Müharibə qapıda, Türkiyə isə seçim qarşısında ...
“Rusiya ilə geniş əlaqələrimiz olduğu üçün prinsiplərimizi və Ukrayna ilə yaxın əlaqələrimizi yox saymayacağıq”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, belə çətin anlarda zamanın ruhu və milli təhlükəsizlik nə tələb edirsə, onu edəcəklər: “Bu, çətin işdir, lakin diplomatiya bunun üçündür”. Yada salaq ki, ötən həftə keçirdiyi mətbuat konfransında Rusiya lideri Vladimir Putin çoxsaylı sualların heç birində “Rusiya Ukraynaya müdaxilə etməyəcək”, “müharibə olmayacaq” fikrini səsləndirməyib ki, bu da tərəflər arasında müharibə riski ehtimalının artdığını göstərir. Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov isə iddia edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə baş verəcəyi təqdirdə Türkiyə Kiyevin yanında yer alacaq.
Semyon Baqdasarov Ekspertin fikrincə, Ankaranı rus turistlərdən gələn milyardlarla dollar gəliri itirməsi belə dayandırmayacaq. Ekspert “Habertürk” nəşrinin Türkiyənin Donbasdakı münaqişəyə cəlb edilə biləcəyi haqda məqaləsinə də istinad edib. Məqalədə vurğulanıb ki, Türkiyə NATO üzvü kimi hazırda Birləşmiş Yüksək Hazırlıq Qüvvələrinə komandanlıq edir. Alyansın planlarına görə isə müharibə başlayacağı halda Donbasa məhz bu qrup göndərilə bilər. “Onlar artıq Ukraynanı dəstəkləyirlər. Bəs Ukrayna ordusu ilə xidmətdə olan ”Bayraktar" pilotsuz uçan aparatı nədir? O, artıq Donbasda istifadə olunur", - Baqdasarov deyib. Baqdasarov Türkiyənin arxasında ABŞ-ın dayandığını qeyd edib. Bundan əlavə, onun fikrincə, Türkiyə Rusiyanın milli maraqlarını qorumaqda zəifliyini görür və buna görə də Cənubi Qafqazda və Mərkəzi Asiya istiqamətində Moskvanı sıxışdırmağa başlayıb. Türkiyə iki ölkə arasında danışıqlara tərəfdar olsa da, belə görünür ki, zamanı gələndə seçim etməli olacaq. Üstəlik, Türkiyənin bir NATO ölkəsi olduğunu da nəzərə aldıqda, Ankaranın seçiminin çətin olacağını da demək olar. Çavuşoğlunun dediklərinin açması nədir, erməni Baqdasarovun iddiası nə qədər həqiqətdir?
Əziz Əlibəyli Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Türkiyənin heç zaman öz maraqlarından yan keçməyəcəyini söylədi: “Türkiyə Rusiya ilə münasibətlərinə NATO istiqamətindən baxmır. Qardaş ölkənin də öz maraqları var. Bu maraqlarını NATO-nun bölgədəki maraqlarına, Ukrayna məsələsinə qurban verə bilməz. Proseslər heç də Baqdasarovun dediyi kimi deyil. Burada NATO-nun çevik qüvvələr komandanı kimi Türkiyənin proseslərə cidd-cəhdlə müdaxilə edəcəyini, reaksiya verəcəyini düşünürlərsə, unutmasınlar ki, ortada ciddi faktorlar var. Müttəfiqlər mövcuddur. Qardaş dövlət silah istehsal edir. Afrikadakı ölkələr daxil bir sıra ölkələrə, o cümlədən ərəb dövlətlərinə və Azərbaycana PUA-larını ixrac edir. Yəni burada məsələlərə bazar olaraq baxır. Türkiyə və Rusiya arasında siyasi, iqtisadi, hərbi münasibətlər özünün ən yüksək səviyyəsindədir. Təkcə bir faktı qeyd edək ki, S-400 sistemi ilə Türkiyə sərhədlərində təminatçı rolunu Kremlin oynadığını rəsmi Ankaranın özü də yox saya bilməz. Müharibə olarsa, Türkiyənin Rusiya, yoxsa Ukrayna tərəfində dayanacağı ilə bağlı olan bütün iddialar da yanlışdır. Türkiyə, ümumiyyətlə, çalışacaq ki, bu savaş baş verməsin. Çünki Qara dənizdəki mövcud münasibətlərin zədələnməsinə gətirib çıxara bilər. Amma istənilən halda, sonucda qardaş ölkənin də öz maraqlarının olduğunu unutmaq olmaz. Ukrayna da müharibənin olmasının tamamən əleyhinədir. Bir dövlət kimi Ukraynanın sıradan çıxmasına da qarşıdır. Bu məsələdə Rusiyanın da yüzdə-yüz mövqeyini dəstəkləmir. İndiki formatda Kremlin qarşısında dayanması imkansız görünür. Çünki proseslər uzaqda deyil, çox yaxınlığında, konkret olaraq, Qara dənizdə baş verir. O da doğrudur ki, Cənubi Qafqazda, Mərkəzi Asiya istiqamətində Türkiyənin öz maraqları var. Bu maraqlarını genişləndirməyə davam edir. Təhlillər göstərir ki, Rusiya ilə Türkiyə arasında toqquşmalar yalnız türk dilinin, hərbisinin genişlənməsinə Moskva o qədər qıcıq nümayiş etdirməyib. Müxtəlif yerlərdə bir-birinin maraqlarını qəbul etdiklərini, düşündüklərini hiss etmək olar”.
Asif Nərimanlı Siyasi analitik Asif Nərimanlı indiki vəziyyətdə Ukrayna üzərində toqquşma ehtimalı görmür: “Türkiyə NATO ölkəsi kimi Rusiya ilə qarşıdurmanın tərəfidir, Çavuşoğlu da son açıqlamasında Şimal Alyansının üzvü olduqlarını buna görə xatırlatdı. Lakin Ankara prosesdə açıq tərəf olmaq istəmir, Rusiya ilə mümkün toqquşmaya getməyin tərəfdarı deyil. Bu baxımdan, məsələnin diplomatik yolla həllindən yanadır və sona qədər bu istiqamətdə hərəkət edəcək. Hazırkı qarşıdurmada Türkiyənin Ukrayna tərəfdən döyüşəcəyi, Rusiyaya qarşı müharibənin lokomotivi olacağına dair fikirlər, informasiya axını, fikrimcə, Ankara-Moskva münasibətlərində çatların yaradılmasına hesablanıb. Əslində NATO-nun Birləşmiş Yüksək Hazırlıq Qüvvələrinə komandanlığın Türkiyəyə verilməsinin hədəflərindən biri Rusiya ilə mümkün qarşıdurmada Ankaranı ön cəbhə etmək planı idi. Bu haqda hələ o vaxt yazırdıq, belə görünürdü ki, Türkiyə və Rusiyanı uzaqlaşdırmaq istəyən Qərb qüvvələri Ankaraya belə bir ”mükafat" vermişdi. Türkiyənin Ukrayna məsələsində Rusiyaya vasitəçilik təklif etməsi də vəziyyətin nəzarətdən çıxmasının qarşısını almağa hesablanmış addımdır. Çünki Ankara belə bir situasiya ilə qarşılaşmaq istəmir. Əgər real müharibə olacaqsa, Türkiyə tərəf olmağa məcbur olacaq. Lakin müharibənin miqyasından çox şey asılı olacaq. Rusiyanın Ukraynaya mümkün müdaxiləsi hələ NATO ilə açıq müharibənin başlanması demək olmayacaq. Döyüşlərin cəbhəsi Ukrayna miqyasında davam edəcəyi təqdirdə Türkiyə problemin həlli üçün diplomatik səylər göstərəcək. Toqquşmanın miqyası NATO-Rusiya miqyasına yüksələcəyi təqdirdə, Türkiyə iştirakçıya çevrilə bilər, lakin prosesin bu həddə qədər gedəcəyini düşünmürəm. Ümumiyyətlə, Ukrayna cəbhəsində də böyük toqquşmanın olacağını düşünmürəm. Baş verənlər toqquşmaların imitasiyasına daha çox bənzəyir və bu vəziyyət hər iki tərəf - ABŞ-a da, Rusiyaya da sərfəlidir". \“Yeni Müsavat” “Əgər Ukraynada real müharibə başlasa, Türkiyə tərəf olmağa məcbur olacaq, lakin...”