"Heydər Əliyev canlı efirdə soruşdu ki, "Elmira Rəhimova hələ də xalq artisti deyil?"-ÖZƏL-FOTO

“Texnikanı sevmirəm, marağım yoxdur. Verilişləri izləmirəm, sözün düzü zövqümcə olan, sevdiyim verilişlər də yoxdur. Bəlkə də var, amma onların da sayı çox azdır. Gənclərdə mənim mahnılarıma həvəs böyükdür. Bəzən eşidirəm, ifa edirlər. Heç kim zəng edib, icazə almır. Heç etiraz da etmirəm. Xasiyyətimi bilirlər, bilirlər ki, icazə verəcəyəm. Amma yaxşı oxusunlar, klassik mahnılara, həmin mahnıların köklərinə toxunmasınlar. Əfsuslar olsun ki, incəsənəti şou-bizneslə səhv salırlar. Bu sözləri 2005-ci ildə deyib, sonradan efirlərlə vidalaşdım. Bu günlərdə oğlum Anand mənə dedi ki, internetdə hansısa xarici müğənni ilə mənim mahnımı sintez ediblər. O mahnını Manana da ifa edib. Şəfiqə Axundovanın mahnısıdır”
 
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, sevimli sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib.
“Reklamların bəzilərində mahnıları ucuzlaşdırırlar. Söhbət mənim mahnılarımdan getmir, ümumiyyətlə klassik mahnılardan gedir. Başa düşürəm, çörək pulu qazanırlar, reklam edirlər. Mən etiraz etmirəm. Bunlara sadəcə nəzarət olmalıdır. Bu sahədə bir az kasadıq. Baxmaq lazımdır ki, hansı mahnını hansı məhsulun yaxud əşyanın reklamında istifadə edirlər. Bir neçə dəfə mənim də mahnılarımdan istifadə ediblər, sadəcə baxıb, gülüb keçmişəm. Bu zövq məsələsidir” deyə illərin sənətkarı deyib.
Sənətkar oxuduğu janrlardan da söz açıb.
 
“Mən estrada yox, xalq mahnıları ifaçısıyam. Seyid Şuşinskidən dərs almışam. O vaxt oxuduğum “Mizəhüseyn” segahı da qızıl fonddadır. Vaxtında estrada da, hind mahnısı da, cazz da ifa etmişəm. Hər bir musiqi janrından oxumuşam. Mən sadəcə əlimə qaval götürüb muğam oxumamışam. İlk dueti mənimlə Yaşar Səfərov ifa edib. Bu “Səadət” mahnısı idi” deyə Elmira xanım bildirib.
 
Elmira Rəhimova hər zaman dövlət qayğısını, diqqətini hiss etdiyini deyib.
 
“Ulu öndər Heydər Əliyevin dəstəyini hər zaman hiss etmişəm. Hər zaman mənə xüsusi hörməti olub. Həmişə də soruşub ki, nə lazımdır?! Mən ondan heç vaxt nəsə xahiş etməmişəm. Heç vaxt unutmaram. O vaxt mən hələ “əməkdar artist” idim. Heydər Əliyev Hindistanın ölkəmizdəki səfiri ilə görüşəndə səfir məndən danışdı. Ulu öndər də Azərbaycan-Hindistan mədəni əlaqələrindəki rolum haqda söhbət açdı. Yadımdadır, Ulu öndər söhbətinə “bizim xalq artistimiz Elmira Rəhimova” deyə başladı.. Kənardan kimsə müdaxilə etdi, dedi ki “əməkdar artist Elmira Rəhimova”.. Heydər Əliyev dedi ki, “xalq artisti”.. Elə o anda ətrafındakı adamlardan soruşdu ki,  “Elmira Rəhimova hələ xalq artisti deyil?”. Həmin gündən sonra mənə “xalq artisti” fəxri adını verdi. Bu gün də dövlətimdən, cənab prezidentimdən, ölkənin birinci xanımından çox razıyam” deyə sənətkar bildirib.






Fikirlər