ONLARIN təyinatından bir il keçdi – Azərbaycanda NƏ DƏYİŞDİ?!
Bu gün - iyunun 20-də Azərbaycanın iki güc strukturunun rəhbərlərinin dəyişdirilməsinin 1 ili tamamlanır. Ötən il Prezident İlham Əliyevin sərəncamları ilə Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrinə təyin olundular. Bu təyinatlar gözlənilməz olduğu qədər, xeyli maraqlı qarşılandı. Çünki həmin ərəfədə DİN-də və DTX-də rəhbər dəyişiklikləri gözlənilmirdi. Amma bir məsələ var ki, 2018-ci ilin aprel ayından başlayaraq Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan kadr islahatı bu iki quruma nə vaxtsa şamil olunacaqdı. Sadəcə olaraq, DİN-in və DTX-nin rəhbərlərinin dəyişdiriləcəyi barədə nə mediada, nə sosial şəbəkədə, nə siyasi çevrələrdə müzakirələr aparılmırdı. Bu dəyişikliklə bağlı gözlənti yox idi. Bəs ötən 1 il ərzində nə dəyişdi? Dövlətin ən vacib strukturlarından olan Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizlik Xidmətində bu cür gözlənilməz kadr dəyişikliyi ölkəmizə, cəmiyyətə nə verdi? Mövzunu “Yeni Müsavat”a şərh edən sabiq polis rəisi Mahmud Hacıyev güc strukturlarına rəhbər vəzifəyə təyinat almış hər şəxsi öz sahəsinin peşəkarı adlandırıb: “Güc strukturları digər dövlət qurumlarından gərgin iş qrafiki, təşəbbüskarlıq, vaxtında və düzgün qərar vermə kimi tələbləri ilə fərqlənir. Vilayət Eyvazov vəzifəyə təyinat aldığı gündən təşəbbüskarlıqla işə başlayıb. O, daxili işlər orqanlarının strukturuna yaxşı bələddir, şəxsi heyəti çox yaxşı tanıyır. Ona görə də təyinat düzgündür”. Mahmud Hacıyev deyir ki, Vilayət Eyvazovun daxili işlər orqanlarında apardığı islahatlar artıq öz nəticəsini verməkdədir: “Struktur dəyişiklikləri, yeni təyinatlar öz sözünü deyir. Məsələn, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi dəyişdirildi. Ötən zaman ərzində bu sahədə atılan addımlar və keçirilən əməliyyatların müsbət nəticələri oldu. Bu idarənin rəisi başqa xidmət sahəsinə göndərildi. Yeni təyinatdan sonra idarənin işində əməlli dönüş yaranıb. 5-6 ay ərzində son 2-3 ildə keçirilən əməliyyatların sayından daha artıq uğurlu əməliyyat tədbirləri keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi dəyişdirildi. Nəticədə baş verə biləcək cinayətlərinin qarşının alınması yönündə yaxşı nəticələr əldə olundu". Mahmud Hacıyev deyir ki, daxili işlər naziri gözləntiləri doğruldub: “Zabitlərin vətəndaşları qəbul etməsi, dinləməsi, yola salması tövrü dəyişib. Rayon polis idarələri rəislərinin, müavinlərinin vətəndaşların ərizə və şikayətlərinə baxması da müsbət mənada dəyişib. Vətəndaşlarla davranışların yüksək səviyyədə, etik çərçivələrdə olması təmin olunub. Polis nəfərlərinin vətəndaşlarla davranışı da göz qabağındadır. Vilayət Eyvazov ona göstərilən etimadı tez bir zamanda doğrultdu”. Mahmud Hacıyev vəzifəyə təyinatının 1 ili tamam olan Əli Nağıyevi təhlükəsizlik orqanlarında çalışan peşəkar kadr kimi tanıdığını deyib: “Əli Nağıyev təhlükəsizlik orqanlarında püxtələşmiş, yetişmiş kadrdır. Onun bu vəzifəyə təyinat almağı qanunauyğunluq idi. Əli Nağıyevi indiki Binəqədi rayonunda əməliyyat müvəkkili işlədiyi dövrdən tanıyıram. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən - leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında pillə ilə yüksəlib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, nazir müavini səviyyəsinədək böyük bir yol keçib. O, peşəkar bir çekistdir. Ötən 1 il ərzində Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı əsaslı işlər görülüb. Əsas məsələ dövlətin təhlükəsizliyini qorumaqdır. Bundan əvvəl qeyd olunan postda oturan Eldar Mahmudovun işi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq idi. Onun özü dövlətin təhlükəsizliyinə təhlükə idi. Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilməsi bu sahəyə illərlə vurulan ziyanı müəyyən mənada kompensasiya etmiş oldu. 1 il ərzində nə etmək mümkün idisə, bu işlər artıqlaması ilə, həm də keyfiyyətlə yerinə yetirildi. Öz işini bilən, rəhbərlik etdiyi sahəyə yaxşı bələd olan kadrların vəzifəyə təyin olunması ötən 1 il ərzində müsbət mənada dəyişiklikləri ortaya qoyub. Əli Nağıyevin rəhbərliyi altında icra başçılarının ifşasını, nazir müavininin həbsini və bu qəbildən olan əməliyyatları cəmiyyət olduqca yaxşı qarşıladı. Əli Nağıyev təhlükəsizlik orqanının imicini 1 il ərzində qaldıra bildi”. Deputat Fəzail Ağamalı da mövzu ilə bağlı deyib ki, güc strukturlarının rəhbərliyinə 1 il əvvəl peşəkar kadrların təyinatı olduqca vacib məsələ idi: “Ölkə prezidentinin apardığı islahatlar içində ən ciddi əhəmiyyət kəsb edən kadr islahatlarıdır. 2018-ci il prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi islahatlar başladı. İki mühüm sahənin rəhbərliyinə peşəkar, yüksək imici olan, dövlətçiliyimizə bağlılığı, qətiyyətli mövqeyi ilə seçilən kadrlar gətirildi. Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyin olundular. Buna qədər hər iki general Azərbaycan cəmiyyətində yetərincə tanınırdılar. Vilayət Eyvazov daxili işlər orqanlarında, Əli Nağıyev təhlükəsizlik orqanlarında püxtələşmiş, özlərini təsdiq etmiş kadrlardır. Hər biri öz sahələri üzrə üzərilərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirdi və təbii ki, bu, diqqətdən kənar qala bilməzdi”. Fəzail Ağamalı deyir ki, ötən 1 il ərzində daxili işlər və təhlükəsizlik orqanlarında baş verən dəyişiklikləri hər kəs görür: “Vilayət Eyvazov üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Cənab prezidentin etimadını yüksək səviyyədə qazanmaqda və xalqın rəğbəti içərisində fəaliyyətini davam etdirməkdədir. Vilayət Eyvazov polis sistemində aşağıdan yuxarıya doğru pillə-pillə yüksəlib. Bu da peşəkarlığa, təcrübəyə, şəxsi heyətlə işləməyə, vətəndaşla münasibət qurmaqda böyük rola malik bir amildir. Onun dövlətə, Prezidentə bağlılığı birmənalıdı. Vilayət Eyvazov dövlət üçün ən böyük fədakarlıq etmiş bir daxili işlər orqanı zabitidir. Yaxın tarixdə hər kəs bunun şahidi olub. Peşəkarlıqla fədakarlıq, sədaqətlə təcrübə birləşdikdə, bunun qarşısını kimsə ala bilməz”. Deputat Əli Nağıyevin personası ətrafında da danışıb. Sitat: “Təəssüf ki, Əli Nağıyevə qədər xüsusi xidmət orqanlarının imici ciddi şəkildə zədələnmişdi. Eldar Mahmudovun yaratdığı banda insanlara zülm verir, sahibkarları soğan kimi soyurdular. Bu adamlar təhlükəsizliyi həyata keçirmək əvəzinə özləri təhlükəyə çevirilmişdilər. Əli Nağıyevin təyinatı ilə bu sahədə köklü dəyişikliklər baş verdi. Qara maskalı ağ niyyətli oğlanların bir-birinin ardınca keçirdikləri əməliyyatlar cəmiyyətdə rəğbətlə qarşılanıb. Bu əməliyyatlar peşəkar çekist olan Əli Nağıyevin rəhbərliyi ilə çox yüksək səviyyədə həyata keçirilib. Əli Nağıyevin qısa müddətdə formalaşdırdığı komanda bu əməliyyatları peşəkarcasına həyata keçirib”. Fəzail Ağamalı bir məqama da diqqət çəkib. Deyib ki, Əli Nağıyev vaxtilə əldə silah vətən torpaqlarının qorunmasında yaxından iştirak edib: “Bunun foto və video faktları mövcuddur. O vaxt Azərbaycanda ordu quruculuğu hələ başlamamışdı. Polis və xüsusi xidmət orqanlarının təmsilçiləri erməni işğalçılarına qarşı əldə silah gecə-gündüz vuruşurdular. Bu şərəfli və müqəddəs işi görənlərdən biri də Əli Nağıyev olub. İndi də o, Azərbaycan dövlətinin təhlükəsizliyi uğrunda gecə-gündüz mübarizə aparır”.