Avropa Birliyi sərmayə vəd edir, Rusiyanın isə barmağı tətikdədir: Rəsmi Bakı seçim edəcək
Yaxın gələcək üçün Cənubi Qafqazın beynəlxalq siyasi iradə mərkəzləri arasında əsas rəqabət məkanına çevrilə biləcəyi qətiyyən istisna deyil. Bu regionun tezliklə əsl "nifaq alması" statusu qazanması ilə bağlı potensialı kifayət qədər yüksəkdir. Və belə bir güzəştsiz mübarizənin artıq başlandığını biruzə verən real əlamətlər də qabarıq şəkildə nəzərə çarpır. Hər halda, Soçi görüşü öncədə baş verənlər mütləq nəzərə alınmalıdır. Çünki belə bir görüşün keçirilməsi qətiyyən gündəmdə deyildi və hətta bu istiqamətdə hər hansı anlaşma da əldə olunmamışdı. Əksinə, Ermənistan Rusiyanın vasitəçilik missiyasından uzaqlaşma manevrləri edirdi. Və rəsmi İrəvan Azərbaycan ilə siyasi-diplomatik müzakirə masasının Rusiyada deyil, Avropa məkanında qurulmasına can atırdı. Təbii ki, bu, sadəcə, rəsmi İrəvanın istəyi ilə olmayıb, məhz Avropa qurumları tərəfindən idarə edilən bir proses idi. Əsas hədəf Rusiyanın regional orbitr rolunun zəiflədilməsinə və Qərbin Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirak payının artırılmasına yönəldilmişdi. Və Rusiyanın vasitəçilik rolunun arxa plana keçirilməsinə hesablanmış Brüssel görüşünə razılıq vermiş Azərbaycan üçün elə bir ciddi problem vəd etmirdi.
Ancaq Avropa və rəsmi İrəvanın Rusiyanı nisbətən kənara itələmə oyununa isterik reaksiya verən Kreml bu prosesi tam da olmasa, böyük ölçüdə öz xeyrinə tənzimləməyə nail oldu. Brüssel görüşünün keçirilməsini bloklamaq imkanlarını itirən Kreml üçtərəfli Soçi dialoqu ilə Rusiyanın regional orbitr statusunun toxunulmazlığını hələlik təmin edə bildi. Və bu, Qərbin növbəti geopolitik manevrlərinə qarşı ehtiyat variantlar hazırlamaq baxımdan, Kremlə müəyyən qədər zaman qazandırdı. Məsələ ondadır ki, Kreml belə "geopolitik sürprizlər"lə hələ çox üzləşməli olacaq. Hər halda, Qərb siyasi iradə mərkəzləri Cənubi Qafqaz regionunu tamamilə Rusiyanın təsir dairəsində buraxmaq niyyətində olmadıqlarını qətiyyən gizlətmirlər. Çünki bu region yaxın gələcəkdə dünyanın ən önəmli nəqliyyat-kommunikasiya və iqtisadi-ticari əməkdaşlıq şəbəkələrinə sahib olma perspektivlərini öz üzərində birləşdirir. Məsələ ondadır ki, Azərbaycanın 44 günlük savaşda qələbəsi bir çox önəmli dəyişikliklərə səbəb olub. Ona görə də, Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbəni sadəcə, ərazi bütövlüyünün bərpa edilməsi ilə izah etmək yanlış olardı. Bu qələbə ümumiyyətlə, Cənubi Qafqazda geopolitik reallıqları təməldən dəyişib. Bütün bunları nəzərə aldıqda, regional münaqişənin artıq birmənalı şəkildə yekunlaşdığını düşünmək də sadəlövhlük olardı. Yəni, indiki halda, Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin yekun nəticələrinin aydınlaşmasından danışmaq mümkündür. Bu iki qonşu ölkə arasında onilliklər boyu davam etmiş hərbi münaqişənin siyasi-diplomatik mərhələsi hələ irəlidədir.
Çünki, rəsmi Bakı böyük ehtimalla Azərbaycanın hərbi qələbəsininin yekun nəticələrini geopolitik supergüc və regional iqtisadi-ticari əməkdaşlığın şəriksiz iradə sahibi statusları ilə möhkəmləndirməyə üstünlük verəcək. Bu isə o deməkdir ki, rəsmi Bakı Azərbaycanın hərbi qələbəsinin geopolitik, geostrateji və geoiqtisadi mənfəətlərini nə Rusiyaya, nə də Qərb siyasi dairələrinə buraxmaz. Və bu mərhələdə geopolitik mübarizə hər an kövrək sülh mühitini poza bilər. Ən əsası isə rəsmi Bakının özünün bütün hədəflərinə tam çatmadan yekun sülh sazişinin tezliklə imzalanmasına həvəs göstərəcəyini düşünmək sadəlövhlük olardı. Hər halda, rəsmi Bakı bütün regional nəqliyyat-kommunikasiya xətlərinə və iqtisadi-ticari marşrutlara Azərbaycanın şəriksiz nəzarət hüquqlarını kimsəyə güzəştə getməyəcək. Təbii ki, bu prosesdə Türkiyənin də Azərbaycanın yanında yer alması rəsmi Bakının əlini daha da gücləndirir. Rəsmi Ankaranın Cənubi Qafqazda nüfuz dairəsini genişləndirməyə çalışmaqla, Rusiyanın ənənəvi geopolitik mövqelərinə şərik çıxması da Azərbaycanın regional hədəfləri ilə uzlaşır. Və bütün bunları yeni geopolitik şərtləri təsəvvür etmək baxımından, ən önəmli faktor kimi də qəbul etmək mümkündür. Şübhə doğurmur ki, Cənubi Qafqaz uğrunda mübarizədə Qərbi ilk növbədə Avropa Birliyi təmsil edəcək. Avropa Birliyi ilə Rusiya arasında region uğrunda savaş gücləndikcə, hər iki tərəfin məhz Azərbaycana ehtiyacı artacaq. Yəni, hər iki tərəf rəqib üzərində üstünlük qazanmaq üçün Azərbaycanın dəstəyinə möhtac ola bilər. Bu isə müəyyən mənada, rəsmi Bakının Avropa Birliyi ilə Rusiya arasında başlamış region uğrunda savaşda qalibi dəqiqləşdirəcək orbitrə çevrilmə perspektivindən xəbər verir.
Hələlik isə Avropa Birliyi, hətta dünya nəhəngi ABŞ belə, Cənubi Qafqazdan kənarda qalıb. Rəsmi Bakının 30 illik danışıqlar prosesini uğursuzluqla üzləşdirmiş Minsk Qrupunu bloklaması Avropa Birliyini regiona "yeni qapı" açmaq məcburiyyətində buraxır. Üstəlik, regional təhlükəsizlik üzrə vasitəçilik rolu olmayan Avropa Birliyinin ənənəvi "demokratik islahatlar" paketi də artıq işə yaramadığından fərqli faktorların ön plana çıxarılması lazım gələcək. Bu baxımdan, Avropa Birliyinin Cənubi Qafqazda regional oyunçuya çevrilmək üçün iqtisadi-ticari alətləri hərəkətə gətirməli olacağını düşünmək olar. Çünki, iqtisadi-ticari alətlərin sürətlə hərəkətə gətirilməsi Avropa Birliyinə müəyyən istiqamətlər üzrə ciddi üstünlüklər qazandıra bilər. Bu, Avropa Birliyinin Cənubi Qafqazda Rusiyanı küncə sıxışdıra biləcəyi ən önəmli faktordur. Çünki, Rusiyanın bu regionda iqtisadi-ticari faktorlar üzərindən geniş manevrlər etmək imkanları yoxdur. Rusiya yalnız hərbi-siyasi faktorlara güvənə bilər. Halbuki, hazırda Cənubi Qafqaz və regionətrafı dövlətlər üçün hərbi deyil, məhz iqtisadi-ticari alətlərin hərəkətə gətirilməsi ilə maliyyə qaynaqlarının yaradılması daha cəlbedicidir. Üstəlik, hərbi faktorlardan fərqli olaraq, iqtisadi-ticari alətlər doğru istifadə olunduqda regional münaqişələrin həllini sürətləndirə bilər. Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin regionda cərəyan edən proseslərdə iştirakına istənilən halda, ehtiyac olmamış deyil. Ancaq bu qurumun regiona qayıdışında siyasi xarakterli manevrlər yolverilməzdir. Və hətta regionun qapılarını Avropa Birliyinin üzünə qapalı saxlaya da bilər.
Məsələ ondadır ki, Avropa Birliyi regionda özünə "yeni cığır" açmaq niyyətində ciddidirsə, münaqişə tərəflərindən hər hansı birinin yanında yer ala bilməz. Deməli, bu qurum öz siyasi hədəflərini istənilən halda, iqtisadi-ticari faktorların arxasında tutmalı olacaq. Bu, Azərbaycanın liderlik etdiyi region ölkələri ilə yanaşı, Türkiyə və İranın da maraqlarına cavab verə bilər. Bütün bunlar onu göstərir ki, Avropa Birliyi Cənubi Qafqazda Rusiya ilə hərbi-siyasi faktorlar üzərindən rəqabət imkanlarına sahib deyil. Üstəlik, Azərbaycan da belə manevrlərə şans tanımaz. Və bu halda, üstünlük Rusiyanın tərəfində qala bilər. Ancaq Avropa Birliyi regiona müxtəlif sərmayə paketləri və iqtisadi-ticari əməkdaşlıq təklifləri ilə gəlməyə çalışarsa, bu, Rusiyanı çətin vəziyyətə salar. Xüsusilə də, regional supergüc olan Azərbaycanın dəstəyi Avropa Birliyinə regionun qapılarını aça bilər. Və adətən, barmağı həmişə silahın tətiyində olan Kreml Avropa Birliyi ilə iqtisadi-ticari faktorlar üzərindən rəqabətdə Rusiyanın məğlubiyyəti ilə barışmalı olar. \"Yeni Müsavat" Avropa Birliyi regiona müxtəlif sərmayə paketləri və iqtisadi-ticari əməkdaşlıq təklifləri ilə gəlməyə çalışmaqla, geopolitik rəqabətdə yalnız hərbi faktorlara güvənən Rusiyanı çətin vəziyyətə sala bilər; Xüsusilə də, regional supergüc olan Azərbaycanın dəstəyi Avropa Birliyi üçün Cənubi Qafqazın qapılarını aça bilmək baxımından, prinsipial əhəmiyyət daşıyır...