SƏFİR oğlunun adı keçən SİRLİ ÖLÜM işi – 3 il əvvəlin DOSYESİ

3 il əvvəl, 26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsi baş verdi. 

Yenisabah.az xatırladır ki, azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyeva dənizdə boğuldu.

Bundan sonra sosial şəbəkələrdə, mətbuatda Günel Mirzəyevanın həyatla öz xoşu ilə vidalaşmadığına dəlalət edən məlumatlar yayıldı.

Ortaya çıxan məlumatlar çox ciddi mətləblərdən xəbər verirdi. Günel Mirzəyevanın öldürülməsi fərziyyəsinin yoxlanılmasının zəruriliyini ortaya qoyurdu.

Həmin gün nə baş vermişdi?

Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 5 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundov olub.

Xəbər ictimailəşəndən sonra Həbib Axundov ilk olaraq hadisə yerində olmadığında israr etdi. Anası tələm-tələsik mətbuata açıqlama verib “oğlum orda olmayıb, olsaydı, üzgüçüdür, o qızı xilas edərdi” tipli açıqlama verdi.

Bu açıqlama ortada ikən Həbib Axundov hadisə yerində olduğunu, lakin sahildə dayandığını, yaxtada olmadığını açıqladı.

Ortaya çıxan faktlar isə Həbib Axundovun nəinki hadisə yerində olduğunu, faktiki olaraq Günel Mirzəyevanın həmin gün Bilgəhdə dənizdə, yaxtada olma səbəbinin məhz Həbib Axundov olduğunu üzə çıxarırdı. Məlum olurdu ki, Günel Mirzəyeva sirli ölümünə qədər ailəli olub. Həbib Axundov Günel Mirzəyevaya “Jeep Wrangler” markalı maşın bağışlayıb. Günel Mirzəyeva uzun müddət Həbib Axundovun adına olan Nəsimi rayonu, Vəzirov küçəsi 50 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayıb. Həbib Axundovla sıcaq münasibətləri yaranandan sonra isə həyat yoldaşından boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib.

Bilirsiniz Günel Mirzəyevanı məhkəmədə nümayəndə olaraq kim təmsil edib?

Düzdür, Həbib Axundovun anası Elmira Axundovanı  məhkəmələrdə nümayəndə olaraq təmsil edən Rövşən Yusifov. Günel Mirzəyevanın bacısı Cəmilə Mirzəyevanın da boşanma işinə Elmira Axudnovanın təmsilçisi çıxıb.

Daha bir məqam.

Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra Günel Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Həmin 3 gün ərzində Elmira Axundovanın sürücüsü Fərrux Adnayev Günel Mirzəyevanın yaşadığı ünvanın qarşısında keşik çəkib.

Elmira Axundovanın sürücüsü meyiti sudan çıxarılmayan Günel Mirzəyevanın evinin qarşısına kimin göstərişi ilə gəlmişdi?

Onun sürücü olaraq ərazidə keçik çəkməsi kimə lazım idi?

Həmin günlərdə Axundovlar Günel Mirzəyevanın müəmmalı ölümünün mümkün qədər mətbautdan kənar saxlamaq üçün çabalar göstərirdilər. Lakin mümkün olmadı.

Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Əslində isə faktlar iş üzrə daha ağır maddə ilə cinayət işinin başlanması üçün əsas verirdi.

Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlardan yalnız Fövqəladə Hallar Nazirliyi uyğun mövqe nümayiş etdirib məlumat açıqladı.

FHN-in jurnalist sorğusuna verdiyi cavab ümumilkdə Sabunçu Rayon Prokuroluğunun iş üzrə apardığı istintaqı şübhə altına qoyur. Sorğu üzrə FHN-ə ünvanlanan sualları və verilən cavabları təqdim edirik:

Sual:

– Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?

Cavab:

– 26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Sual:

– Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?

Cavab:

– Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Sual:

– G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?

Cavab:

– Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.

Sual:

– Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?

Cavab:

– Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.

Sual:

– Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?

Cavab:

– Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.

Sual:

-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?

Cavab:

– Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.

Sual:

– G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?

Cavab:

– Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.

Sorğuya verilən cavabdan aydın olur ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundovun yaxtasında çıxıb. Hadisə baş verərkən Həbib Axundov Günel Mirzəyevanın yanında olub. Elmira Axundovanın dediklərinə inansaq, oğlu üzgüçüdür. Elmira Axundova əminliklə deyirdi ki, uzgüçü oğlu orada olacağı təqdirdə bədbəxt qızı xilas edərdi. Fakt ortaya çıxandan sonra Elmira Axundovanın bu xüsusda açıqlamasını eşidən olmadı.

Bəs üzgüçü Həbib Axundov niyə Günel Mirzəyevanı xilas etməyib?

Niyə hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edib?

Həbib Axundovun gizlətmək istədiyi nə olub?

Ən başlıca sual: – Həbib Axundov niyə Günel Mirzəyeva ölümündən 21 gün sonra yaxtanı başqasının  adına keçirib?

Bu cür tələskənliyin səbəbi nə olub?

Çox təəssüf ki, Sabunçu Rayon Prokurorluğu əvvəlcə iş üzrə uyğun olmayan maddə ilə cinayət işi başladı, sonra isə iş üzrə olduqca səthi istintaq aparmaqla işini bitirmiş hesab etdi.

Görün həmin vaxt Sabunçu prokuroru olmuş Ceyhun Şirinov vəkil sorğusuna nə cavab yazır.

Sitat:

“Günel Rəşid qızı Mirzəyeva dənizdə dostları ilə sahildən təxminən 300 metr məsafədə çimərkən(?) onun yanında Həbib Axundov olmamış(?!), sonuncu dəniz kənarında olmuşdur”.

Prokurorun “sahildən təxminən 300 metr məsafədə çimərkən” sözləri absurddur. Necə yəni sahildən 300 metr aralıda çimərkən?

Sahildən 300 metr aralıda üzgüçülük üzrə xüsusi təlim görmüş şəxslər belə çimmirlər! Orada üzürlər. Bir də ki, Günel Mirzəyeva nəinki sahildən 300 metr aralıda, heç ləpədöyəndə belə üzə bilməyib.

Gənc xanımın sudan qorxmasını təsdiqləyən videolar da var. Bir videoda Həbib Axundov onu zorla, adına “banan” deyilən xüsusi üzən vasitəyə əyləşdirir, Günel Mirzəyeva isə “banan” sahildən dənizin içinə sarı yön almağa başladığı an düşüb sahilə qaçır.

Ləpədöyəndə çimməkdən qorxan Günel Mirzəyeva sahildən 300 metr aralıda necə çimib?

Digər bir videoda isə yenə də Həbib Axundov Günel Mirzəyevanı xüsusi tərsanə üzərindən suya atmağa çalışır, Günel Mirzəyeva müqavimət göstərir və nəhayətdə Həbib Axundov istəyinə nail olur. Günel Mirzəyeva iradəsinin əleyhinə olaraq suya atılır və orada çabalayaraq kömək istəyir. Həmin vaxt əyinində xüsusi xilasedici jilet olmasına baxmayaraq Günel Mirzəyevanın qışqırıb kömək istəməsi onun üzmək vərdişinin olmamasını ortaya qoyur.

Bəs Sabunçu prokuroru Ceyhun Şirinov bu videoları görübmü?

Bundan başqa Sabunçu prokuroru sorğuya cavabda yazır ki, Həbib Axundov hadisə baş verəndə sahildə olub. Bu da yumşaq desək, doğru deyil. FHN-dən verilən sorğuya cavabda yer alan əlahəzrət fakt Sabunçu prokurorunun dediklərinin həqiqət olmadığını ortaya qoyub.

Sitat:

– Bədbəxt hadisə baş verən zaman yaxta sahibi Həbib Ramiz oğlu Axundov orada olub.

Sabunçu prokuroru isə yazır ki, Həbib Axundov hadisə baş verərkən sahildə olub.

Ceyhun Şirinovu bunca qeyri-dürüst açıqlamaya məcbur edən hansı amil olub?

Prokuror niyə yalan məlumat verir?

Tutaq ki, Həbib Axundovun bu işdə heç bir günahı yoxdur. Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?

Axı Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra niyə yaxasını kənara çəkirdi?

Niyə deyirdi ki, bəs mən orada olmamışam?

Anası Elmira Axundovanın da eyni mövqe sərgiləməsi də ciddi suallar yaradır.

Həm də sonradan Həbib Axunov da, anası Elmira Axundovanın da mövqeyi dəyişdi axı.

Ana-bala başladılar ki, bəs Həbib Axundov orda olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, bəs kömək edə bilməyib.

FHN-in verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yanında olub! Ceyhun Şirinov üzgüçü Həbibdən soruşubmu Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi?

Belə bir niyyəti olubmu? Buna çalışıbmı?

Bundan başqa FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:

– Yaxta dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təhciz olunub.

Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən biri niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?

Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xəttlə seçildiyi bir vaxtda Sabunçu Prokurorluğu sadəcə işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır.

Həbib Axundovun anasının səfir olması da heç nəyi dəyişmir, Günel Mirzəyevanın sirli ölümü nəhayət ki, araşdırılmalıdır. Xüsusən də həyat yoldaşından boşanmış Mirzəyevanın boğularkən hamilə olması iddialarının da diqqətə alınması dəhşətli cinayətin açılmasında ipucu ola bilər… 

 






Fikirlər