Paşinyan Türkiyənin hansı şərtlərini qəbul edib: O, terrordan prezident postu ilə yayınmağa can atır
Türkiyə və Ermənistan arasında siyasi-diplomatik təmaslara start verilib. Bu təmaslarda əsas məqsədin məhz Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması olduğu bildirilir. Və hər iki tərəf bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına çalışdıqlarını qətiyyən gizlətmir. Maraqlıdır ki, Rusiyada bəzi ermənipərəst siyasi dairələr bundan qətiyyən məmnun görünmürlər. Həmin siyasi dairələr Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistan dövlətçiliyinə böyük təhlükə vəd etdiyini vurğulayırlar. Və rəsmi İrəvana nə qədər gec deyil, bu prosesdən vaxtında imtina etməyi məsləhət görürlər. Təbii ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması həm Rusiyada, həm də ümumiyyətlə, dünyada bir çoxlarına qətiyyən sərfəli deyil. Çünki, bu, baş verəcəyi təqdirdə, əsas siyasi propoqanda mövzusunu itirmiş olacaqlar. Və bu itki onların siyasi propoqanda biznesinə sarsıdıcı zərbə vura bilər.
Rusiyanın rəsmi dairələri isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlara kifayət qədər tolerant yanaşmağa çalışır. Ona görə də, Kremlə yaxın dairələr, hətta Rusiya Xarici İşlər Nazirliyi belə, rəsmi açıqlamalarında bu prosesi dəstəklədiyini vurğulayır. Və bu yanaşmanın Rusiyanın regiondakı maraqlarının Türkiyə ilə uzlaşmasından qaynaqlandığı qətiyyən istisna deyil. Ancaq hazırda rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını prosesində yalnız bir dövlətin - Azərbaycanın mövqeyini nəzərə alır və ön planda tutur. Türkiyə Cənubi Qafqazda, eləcə də, Ermənistana münasibətdə atdığı bütün addımları ilk növbədə rəsmi Bakı ilə razılaşdırır. Yəni, Azərbaycanın milli təhlükəsizlik maraqlarına maksimum səviyyədə həssas yanaşır. Bu səbəbdən də, Türkiyənin rəsmi dairələri bu prosesdə şəffaflığı qorumaqla yanaşı, konkret mövqe tutmaqla da diqqəti çəkir. Son rəsmi açıqlamaya görə, Türkiyə yalnız Ermənistanla münasibətlərin normallaşmasına deyil, həm də ümumiyyətlə, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə çalışır. Və həm Ermənistanla, həm də regionla bağlı bütün addımlarını rəsmi Bakı ilə koordinasiya edir. Təbii ki, bütün bunlar həm də onu göstərir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi heç də rəsmi İrəvanın iddia etdiyi kimi məzmunu daşımır. Yəni, rəsmi İrəvanın "münasibətlərin normallaşması prosesi ilkin şərtlər olmadan aparılır" iddiası tamamilə əsassızdır. Əksinə, şərtlər var və rəsmi İrəvan onları elə bəribaşdan qəbul etmiş kimi görünür.
Əks təqdirdə, iki ölkə arasında bu proses münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibinin təsdiq olunmasına qədər inkişaf etməzdi. Hələ rəsmi İrəvan ilk dəfə Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan etdikdə buna verilən cavab şərtlərlə bağlı olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdı ki, Ermənistan ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil. Ancaq bunun baş verməsi üçün rəsmi İrəvan bir sıra şərtlərə əməl etməlidir. Və Azərbaycan ilə də problemlərin həllinə çalışmalıdır. Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın Türkiyə ilə münasibətlərin nizamlanması prosesinə ilkin şərtlər olmadan başlandığını iddia etməsi qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Paşinyan hakimiyyətinin belə qeyri-real iddialar ilə yüklənmiş bəyanatları daha çox ölkədaxili auditoriya üçün nəzərdə tutulub. Və ola biləcək daxili siyasi təzyiqlərin yumşaldılmasına hesablanıb. Məsələ ondadır ki, Ermənistanda radikal revanşist siyasi qüvvələr Türkiyə ilə münasibətlərin normallaşdırılmasına "artsax"ın itirilməsinə, erməni toplumunun ideoloji hədəflərindən vaz keçilməsinə, ölkənin qarşı tərəfdən asılı vəziyyətə düşməsinə yol açacaq proses kimi yanaşırlar. Radikal revanşist düşərgənin rəhbərliyinə daxil olan keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyan da bu yanaşmanı xüsusi olaraq, təbliğ edir. Onun fikrincə, "müstəqil artsax" erməni xalqının təhlükəsizliyinin və milli mövcudluğunun qarantıdır. S.Sarkisyan "artsax" xəyallarından möhkəm yapışmağa cəhd edən Qarabağ klanının Paşinyan hakimiyyətinə qarşı sərt müqavimət göstərməyə hazır olduğuna eyham vurub: "Mövcud hakimiyyət "artsax"ın təhvil verilməsinin əvəzində Ermənistanın iqtisadi inkişafına geniş imkanlar qazanılcağı barədə fikirlər yayır. Ancaq bu fikirlər əslində, Ermənistanın 30 illik müstəqilliyini təhlükə altında qoyur".
Göründüyü kimi, Qarabağ klanı öz siyasi biznesini qidalandıran boş xəyallardan imtina etmək niyyətindən hələ çox uzaqdır. Üstəlik, Qarabağ klanı hətta öz siyasi maraqları naminə bütün Ermənistanın səfalət içərisində olmasına, təhlükə qarşısında qalmasına belə, razıdır. Və bu, Paşinyan hakimiyyəti qarşısında olan əsas problemlərdən sayılır. Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin bu problemləri kompleks şəkildə həll etməyə hazırlaşdığı barədə də müəyyən məlumatlar mövcuddur. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın konstitusiya islahatlarında israrlı olduğu bildirilir. Və bu islahatlar sayəsində bir neçə hədəfə çatılması barədə planların qurulduğu iddia olunur. Məsələ ondadır ki, hazırda Ermənistanın yenidən prezident üsul-idarəsinə qaytarılması erməni baş nazir üçün böyük əhəmiyyət daşıyır. Əgər, buna nail olarsa, prezident seçilməklə həm hakimiyyətini möhkəmləndirə, həm də yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə bir sıra prinsipial sənədlərin imzalanmasında geniş səlahiyyətlər qazana bilər. İndiki haldasa, Ermənistan konstitusiyası ona Azərbaycanın ərazi bütövlüyünü tanımağı və yekun sülh sazişini imzalamağı qadağan edir. Eyni zamanda, erməni baş nazirin Türkiyənin ərazi bütövlüyünü tanımaq hüququ da yoxdur. Belə vəziyyətdə isə rəsmi İrəvanın Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdıra bilməsi olduqca qəliz məsələdir. Çünki hər iki qonşu ölkə öz əsas şərtləri qəbul edilmədən Ermənistan ilə münasibətlərinə dəyişiklik etməzlər. Halbuki hazırda münasibətlərin normallaşması Azərbaycan və Türkiyədən daha çox "sosial-iqtisadi bataqlıq"da boğulmaqda olan Ermənistana lazımdır.
Təbii ki, bu baxımdan, Paşinyan hakimiyyətinin başlatdığı konstitusiya islahatları Ermənistan üçün vəziyyətdən çıxış yolu da sayıla bilər. Çünki bu islahatlar sayəsində Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini bloklayan maddələrin konstitusiyadan çıxarılması mümkündür. Və məhz bu məsələ Paşinyan hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində nə qədər qərarlı, səmimi olduğu aydınlaşa bilər. Göründüyü kimi, Paşinyan hakimiyyəti hazırda ciddi sınaq qarşısındadır. Əgər, baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyə ilə düşmənçiliyi təmin edən maddələri çıxartmağa nail olarsa, deməli, rəsmi İrəvan həqiqətən də münasibətlərin normallaşdırılmasında qərarlıdır. Bunun əksi baş verərsə, Paşinyan hakimiyyətinin yenə manipulyasiya ilə məşğul olduğu dəqiqləşmiş olacaq. Və bu halda, Ermənistan hələ uzun müddət regional blokada şəraitində olmaq taleyi ilə barışmaq məcburiyyətində qalacaq. Maraqlıdır ki, bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti məhz Türkiyənin ilkin şərtlərini artıq qəbul edib və konstitusiya islahatlarına da elə bu səbəbdən ehtiyac duyulub. Belə iddialar hazırda daha çox Qarabağ klanına yaxın dairələr tərəfindən gündəmə gətirilir. Və ABŞ-da yaşayan erməni siyasətçi Jirayr Libaridyan ilə əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, J.Libaridyan keçmiş prezident Levon Ter-Petrosyanın baş müşaviri olub. Onun xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu daxilində nüfuzu olduğu bildirilir. O, bir müddət öncə "artsax"ın Azərbaycanın tərkibindən kənarda mövcudluq şansının qalmadığını vurğulamışdı və bu, erməni diaspor dairələrində etirazla qarşılanmışdı. Ancaq bütün bunlara baxmayaraq, J.Libaridyan da keçmiş prezident Levon Ter-Petrosyan kimi, "artsax" mövzusunu qapadıb, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.
Ona görə də, J.Libaridyanın bu yaxınlarda Ermənistan paytaxtı İrəvana gələrək, Paşinyan hakimiyyətinin təmsilçiləri, eləcə də, parlament çoxluğu ilə qapalı toplantı keçirməsi bəzi ehtimallara yol açıb. Əsas ehtimal odur ki, J.Libaridyanın hakim fraksiya deputatları ilə görüşməsi Türkiyənin ilkin şərtlərinin Ermənistan üçün məqbul olduğuna dair mesaj kimi qəbul edilməlidir. Üstəlik, bu məsələ ilə bağlı bəzi məlumatlar da artıq sızdırılmağa başlayıb. Maraqlıdır ki, müxalifət düşərgəsini təmsil edən deputat Andranik Tevanyan qapalı görüşdə müzakirə edilən məsələlər barədə müəyyən məlumatlar əldə etdiyini vurğulayıb: “Jirayr Libaridyan açıq şəkildə bəyan edib ki, Türkiyənin bütün ilkin şərtləri - Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının dövlət səviyyəsində rədd edilməsi, Zəngəzur dəhlizinin Azərbaycana verilməsi İrəvan tərəfindən təmin edilməlidir”. Onu da qeyd edək ki, bu barədə məlumatların doğruluğu Ermənistan mətbuatı tərəfindən də təsdiqlənir. Belə anlaşılır ki, Paşinyan hakimiyyəti prinsipial qərarların qəbuluna və siyasi iradə nümayiş etdirməyə çox yaxındır. Ancaq prezident postuna sahiblənmək hədəfini öz gələcək təhlükəsizliyinin təminatı hesab edən baş nazir Nikol Paşinyanın son anda fors-major situasiya ilə üzləşmə ehtimalı da qətiyyən istisna deyil. Və bu baxımdan, nizamlama prosesinə müqavimət göstərməyə çalışan revanşistlərin artıq erməni baş naziri dolayısı ilə təhdid etdikləri siyasi terror metodunu işə salmağa cəhd göstərə biləcəkləri ehtimal olunur. "Yeni Müsavat" Ermənistan baş naziri Nikol Paşinyan konstitusiya islahatları sayəsində şəriksiz hakimiyyət iddialarını reallaşdırmağa hazırlaşır; Bu, ona Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədilə bəzi taleyüklü sənədləri, xüsusilə də, yekun sülh sazişini imzalanmaq imkanı verə bilər...