Moskva İrəvana son xəbərdarlıq etdi ...
Hər il Rusiyadan Ermənistana orta hesabla təqribən 5 milyard ABŞ dolları məbləğində pul köçürmələri edilir. Müqayisə üçün yazaq ki, Ermənistandan ABŞ-a ildə 250 milyon köçürülür, ABŞ-dan Ermənistana isə 100 milyon dollar göndərilir. Ermənistan hər il Rusiyadan aldığı təbii qaz və neftin qiymətlərinin nisbi ucuzluğu hesabına 2,5 milyard dollar məbləğində qənaət edir. Bu fərq enerjidaşıyıcılarının dünya bazarlarındakı qiymətləri ilə Rusiyanın Ermənistana satdığı neftlə qazın qiymətlərində yaranıb. Daha 3 milyard dolları Ermənistan Rusiyadan aldığı neft və təbii qazın təkrar ixracı hesabına qazanır. Sonucda Ermənistan ildə Rusiyanın hesabına 10 milyard dollar xalis gəlirə yiyələnir. Ermənistana "hami"lik edən Fransa ötən ilin ortalarından bəri indiyədək, yəni 12 ay ərzində İrəvana 10 milyard dollar veribmi?! ABŞ, Fransa və Avropa İttifaqının tolam yardımlarının həcmi də bu məbləğdən, təbii ki, çox uzaqdır. Rusiya Federasiyasını qəzəbləndirən məqam da Moskvadan yararlanan İrəvanın Qərbin təlimatları ilə davranaraq Moskvaya qarşı addımlar atmasıdır. "Rəsmi İrəvanın hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir sıra bəndlərinin həyata keçirilməsinin mümkünsüzlüyünə gətirib çıxarıb", - bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilmərik. Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu", - o bildirib. Rusiya XİN rəsmisi vurğulayıb ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində məhz İrəvan dəfələrlə baş nazir müavinlərinin həmsədrliyi ilə keçirilən üçtərəfli işçi qrupu vasitəsilə əldə olunmuş konkret razılaşmalara çıxışı "dondurub". "O cümlədən Ermənistan tərəfi neçə aylardır 10 noyabr 2020-ci il tarixli yüksək səviyyəli bəyanatın 9-cu bəndinin müddəalarına əməl etməkdən boyun qaçıraraq, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına mane olur", - M.Zaxarova qeyd edib. O, daha sonra vurğulayıb ki, rsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır. Zaxarova bir sıra erməni siyasətçilərin Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səyləri və 2020-2022-ci illərdəki üçtərəfli sazişlərin ən yüksək səviyyədə səmərəsiz olması ilə bağlı iddialarına cavab olaraq bildirib. "Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın reqlamentinə dair razılaşmanın əhəmiyyətinə baxmayaraq, Rusiyanın məsləhətçi köməyi ilə üç liderin razılaşdığı real delimitasiya işləri 2021-ci ilin noyabrından hələlik işə salınmayıb. Avropa İttifaqının missiyasının gəlişinə görə Ermənistan tərəfi sərhəd zonalarında vəziyyəti sabitləşdirmək üçün KTMT mexanizmlərindən imtina edib", - M.Zaxarova qeyd edib.
Rusiya XİN nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli liderlərin yuxarıda qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi, Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin uyğunsuzluğunun birbaşa nəticəsidir. "Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - Rusiya tərəfinin bütün lazımi yardımı göstərməyə hazır olduğu, aktuallığı və faydalılığı dəfələrlə sübut edilmiş üçtərəfli sazişlərin icrasına qayıtmaq, - M.Zaxarova vurğulayıb. Rusiya XİN-nin sözçüsünün dedikləri ilk baxışdan, aydındır. Moskva bütün imkanlarınlan və siyasi potensialından yararlanaraq Cənubi Qafqazdakı mövqeyini qorumağa çalışmaqla yanaşı, Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə əsas vasitəçi olmağa can atır. Eyni zamanda rəsmi Moskva 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın tarizə qovuşmasının qarşısını almağa çalışır. Ən azı ona görə ki, Rusiya Sülhməramlı Kontingenti (RSK) məhz və sadəcə, bu sənəd əsasında Azərbaycan ərazisində hələ də qalıb. Daha dəqiq olsaq, sözügedən sənədə görə, RSK 2025-ci ilədək ölkəmizdə olacaq. Bununla belə, Rusiya sürəkli olaraq Ermənistana, daha doğrusu, baş nazir Nikol Paşinnyana xatırladır ki, ermənilərin Moskvadan inciməyə heç bir haqqı yoxdur. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra "qarabağlı ermənilərin təhlükəsizliyinin və hüquqlarının təminatının sual altına düşdüyünü" vurğulayan M.Zaxarova siyasi tavtologiyaya varır. Nikol Paşinyanın "tanıması" Azərbaycanı nə narahat etməyib, nə də sevindirməyib. Ölkəmizin sərhəd toxunulmazlığı və ərazi bütünlüyü dünya birliyi tərəfindən tanınıb. Rusiya və Ermənistan BMT üzvləri olduğundan, təbii ki, konseptual olaraq onlar da tanınmanı hələ 1990-cı illərdə rəsmiləşdirərək legitimləşdirmiş dövlətlər arasındadır. Təbii ki, üçtərəfli bəyanatın heç bir şərtinə əməl etməmiş Ermənistan rəhbərliyinin davranışı yarıtmazdır, bölgədə gərginliyin və risklərin artmasına yönəlib. Üçtərəfli bəyanatın şərtlərinin tam əksəriyyəti artıq siyasi anaxronizmdir. Xankəndindəki separatçı xunta ilə bağlı problemləri Azərbaycan təkbaşına həll etdi, ərazi bütövlüyünü bərpasına nail oldu və s.
Sənədin sadəcə bir bəndi - Azərbaycanın qəib regionları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlı maddə yerinə yetirilməyib. Üçtərəfli bəyanata görə, həmin dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsində hərəkət təhlükəsizliyini rusiyalı sərhədçilər təmin etməlidirlər. Bütün bunlar Rusiya XİN-nin Ermənistana ünvanlanmış sərt bəyanatının formasıdır. Məzmun və mahiyyət başqadır: Moskva İrəvana açıq şəkildə bəyan edir ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Birliyi və KTMT sıralarını tərk etməsi ermənilərin maraqlarına cavab vermir. Yəni bu bəyanat əslində Kremlin Paşinyana ən ciddi xəbərdarlığı da sayıla bilər. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz, birbaşa, ikitərəfli qaydada aparılmış danışıqlarla müzakirələr də ABŞ, Avropa İttifaqı və Fransa ilə yanaşı, Rusiyanı da əndişələndirib. Sadalanan güclər Cənubi Qafqazdakı proseslərə təsir mexanizmlərini itirmək istəmirlər. Əksinə, onlar hadisələrə və proseslərə təsir rıçaqlarını daha da gücləndirmək, miqyasları artırmaq niyyətindədir. Vaşinqton, Brüssel və Moskva danışıqların formatlarının mübarizəsini aparırlar. Bu güclərin heç biri Bakı-İrəvan formatında birbaşa müzakirələrdə, xüsusilə də sülh sazişinin məhz vasitəçilər olmadan imzalanmasınqda maraqlı deyillər. Fransa da təbii ki, vasitəçi olmasa da, bu iddiadadır. ABŞ və Avropa İttifaqının rəsmi Bakıya təzyiq cəhdləri mahiyyət etibarilə Rusiyanın Ermənistana təzyiqlərinə bənzəyir. Zahirən belədir: çünki Ermənistan iqtisadiyyatı, təhlükəsizliyi və siyasəti hələ də əhəmiyyətli dərəcədə Rusiyadan asılıdırsa, Azərbaycanın ABŞ və ya Avropa İttifaqından heç bir asılılığı yoxdur. Bakıdan fərqli olaraq, İrəvan rudimentar diplomatiya ilə məşğuldur ki, bu da sülh prosesinə ciddi problemlər yaradır. Ermənistanın baş naziri Nikol Paşinyan asılılıqdan qurtulmaq istədiyini deyir, amma bir sahibi başqası ilə dəyişməyi müstəqil siyasətə yönəlmə sayır. Təhlükə də elə budur. Elçin Alıoğlu
TREND