Xalq artisti Nadirin müdafiəsinə qalxdı: “Adamın Allahı olar...“

Xalq artisti Nadirin müdafiəsinə qalxdı: “Adamın Allahı olar...“

“Nadir Qafarzadə etirazında haqlıdır. Çünki o qismdən olan estrada oxuyanların içərisində elə yaxşı oxuyanlardan bir də Nadirdir …”

Bu sözləriYenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, müğənni Nadir Qafarzadənin fəxri ad almadığı üçün qəzəblənməkdə haqlı olduğunu bildirib:

“Bu gün Xalq artistləri doludur, onlar hamısı təmizlənməlidir. Oxuyan, oynayanlar Xalq artisti ola bilməzlər, bu gülməlidir. Onların öz adları olmalıdır. Xalq artisti başqa şeydir, o xalqın mənəviyyatını, əxlaqını təmsil edir. Belə olan halda Nadir Qafarzadə etirazında haqlıdır. Çünki o qismdən olan estrada oxuyanların içərisində elə yaxşı oxuyanlardan bir də Nadirdir. Adamın Allahı olar, düz danışmaq lazımdır, o, yaxşı oxuyur, ölkəyə xidməti də var. Əgər başqalarına ad verirsinizsə, Nadirə də verin, yox. əgər vermirsinizsə başqalarına verib ədalətsizlik etməyin. Mənim fikrimcə, fəxri adları müğənnilərə şamil eləmək lazım deyil. O vaxt Arif Babayevə, Rübabə Muradovaya fəxri ad verirdilər, çünki onlar həm də operada “Leyli Məcnun”, “Əsli və Kərəm” oynayırdılar. Onlara ad vermək olardı çünki xarakter, obraz yaratmışdılar, yoxsa gecə-gündüz toylarda “çıkkıdı-çıkkıdı” edənlərə Xalq artisti vermək olmaz. Əməkdar incəsənət xadimi adı isə yalnız maestrolara verilməlidir. O adı böyük kinorejissorlara, bəstəkarlara, filosoflara, ədiblərə vermək olar”.

Kinorejissor qeyd edib ki, layiq olmayan ifaçılara “Xalq artisti” adının verilməsi xalqı təhqir etməkdir:

“Bu gün bəziləri təklif edir ki, fəxri adlar verilənlərdən geri alınsın. İnsanların əlindən olan şeyi almaq mümkün deyil, biz bu sistemi qəbul etmişik. Amma şəxsi marağa görə fəxri ad vermək absurddur. Bunu hansı haqla edirsiniz? Belə bir-iki nəfər var, adlarını çəkməyə belə utanıram. Onlara Xalq artisti adı veriləndə mətbuatda, sosial şəbəkələrdə haqlarında nələr yazdılar… Onlara xalqın artisti demək xalqı təhqir etməkdir. Nazirliyin əlindən bu səlahiyyət alınmalıdır. Bu gün Mədəniyyət Nazirliyi nə ilə məşğuldur heç kəs bilmir. Nazir yeni təyin olunanda bəlkə də 10 dəfə müraciət edib dedim ki, “Ay qardaş, mən kino adamıyam. Hələ ki, bu sahədə olan 2-3 nəfər sağıq. Bir dəfə bizimlə görüş”. Heç sözümü saya salmadı. Bu adam hansı ara kinonu, mədəniyyəti öyrəndi? Noldu bunlar vəzifə adamı olan kimi heç kəsə əhəmiyyət vermirlər? Sabah aparıb kosmosda vəzifəyə qoysaq kosmonavtlıq edəcəklər, Yuri Qaqarinə deyəcəklər “Sən dayan, biz uçmuşuq”.

"Şəxsi simpatiyaya görə kiməsə ad verməzlər. Hansısa müğənniyə şəxsi simpatiyanız varsa, öz büdcənizlə ona ev verin, bağ, maşın verin, amma xalqın adını təhqir etməyin. “Üç badam bir qoz” oxuyub ortalığa düşənlərin bu gün adı var. Onlar haranın gədəsidir ki, bu cür fəxri adı ortalığa töküb paylayırsınız, bazara çevirirsiniz?! Bu ad alanların hansı savadı, hansı səviyyəsi var axı?”






Fikirlər