur” fikirlərinə belə münasibət bildirib:

“Çingiz müəllim bunu necə deyibsə, bilmirəm. Teatrda iş və maaş saathesabı təyin olunur. Ola bilər ki, o, bir müddət işə gəlməyib və maaşı işə gəldiyi günlərə görə hesablanıb. Yəqin bunu demək istəyir. Adını isə pulun tutulması qoyur. Biz onun özünə və hisslərinə hörmətlə yanaşırıq.

Xalq artisti kimi fəxri adı necə və hara gəldi paylamaq həm məmur üçün böyük ayıb hesab olunardı, həm də ölkəmizə qarşı hörmətsizlikdir. Eləcə də Prezident təqaüdünü. 74 və ya 84 yaşı olanlara ucdantutma Prezident təqaüdü verilməlidir? İnsan var ki, əziyyət çəkir və həmin təqaüdə layiq görülür. Çingiz müəllim söyləyir ki, bunların heç birini teatrdan almamışam. Demək ki, başqa yerdən də almaq mümkündür”.

Ç.Əhmədovun “Həmkarım Novruz Qartalın 74 yaşı var, 400 manata kirayədə qalır. Üç nəvəsi var. Ə.Lalayev 82 yaşlı Əməkdar artist Boris Qrafkiyə mükafat yazır, amma Novruza yazmır” sözlərinə teatrın direktor müavininin cavabı belə olub:

“Əlbəttə, Ə.Lalayevin aktyor N.Qartalın vəziyyətinin yaxşı olmamasından xəbəri var. Məhz bu səbəbdən pandemiya dövründə yaşı ilə əlaqədar Novruz müəllim bizdə yalnız müqavilə ilə çalışır. Bizim yaşlı nəsilə hörmətsizliyimiz olsaydı, N.Qartalı 65 yaşı tamam olandan sonra (teatrda cəmi bir-iki rol ifa edir – red.) teatrdan uzaqlaşdırardıq. Amma bir aktyor kimi onu teatrımızda qoruyub saxlayırıq, müəyyən rollar veririk. Pandemiya dövründə o, səhnəyə çıxmadığı üçün əslində, maaş almalı deyil. Lakin biz ona maaş da veririk, pandemiya dövründə əlavə yardım da etmişik. Yer üzündə hamı kirayədə yaşayır. Belə çıxır ki, teatr hamıya ev verməlidir? (gülür). Bu nə dərəcədə məntiqli düşüncədir? Ölkədə evi olmayıb, kirayədə yaşayan təkcə musiqi teatrının aktyorudur? Biz nə dərəcədə böyük müəssisə olduq ki, hamıya ev verək, kasıbları varlandıraq? Öz işimizlə məşğul oluruq. Pandemiya dövründə də tamaşaçılarımızla virtual olaraq görüş üçün layihələr hazırlayırıq. Çingiz müəllim efirə çıxıb danışmaq əvəzinə, bu layihələrin birində iştirak etsəydi, hər halda tamaşaçı tərəfindən alqışa layiq bir iş görmüş olardı”.

Aktyorun səsləndirdiyi “Ə.Lalayev teatrın direktor müavini Vəfa xanıma səlahiyyət verib ki, hansı aktyor məşqə gəlməsə, onun məvacibindən pul kəssin” ittihamına isə V.Mühacirova “Çingiz müəllimə mənə bu cür dəyər verdiyi üçün təşəkkürümü bildirirəm (gülür)” dəyərək, fikirlərini belə davam etdirib:

“Teatrın direktor müaviniyəm, burada öz işimi görürəm. İşim nədən ibarətdirsə, onun öhdəsindən gəlməyə çalışıram. Əgər Çingiz müəllim məni belə yüksək rütbədə görürsə, nə xoş mənə…”






Fikirlər