“Həmin şeytan yuvasını dağıtmaq üçün...” - Əkrəmdən Anarın məqaləsinə REAKSİYA...
Azərbaycanın sonuncu mogikanları – Əkrəm Əylisli və Anar arasında uzun vaxtdan bəri başlayan qalmaqal səngimək bilmir. Qarşılıqlı ittihamlarla, bəzən də təhqirlə müşayiət olunan “söz davası” ədəbi ictimaiyyət tərəfdən diqqətlə izlənilir. AYB sədri, Xalq yazıçısı Anarın həmkarı, keçmiş dostu Əkrəm Əylisliyə ünvanlandığı ittihamlar cavabsız qalmayıb. 85 yaşını qeyd etməyə hazırlaşan Ə.Əylisli Yenisabah.az-a açıqlamasında Xalq yazıçısının ittihamlarına cavab verib: “Məsələ burasındadır ki, Anarın mənim hansı yazıma hansı sözlərlə cavab verəcəyini artıq on illərdir ki, hər cümləsinə qədər əvvəlcədən bilirəm. Onun son yazısında da mənim üçün gözlənilməz olan heç nə yoxdur. “Daş Yuxular” 11 il bundan qabaq çap olunub. Bu kiçik həcmli əsərim barəsində 11 ildir ki, söhbət gedir. Bu söhbəti çoxdan qurtarmaq olardı, amma neyləmək olar ki, Anar bu mövzuda danışmaqdan xüsusi ləzzət alır. Anar məqaləsində Ramiz Rövşəndən danışır, mənim onun haqqında dediyim odur ki, Ramiz Rövşən “Müsavat”la “Cəbhə”nin vaxtında İsa Qəmbərlə Əbülfəz Elçibəyə mədhiyyə, Heydər Əliyevə isə həcv yazırdı. Əgər Anarın bunu təkzib etməyə sözü varsa, qoy desin, amma o qəsdən mövzunu mətləbdən uzaqlaşdırır. Bu qəbulolunmaz metoddur”. Ə.Əylisli Anarın onun Yazıçılar Birliyinə sədr olmaq istədiyini iddia etməsini də cavabsız qoymayıb: “Anar deyir ki, Əkrəm Əylisli Yazıçılar Birliyinə sədr olmaq istəyir, bilirsiniz, bu o qədər absurd bir şeydir ki... Madam ki, məcburam, bu sirri açmalı olacağam: 2005-ci ildə mən deputat seçildim, amma Anarı seçmədilər. Onda çox yüksək vəzifəli bir adam mənə zəng edib dedi ki, hazırlaş, Yazıçılar Birliyinə rəhbər gəlirsən. Həmin an məni az qala soyuq tər basdı. Mən heç vaxt gözləməzdim ki, bu adamın yerini hökumətin əli ilə tuta bilərəm. Bu mənim qəbul edə biləcəyim bir şey deyildi. Mən ömrü boyu buna getmərəm. Hələ ondan xeyli qabaq – 80-ci illərdə Şüvəlanda Yazıçılar Evi açılanda mənə demişdilər ki, sən Yazıçılar İttifaqında birinci katib ola bilərsən, amma ora özünü bir az “sakit” apar. Mən isə özümü qeyri-sakit apardım, çünki birinci katib olmaq istəmirdim. 33 il bundan əvvəl Yazıçılar Birliyindən uzaqlaşıb bir də ayağını basmayan adam necə ora sədrlik etmək istəyər? Bunu necə iddia etmək olar?! Uzun illər əvvəl 43 nəfər cavan yazıçı imzası ilə mətbuatda çıxış etmişdi ki, biz Əkrəm Əylislinin Yazıçılar İttifaqına sədrlik etməsini istəyirik. Mən həmin yazıya heç bir reaksiya verməmişdim və həmin yazıçıları görəndə dedim ki, ayıbdır, belə şeylər etməyin, mən istəmirəm. Yəni Anarın indi bunu iddia etməsi çox absurd, mənasızdır. 85 yaşımın olmasına cəmi 15 gün qalıb, mənim səhhətim belə qətiyyən buna imkan vermir. Onun deməyindən belə çıxır ki, mən bu arzu ilə yaşayıram. İnsana nə qədər şər-böhtan atarlar, nə qədər çürük, əxlaqsız danışarlar?!” Yazıçı Anarın hər dəfə “Daş Yuxular”ı gündəmə gətirməsini 30-cu illərin repressiyasına bənzədib: “Anar iddia edir ki, vaxtilə o seçilib, təyin edilməyib. Və məqaləsində onu müdafiə edənlərin adlarını çəkir. Adını çəkdiyi adamların bu gün heç biri dünyada yoxdur. Onu ən çox müdafiə edənlərdən biri də Mövlud Süleymanlı idi, ona da Həsən müəllim tapşırmışdı. İndi Mövluddan bunu soruşsanız doğrunu deyəcəyinə inanmıram. Yaxşı, sən təyin olundun, 35 il vəzifədə qaldın, hələ sədrliyini 40 ilə çatdırmaq istəyirsən, işlə. Amma “Əkrəm Əylisli bu vəzifəni istəyir” demək düzgün deyil axı. O qədər vəzifədə otururlar ki, başlarında şeytan yuva salır. İş gəlib o yerə çatıb ki, eynən keçən əsrin 30-cu illəri üslubunda “xalq düşməni ovu”na çıxıblar. Belə bir şəraitdə biz də gərək həmin şeytan yuvasını dağıtmaq üçün əlimizdən gələni edək. Mən inanmıram ki, Anarın mənim haqqımda dediklərinə inanan ziyalılar olsun. O, kütləyə arxalanır və kütləni qızışdırmaq üçün çalışır. Bunu mənim haqqımda çoxdan edir, “Daş Yuxular”ı gündəmə gətirir, amma alınmır. Çünki mən “Daş Yuxular”a görə cəzamı artıqlaması ilə çəkmişəm. Daha nə etmək istəyir? Bu əsərin adını hər dəfə hallandırmaqda qəsdi nədir? Bu mənə əsas verir deyim ki, əgər 30-cu illərdəki kimi dövlətin marağı olsaydı, yazıçıları tutub həbs etsəydilər, bu adam onu məmnuniyyətlə edərdi və birinci məni sıradan çıxarardı”.