Araikin gedişinin Azərbaycana xeyri var? - “Onun yerinə keçən şəxs...”
Qarabağ separatçılarının “lideri” Araik Arutyunanın “prezidentlik”dən “istefa” verməsindən sonra separatçılar arasındakı istefa dalğaları ard-arda gəlir. Analitiklərin fikrincə, “dövlət naziri” Qurgen Nersisyan və onun “müşaviri” Artak Beqlaryanın da “istefa” verməsi artıq separatçıların mövcud situasiyada rəsmi Bakının tələblərinə boyun əyməsi anlamına gəlir. Tanınmamış “DQR”in “siyasi vitrin”inə nəzər salanda isə görürük ki, “köhnə qvardiya”nın domino daşları kimi dalbadal düşməsi separatçılar arasında artıq sonun başlanğıcıdır. Qondarma qurumda “yarpaq tökümü”nün davam etdiyi bu ərəfələrdə Azərbaycan rəsmiləri ilə görüşlərdə iştirak edən Samvel Şahramanyan isə yeni bir persona kimi ortaya çıxdı. Doğrudur, qondarma rejimin “təhlükəsizlik şurası”nın “katibi” “vəzifə”sini tutan S.Şahramanyan cari ilin martında məhz Qarabağ ermənilərinin təmsilçisi kimi rəsmi Bakı ilə masa arxasına oturub. Lakin indiki situasiyada onun analoji addımı təkrar edib loyalıq göstərməsi sual altındadır. Əsas məsələ ilə Araik və komandasının “istefa”sından sonra bölgədə baş verəcək hadisələrin məntiqi yekunudur. Maraqlıdır, Azərbaycan növbəti perspektivdə S.Şahramanyanla masa arxasına əyləşə bilərmi? Separatçılar arasındakı vitrin dəyişikliyi Qarabağ probleminin həllinə necə təsir edə bilər? Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bununla bağlı deyib ki, əslində, Araik Arutyunyan “istefa”sı yaxşı bir haldır: “Çünki Qarabağda olan ermənilər süni də olsa, hansısa bir şəkildə qondarma “seçki” keçirib, guya Araiki seçdiklərini bildirirdilər. Lakin faktiki olaraq indi onların hansısa bir seçki prosedurası - qondarma “prezident seçkiləri” və başqa məsələlərinin nəticələri ortadan qalxıb”. BQP sədri hesab edir ki, artıq burada konkret olaraq uzurpator və süni şəkildə ortaya çıxan liderdən söhbət gedir: “Bu baxımdan, məlum məsələdə separatçıların qurduqları kompozisiyanın faydası olacağını düşünmürəm. Ola bilsin ki, yeni seçilən, yaxud Araikin yerinə keçən şəxs bu istiqamətdə reallıqları qəbul etməyə çalışsın. Lakin bunun özü də bir xeyli çətindir. Çünki burada reallıqları bütövlükdə oradakı insanlara anlatmaq məsələsindən söhbət getmir, əksinə, orada terrorçuların iradəsindən kənara çıxmaq məsələsindən söhbət gedir. Sual edirəm ki, bu güc və iradə varmı?” “Açığı, bu iradənin olduğunu görmürəm. Ona görə də ümidverici olmasa da, yeni situasiyanı təqib etməliyik və biz öz çağırışlarımızı təkrarlamalıyıq. Ümid edirəm ki, çağırışlarımızın müəyyən dərəcədə təsir gücü olacaq”, – o, fikirlərini tamamlayıb.