«Çovdarov dedi, Elmar Hüseynovu öldürmək yox, yandırmaq lazım idi»
Xəbər verdiyimiz kimi, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində bu gün həbs-qətimkan tədbiri seçilib. Bununla da, bandit-general Çovdarovun illərdir Azərbaycanda törətdiyi cinayətlərə görə, ədalət mühakiməsi qarşısında cavab verməsi prosesinə rəsmən start verilib. A.Çovdarov bir sıra ağır cinayətlərdə, o cümlədən jurnalist Elmar Hüseynovun qətlinin təşkilində də şübhəli bilinir. Təsadüfi deyil ki, vaxtilə həbsdə olarkən Çovdarovla üz-üzə gəlmiş jurnalist Eynulla Fətullayev onun həbsinə “Elmar Hüseynovun qatili qandallandı”, deyə reaksiya verib. E.Fətullayev bu barədə şübhələrini əvvəllər də dilə gətirib. Bu baxımdan, E.Fətullayevin 2010-cu ildə məhkəməsi zamanı Akif Çovdarovla bağlı açıqlamaları indi daha çox diqqəti çəkir. AzPolitika.info bu marağı nəzərə alaraq, Eynulla Fətullayevin 5 il əvvəl məhkəməsi zamanı Çovdarovla bağlı sensasiyalı açıqlamalarını yenidən təqdim edir. «Təqribən 2007-ci ilin əvvəllərində mən Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar əldə etdim. Akif Çovdarov MTN-in idarə rəisinin müavini idi, indi deyəsən baş idarənin rəisidir, məlumat əldə etmişdim ki, bu insanın bu məsələdə iştirakı ola bilər. Daha doğrusu, bir çox şübhələr onun adı ətrafında dolaşırdı. Mən bu istiqamətdə araşdırmalara başladım», deyə, jurnalist məhkəmədə sözünə başlamışdı (Mənbə: http://www.azadliq.org/content/article/2073770.html). Eynulla Fətullayev daha sonra bildirirdi ki, həbsinin kökündə mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmalar dayanır. Araşdırmalar zamanı qətlin izləri Milli Təhlükəsizlik Nazirliyinin həmin vaxt idarə rəisinin müavini işləmiş Akif Çovdarovun üstünə aparıb çıxardığından onun bu araşdırmaları aparmasına əngəllər yaradılıb. Ən böyük əngəl isə həbsi olub: «Araşdırmalara başladım və bir aydan sonra həbs olundum. Məni Bayıl həbsxanasından MTN-ə etap elədilər, adını da qoydular ki, guya Bayıl həbsxanasından qaçmaq istəyirəm. Biz keçən dəfə bu məsələyə toxunduq, şübhəsiz ki, mən ordan qaçmaq istəmirdim. MTN-in təcridxanasında bu insanlar gəlib mənimlə görüşdülər». Eynulla Fətullayev deyirdi ki, Akif Çovdarov onunla görüşərkən Elmar Hüseynovla bağlı araşdırmalara son qoymasını tələb edib. Hətta aralarındakı mübahisə o yerə çatıb ki, onlar əlbəyaxa olublar: «Mən dedim axı, apardığım bütün jurnalist təhqiqatları bir şey göstərir, hər şey gəlib sənə çıxır. Avropa Məhkəməsinə göndərdiyim materiallarda faktlar da göstərmişəm. Ancaq mən bir şeyi başa düşmürəm, siz nəyə görə Elmarı belə qeyri-peşəkarcasına qətlə yetirmisiniz? Mən birbaşa bunu soruşdum. Cavabı bilirsiniz nə oldu hörmətli sədr? Dedi biz hələ gənc dövlətik». Eynulla Fətullayev iddia edirdi ki, Akif Çovdarov Elmar Hüseynovun qətlində əli olduğunu açıq şəkildə etiraf edib: «Mən onun frazalarını bir-bir deyə bilərəm hörmətli sədr. Dedi ki, onu öldürmək azdır, onu yandırmaq lazım idi». Məhbus jurnalist məhkəmədə sözünə davam edərək söyləmişdi ki, Akif Çovdarov ona xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyi və Elmar Hüseynovun qətli ilə bağlı istintaqa yalan ifadələr verməyi təklif edib. O isə təklifi qəbul etməyib: «Dedim yaxşı, mən başa düşdüm ki, artıq bu mövzuya toxunmaq olmaz, məni azadlığa buraxın. Dedi, biz səni elə-belə buraxa bilmərik, biz səni «verbovka» eləməliyik. Biz səni «verbovka» eləyirik, sən bizim nazirliyə işləyirsən. Dedim, aha, gəldik çatdıq əsas məsələyə. Mənə dedi ki, sən bizə Elmar Hüseynovun qətli ilə bağlı yalançı ifadələr ver. Dedim mən Elmarın qətli ilə bağlı yalançı ifadələr verə bilmərəm, o mənim dostum, həmkarım olub. Dedi, axı biz sənə azadlığa çıxmağa kömək edəcəyik». Onu da xatırlatmaq yerinə düşər ki, həmin vaxt dövlət ittihamçısı Elçin Nağıyev Eynulla Fətullayevin dediklərinə münasibət bildirərkən söyləmişdi ki, Fətullayevin danışdıqları heç bir hüquqi əsasa, sübuta söykənmir…