Ermənistanın 6 ay ömrü qalıb... - nə oldu, Paşinyan?

Onun yerinə kim gəlsə, Ermənistan daha ağır sənədi imzalamalı olacaq...” - Ter-Petrosyanın öz xalqına xəbərdarlığı heç olmasa, bu dəfə eşidiləcəkmi?..

Nyu-Yorkdan birbaşa Fransaya uçan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh məsələsində yenə ikibaşlı açıqlama verib, intriqalı, öz aləmində guya Bakıya konstruktiv çağırış edib. Belə ki, fransız həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında o deyib:

“Hesab edirəm ki, 1991-ci il 8 dekabr tarixli sazişlə təsdiq edilmiş sərhədlərin qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruridir. Biz Dağlıq Qarabağ probleminin həllinə də önəm veririk ki, bu da Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək. Fikrimcə, Azərbaycan-Dağlıq Qarabağ müzakirələri başlasa, faydalı ola bilər. Bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın roluna da ümid edirik”.

FRANSA CUMHURBAŞKANI MACRON, ERMENİSTAN BAŞBAKANI PAŞİNYAN İLE GÖRÜŞTÜ

Ondan başlayaq ki, əvvəla, 1991-ci il 8 dekabr sənədi deyəndə Paşinyan əlbəttə ki, Azərbaycan və Ermənistanın MDB-yə üzvlük zamanı imzaladığı ümumi sənədi nəzərdə tutur. Lakin məlumdur ki, həmin sənəddən sonra Azərbaycanın suveren ərazisinin 20 faizi işğal altına düşüb və 30 ilə yaxın (!) müddətdə azad edilməyib. Demək, bu sənəd yetərli sayıla bilməz. Konkret məzmunlu, ikitərəfli sülh sazişi imzalanmalıdır. Özü də Bakının irəli sürdüyü 5 məlum və ədalətli prinsip əsasında. Hansı prinsiplər barədə ki, Nikol mətbuata konfransında nədənsə söz açmayıb. Görəsən, niyə?

İkincisi, Ermənistan baş nazirinin sitatından aydın görünür ki, İrəvan separatçı rejimin qalığını müstəqil tərəf kimi Bakı ilə sülh prosesinə qoşmağa çalışır. Eyni zamanda üzdəniraq Minsk Qrupunun dirilməsinə ümid bəsləyir. Bütün bunlar isə köhnə taktikadır və dolayısı ilə yenə Azərbaycana qarşı ərazi iddiasının davam etdiyinə işarədir. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi sırf Azərbaycanın daxili işidir, sülh müqaviləsinə heç bir dəxli yoxdur və bu məsələni hansısa xarici ölkə ilə və ya xarici ölkənin diktəsi ilə müzakirə etməyə hazırlaşmır. Həmçinin Minsk Qrupuna çoxdan ehtiyacımız yoxdur, ona görə ki, “Dağlıq Qarabağ” problemi adlı bir problem Azərbaycan üçün mövcud deyil.

Qısası, kapitulyant ölkə sülh istəyirsə, “velosipedi təzədən kəşf etməyə” lüzum yox. Beynəlxalq hüquqa söykənən prinsiplər, sənəd iki ildir masanın üstündə! Əks halda, Ermənistanı nələrin gözlədiyini sabiq prezident, vaxtilə Paşinyanın siyasi və mənəvi müəllimi olmuş Levon Ter-Petrosyan srağagün kifayət qədər aydın şəkildə ifadə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

Paşinyan Fransada ikən onun yerli televiziyaya verdiyi müsahibədən aşağıdakı sitatlara diqqət edək: “Ermənistanı çətin və ağrılı qərarlar gözləyir, biz həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacağıq. Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq. Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq”.

“Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atmalı olacaq”.

“Paşinyan sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu ”satqın" adlandıracaqlar. Odur ki, biz də Paşinyana əlimizi uzadır, (Bakı və Ankara ilə - red.) sülh müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən öz növbəmdə bu məsuliyyətə hazıram".

“Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib”.

“Hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər daha yarım il belə davam etsək, ölkəmiz olmayacaq”.

““Artsax” məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan "artsax" söz sahibi deyil".

Erməni mediası yazıb ki, Ter-Petrosyan eyni mövqeni bu günlərdə sabiq prezidentlərlə bütün ermənilərin katolikosu II Qareginlə  keçirdiyi görüşdə də ortaya qoyub və çağırış edib. Lakin qəbul olunmayıb. Amma nahaq yerə. Hər necə olmasa, bu, o Ter-Petrosyandır ki, onun öz xalqına Qarabağla bağlı hələ 1998-ci ildə elədiyi xəbərdarlıq özünü tam doğruldub. Erməni siyasi elitası, hakimiyyət, erməni toplumu heç olmasa onu bu dəfə ciddiyə alacaqmı? Yada salaq ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin mayında da Ter-Petosyan öz xalqına müraciət edərək, Qarabağ məsələsinin artıq bitdiyini, “miastsum” məsələsindən, “ölkədən ölkəyə Ermənistan” iddiasından əl çəkməyin zamanı çatdığını bəyan eləmişdi.

Yes, it's a surrender" - Levon Ter-Petrosyan

Əfsus ki, nə Ermənistan müxalifəti, nə də Paşinyan iqtidarı erməni xalqının başına gələnlərdən hələ də dərs götürmək istəmir. Halbuki ötənilki parlament seçkilərində erməni elektoratı Nikol Paşinyanın partiyasını qalib eləməklə ilk növbədə qonşularla sülhə səs vermişdi. Hanı bəs? Niyə bu sülh gecikir? Onun tək alternativinin Ermənistan “dövlətinin” sonunu gətirəcək dağıdıcı müharibə olduğunu məgər təkcə Levon Ter-Petrosyan anlayır?..     

Parisdəki mətbuat konfransında Paşinyan BMT-dəki çıxışı zamanı dilə gətirdiyi təxribatçı tezisləri də təkrarlayıb. Məsələn, yenə iddia edib ki, Azərbaycan Ermənistanın sərhədini pozub və onun silahı qüvvələri əvvəlki vəziyyətə qayıtmalıdır.

Hansı vəziyyətə? Adama deyərlər: sərhəd indimi yadınıza düşdü, sizlər üçün müqəddəs oldu? Beynəlxalq hüquqa sayğının vacibliyi indimi sizə çatdı? “Soros uşağı”dan bunu da soruşmaq pis olmaz: 2018-ci ildə hakimiyyətə gələndə nə əcəb dərhal “erməni işğalçı qoşunlar əvvəlki vəziyyətinə qayıtmalıdır” demədin? Yəni Ermənistan qoşunlarını Azərbaycan ərazisindən niyə çıxarmadın? Cəmi iki il öncə “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol hansı haqla indi də “Azərbaycan Ermənistanın sərhədini pozub”, - deyə aləmə car çəkir?..  /musavat.com

 






Fikirlər