Azərbaycan Zəngəzurun "qapı"sını açır: Bakı ABŞ, AB və Ermənistana şərtləri diqtə edir

ABŞ və Qərb Avropa və Asiyanı birləşdirəcək iqtisadi-ticari marşrutun məhz İran ərazisindən keçirilmə ehtimalını geostrateji təhlükə kimi qəbul edir... Ona görə də, Qərb siyasi dairələri bu təhlükədən yayınmaq üçün Zəngəzur dəhlizinin açılmasının vacibliyini ön plana keçirtməyə başlayıblar...

Cənubi Qafqazda yeni geopolitik düzən artıq inkaredilməz reallıqdır. Üstəlik, bu geopolitik düzən hətta tam gücüylə işləməkdədir. İndi Cənubi Qafqazda bütün regional proseslər məhz yeni geopolitik düzənin şərtləri çərçivəsində istiqamətləndirilir. Ən əsasısa, yeni regional geopolitik düzənin siyasi iradə mərkəzi məhz Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Və bu baxımdan, Cənubi Qafqazda maraqları olan nəhəng dövlətlər rəsmi Bakının timsalında olduqca prinsipial geopolitik güc mərkəzi ilə üzləşmiş kimi görünürlər.

Belə anlaşılır ki, nə ABŞ və Qərb, nə də Rusiya və İran bundan sonra Cənubi Qafqazda Azərbaycanın maraqlarına zidd planlar quraraq, onları reallaşdırmaq şansına sahib olmayacaqlar. Bu regiona maraq göstərənlər ilk növbədə rəsmi Bakı qarşısına gələcəklər, anlaşmağa çalışacaqlar. Əks halda, Cənubi Qafqazın “qapıları” bu regiona can atanların üzünə qapalı qalacaq. Və bunu təsdiqləyən kifayət qədər örnəklər də mövcuddur.

Fransa uzun müddət Azərbaycanın Cənubi Qafqazdakı geopolitik liderliyini ciddiyə almadı. Rəsmi Paris israrla və açıq şəkildə ermənipərəst mövqe tutdu, Ermənistana genişmiqyaslı dəstək verməyə çalışdı. Bununla da Fransanın Ermənistana yerləşərək, Cənubi Qafqazda hegemon mövqelər qazana biləcəyinə ümid bəslədi. Və indi yaranmış situasiya rəsmi Parisin ciddi səhvlər buraxaraq, Fransanın Cənubi Qafqaz maraqlarının “dəfn” edilməsinə səbəb olduğunu göstərir.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Belə ki, rəsmi Bakı Fransanı Cənubi Qafqazda cərəyan edən bütün proseslərdən bloklayıb. İndi rəsmi Paris bu regionda nə geopolitik, nə geoiqtisadi, nə də geostrateji proseslərdə iştirak edə bilmir. Yəni, rəsmi Bakı Fransanı Cənubi Qafqazdan tamamilə kənarlaşdıraraq, regionadan qovulmuş dövlət durumuna salıb. Və artıq indi Azərbaycan ümumiyyətlə, Fransanı ciddiyə almır.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi də təxminən oxşar situasiya ilə üzləşməyə başlayıb. Belə ki, ABŞ və Avropa Birliyi də ifrat ermənipərəst davranışlarının nəticələri ilə üz-üzə buraxılıb. Rəsmi Bakı Azərbaycanın maraqları olan məkanlarda regiondan kənar güclərə qətiyyən güzəştə getmir. Və qarşı tərəfi məhz Azərbaycanın maraqları ilə hesablaşmağa məcbur edir.

Bir neçə ay əvvəl ABŞ və Avropa Birliyi Zəngəzur dəhlizinin açılmasına yönəlik ortaq mesajlar vermişdi. Həmin mesajlarda rəsmi Bakıya Zəngəzur dəhlizinin məhz Ermənistanın şərtləri çərçivəsində açılması tövsiyyə edilmişdi. Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizinin açılmalı olduğu şərtlər tam şəkildə müəyyən olunub. Və ABŞ-Avropa Birliyi cütlüyünün bu dəhliz üçün Ermənistan üzərindən fərqli şərtlər icad etməyə cəhd göstərməsi yolverilməz davranış idi.

brussel-gorusu.jpg (163 KB)

Təbii ki, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Azərbaycana qarşı təzyiq cəhdlərini “mükafatlandırmaq” niyyətində deyildi. Ona görə də, ABŞ və Avropa Birliyi tezliklə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən yan keçəcək variantı ilə tanış olmaq məcburiyyətində qaldı. Düzdür, Ağ Ev və Brüssel bu varianta sərt şəkildə etiraz edərək, Azərbaycanı radikal reaksiya ilə şantaja da cəhd göstərdi.

Ancaq rəsmi Bakı buna qətiyyən əhəmiyyət vermədi, Azərbaycanın öz nəqliyyat-kommunikasiya marşrutlarını ABŞ və Avropa Birliyi ilə məsləhətləşmədən müəyyən etmək hüquqlarını qabartdı. Nəticədə ABŞ-Avropa Birliyi cütlüyü rəsmi Bakının prinsipial mövqeyi qarşısında aciz duruma düşmüş oldu. Və indi Qərb siyasi dairələri Cənubi Qafqaz siyasətlərini məhz Azərbaycanın mövqeyini nəzərə almaqla, formalaşdırmağa üstünlük verirlər.

Maraqlıdır ki, ABŞ və Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də müəyyən dəyişikliyin baş verdiyi müşahidə olunur. Belə ki, Qərb siyasi dairələri Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas iqtisadi-ticari nəqliyyat-kammunikasiya marşrutunun istənilə halda, açılacağını anlayırlar. Çünki bu, Avropa və Asiya, eləcə də, dünya iqtisadiyyatının tələbidir. Və bu prosesin qarşısını almaq artıq demək olar ki, mümkün deyil.

prez-zengezur.jpg (269 KB)

Ancaq ABŞ və Qərb bu marşrutun məhz İran ərazisindən keçirilməsinə qarşı çıxırlar. Ona görə də, son vaxtlar Qərb siyasi dairələri marşrutun İran ərazisindən keçirilməsinin qarşısını almaq üçün rəsmi İrəvana Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı müəyyən mesajlar verməyə başlayıblar. Hətta bəzi məlumatlara görə, Paşinyan hakimiyyətinə Zəngəzur dəslizinin bundan sonra bloklanmasının yolverilməzliyi anladılıb. Və rəsmi İrəvana bu layihənin reallaşdırılmasına imkan yaratmaq barədə ciddi tövsiyyələr verilib.

Belə anlaşılır ki, rəsmi Bakı öz hədəfinə çatmaq üzrədir. Çünki ABŞ və Qərb nəhayət ki, Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərməyə başlayıb. Üstəlik, bu, Ermənistanın da maraqlarını ifadə edir. Çünki əgər, Zəngəzur dəhlizi açılmazsa, Ermənistan daha bir nəhəng geoiqtisadi layihədən kənarda qalmış olacaq, külli miqdarda tranzit gəlirlərindən məhrum qalacaq. Halbuki, rəsmi İrəvan həm Ermənistanı blokadadan çıxartmaq, həm də yeni gəlir qaynağı qazanmaq baxımından, indi Zəngəzur dəhlizinə ehtiyac duyur.

Bütün bunlar onu göstərir ki, beynəlxalq himayədarlarının razılığından sonra Ermənistan Zəngəzur dəhlizinin açılması üçün indi artıq Azərbaycana minnətçi düşmək məcburiyyətində qalıb. Belə vəziyyət isə rəsmi Bakıya Zəngəzur dəhlizinin açılması və fəaliyyəti ilə bağlı şərtləri Azərbaycanın maraqları çərçivəsində Ermənistana diqtə etmək şansı qazandırır. Və bu, rəsmi Bakının növbəti geopolitik qələbəsidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər