BAYDEN, YOXSA TRAMP: XƏRÇƏNG, YOXSA İNFARKT? – Amerikalılar və dünya çətin seçim qarşısında
Amerikada bu ilin noyabrında keçiriləcək prezident seçkisi zamanı Donald Tramp 78-ci yaşında olacaq. Seçkilərdən bir neçə həftə sonra isə Co Bayden 83-cü yaşına qədəm qoyacaq. Tarixində heç vaxt ABŞ-nin iki aparıcı partiyası bu dərəcədə yaşlı adamları prezidentliyə namizəd göstərməmişdi. Ancaq əsas məsələ onların yaşından çox aşkar nəzərə çarpan və təkcə seçiciləri arasında deyil, bütün dünyada böyük şübhə doğuran əqli, psixi və mənəvi durumlarıdır... Beləliklə də ABŞ seçicisi tarixində yəqin ki, ilk dəfə çox pis və ondan daha pis olan arasında seçim etmək reallığı ilə üz-üzə qalıb, ən heyrətamizi də odur ki, bunların hansının birinci, hansının isə ikinci olduğunu müəyyən etmək belə çox çətindir. Bayden çıxışlarını bitirəndən sonra hara gedəcəyini unudur, “azır”, göylərə baxır, sanki ruhlarla, “inkir-minkirlə” “əlləşir”, ya da məsələn, Makron barədə danışarkən onu Mitteran adlandırır və sair. Lakin rəqibini lağa qoyan Tramp da artıq öz hərəkət və açıqlamaları ilə ondan geri qalmır. Məsələn, çıxışlarında partiya daxilindəki rəqibi Nikki Heylini dəfələrlə Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ilə qarışdırır, onun əvəzinə Pelosinin adını çəkir. Bununla yanaşı, Tramp istər prezidentliyi dövründə, istərsə də sonrakı illərdə qeyri-adekvat davranışları və açıqlamaları ilə yadda qalıb. Görün, dünyanın nə yeridir ki, dünyanın ən güclü, nüfuzlu dövləti olan, nümunə göstərilən ABŞ-nin başında durmuş və bu gün də həmin posta iddialı olan bir şəxs məhkəmə tərəfindən dələduzluqda ittiham edilir. Bununla da bitmir. Yenidən ABŞ Prezidenti olmaq ehtimalı yüksək olan Tramp bir porno aktrisası ilə izdivac yaşaması bir yana, hətta onun şantajına boyun əydiyini, ona susması üçün pul ödədiyini etiraf edir. Özü də seçki fondundan! Bir məlum peşə sahibi olan qadının şantajı qarşısında aciz qalıb məhkəmələrdə sürünən birisinin Putin kimisinin şantaj və təhdidlərinə necə qarşılıq verəcəyi maraqlıdır... Bu iki namizədin öz ölkəsinə, dünyaya və o cümlədən də Ukraynada davam edən müharibəyə münasibətləri öz şəxsi xarakter və keyfiyyətlərinə uyğundur. Biri üzücü, yorucu, riyakar, qorxaq, qətiyyətsiz, digəri isə primitiv dərəcədə dayaz düşüncəli, “dəlixay”, qeyri-adekvat, proqnozlaşdırıla bilməyən tipə malikdir və bunların hər ikisinin apardığı siyasətin sonu olduqca qaranlıq görünür. Ona görə də ABŞ-də son zamanlar xüsusilə də Ukraynaya münasibətdə Baydenin siyasətini xərçəng, Trampın siyasətini isə infarktla müqayisə edirlər. İndi belə çıxır ki, Trampın reytinqinin yüksək olmasının səbəbi əksəriyyətin əziyyətlə ölməkdənsə, ürəktutmasından dərhal ölməyə üstünlük verməsidir. Özü də təəssüf ki, təkcə ABŞ deyil, demək olar, bütün bəşəriyyət bu gün belə bir acınacaqlı seçimlə üz-üzə qalmaq ərəfəsindədir... Amerikada indikilər qədər olmasa da, qoca prezidentlər olub. Məsələn, SSRİ-ni “Soyuq müharibə”də məğlub edən respublikaçı prezident Ronald Reyqan ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürəndə 73 yaşı var idi və o, həmin seçkidə asanlıqla qalib gəlmişdi. Ancaq indi nə respublikaçı Tramp, nə də demokrat Bayden onun “əlinə su tökməyə” belə yaramazlar... Tramp Ukrayna ilə bağlı heç bir konkret, ağlabatan planı olmadığı halda, müharibəni 24 saata bitirəcəyini deyir. Buna nə ABŞ-də, nə də Ukraynada inanan var. Çünki onun Putinlə dərhal anlaşmağa hesablanan “planı” nəinki Kiyevi, heç Kremli də qane etməyəcək. Putindən, yaxud Kiyevdən “yox” cavabı alandan sonra isə onun hansı addımları atacağını proqnozlaşdırmaq çətindir... Baydenə gəldikdə, onun karyerasına nəzər yetirəndə görmək olar ki, bu adam daim öz qorxaq və ifrat dərəcədə ehtiyalı, cəsarətsiz tipi ilə seçilib. Bayden siyasi karyerasının 36 ilini senator olub və Senatda keçirib. Senatorun işi isə qərar verməkdən daha çox hansısa “palazaltı” oyunlar qurmaq, sövdələşməyə getmək, “siyasi alver” etməkdən ibarətdir. Necə ki, istər müharibədən əvvəl, istərsə də bu günün özündə Bayden Ukraynada bununla məşğuldur. Onun öz ətrafına topladığı komanda da aşağı-yuxarı özü kimilərdən ibarətdir. Bu gün Ameikanın Arizonadakı və Kaliforniyadakı səhralıqlarında 12 min tank “yatır”. ABŞ-nin və tərəfdaşlarının minlərlə “F-16” təyyarəsi var. Lakin Bayden Ukraynaya həmin 12 mindən cəmi 31 ədəd tank verib. “F-16”-lar isə az qala üç ilin tamamında belə heç cür Ukraynaya gəlib çıxa bilmir. Nə vaxtsa gələcəyi halda belə, onların sayı yüzlərlə yox, ən yaxşı halda onlarla ölçüləcək. Konqresdə Ukraynaya yardım məsələsinin “evcik-evcik” oyunu ilə 6 aydan artıq uzadılması, nəticədə Ukraynanın geriləməsi və bu müddətdə Baydenin zatən malik olduğu səlahiyyət və imkanlardan istifadə etməməsi də həmin çirkin alverin tərkib hissəsi oldu. Bütün bunlardan sonra ABŞ-nin gerçəkdən Ukraynanın qələbəsinə çalışdığını düşünmək sadəlövhlük olardı... Bayden və onun komandası tarixin hazırda gəldiyimiz dönüş nöqtəsində, gələcək nəsillərin taleyi həll olunan bir vaxtda dünyanın ən güclü dövlətini idarə edəcək çapa, məsuliyyəti öz üzərinə götürə biləcək cəsarətə, qətiyyətə malik lider və komanda deyil. Bunu dəfələrlə sübut edib - Əfqanıstandan biabırçılıqla qaçanda da, Rusiya işğalının ilk günlərində Ukrayna rəhbərliyinə silah-sursat əvəzinə qaçmaq üçün helikopter təklif edəndə də, bu gün Ukraynaya Rusiya ərazisini vurmağı qadağan edəndə də və sair. Ukraynadakı müharibə hər nə qədər Rusiyanın dünyanı yenidən bölüşdürməsi planı və digər konspiroloji səbəblərlə izah edilməyə çalışılsa da, reallıqda Putin öz hakimiyyətinin ömrünü uzatmaq, “tarixə düşmək” və s. üçün özünün və Rusiyanın “boyundan hündürə atlanıb”. Sanki bir quyuya böyük bir daş atıb. Həm də özünün və ölkəsinin ağırlığının altından çıxa bilməyəcəyi bir daş. Ancaq indi bu daşı o quyudan çıxaracaq “ağıllılar”ın həmin daşı atan dəlidən nə üstün ağlı, nə cəsarəti, nə də ləyaqəti var... Doğrusu, “qısır”, “axtalanmış” keyfiyyətlərə malik olan “lider” təkcə Bayden deyil. Bu gün Almaniyanın, İngiltərənin, Fransanın başında duranlar da ondan geri qalmır. İndi nə Bayden Ruzvelt, nə Sunak Çörçill, nə Şolts Adenauer, nə də Makron De Qol deyil... Trampa qayıdaq. Bu yaxınlarda Texasda minlərlə mühafizəkar amerikalının qarşısında çıxış edən Tramp ekrandan oxuduğu mətni söyləyərkən deyib: “Amerika bəşəriyyət tarixinin ən böyük xalqıdır”. Bundan sonra qəflətən susub, sanki donub. "Donma" tam 30 saniyə davam edib və bu müddət ərzində Tramp yalnız irəli baxaraq, başını silkələyib (sonradan həmin vaxt musiqiyə qulaq asdığını deyib və bunun “adi hal” olduğunu bildirib). Tamaşaçılar bu “alovlu” nitqin necə bitəcəyini gözləyərkən, nəhayət, oyanan Tramp qəflətən əlavə edib: “Amma indi biz tənəzzülə uğramış bədbəxt bir xalqa çevrilmişik”. Bəli. Bəlkə də o və ondan geri qalmayan Baydendən başqa seçimi olmayan duruma düşmüş Amerika və amerikalılar barədə dediklərində Tramp haqlıdır. Yəqin, “dəlidən doğru xəbər” də buna deyirlər... Cəlal Məmmədov “AzPolitika.info”