"PAŞİNYANIN ÜMİDİ BAKIYA VƏ ANKARAYADIR" - “Bu güclər Paşinyana qarşı birləşəcək...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Facebook"da canlı yayımda verdiyi bəyanatlar rezonans doğrurub. Hökumət başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri bu regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub.

Baş nazir deyib ki, 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Ermənistan üçün fəlakət olub. Çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusunu qəbul etdirmək mümkün deyil. O, vurğulayıb ki, Qarabağ nizamlanmasına ATƏT-in Minsk qrupu formatında baxılması rəsmi İrəvan üçün faydalıdır.

Ermənistanın Baş naziri onu da qeyd edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq: "Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb”.

Paşinyan xatırladır ki, “Dağlıq Qarabağ" heç vaxt sırf erməni birliyi hesab edilməyib. Onun sözlərinə görə, bu, ən azı əhali baxımından erməni-azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb.

Baş nazir həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

“Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağda erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, oradakı hakimiyyət də tam erməni ola bilməz”,-Paşinyan vurğulayıb.

 

 

Baş nazirin bəyanatlarına Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyan kəskin reaksiya verib. O, bu gün "parlamentin" növbədənkənar toplantısını çağırıb. Ermənilərə müraciət edən Arutyunyan Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı dediklərindən ciddi narahat olduğunu bildirib.

Separtçı cinayətkar iddia edib ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun tanınması qeyd-şərt və güzəştlərə tabe deyil, bu məsələnin müstəsna sahibi erməniləridir. O, Paşinyanın "Qarabağ xalqı" adındandan danışmaq hüququnun olmadığını vurğulayıb.

Arutyan iddialarını davam etdirərək "artsax"ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının onların əsas istiqaməti olduğunu, heç bir hökumətin ondan kənara çıxa bilmədiyini vurğulayıb.

 

 

Ermənistann rəhbərliyi ilə separatçılar arasında yaranmış mübahisəni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək.

"Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanını”, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar. Bu güclər Paşinyana qarşı biləşəcək",-ekspert qeyd edib.

Belə olan Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər?

Politoloqun sözlərinə görə, Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq: "Başqa sözlə Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq".

E.Şahinoğlu xatırladır ki, ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib. O, İ.Kalından sitat gətirib: “Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”".

Ekspert əlavə edir ki, İbrahim Kalın Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atdıqlarını bildirib: "Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq".

E.Şahinoğlunun sözlərinə görə, Ankara Bakı ilə birgə səylərlə Ermənistanı təxribatçı siyasətinə son qoymasına çalışır: "Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq".

"AzPolitika.info"






Fikirlər