"Qeyri-peşəkar fikirlər səsləndirir" - Ekspert Vahid Əhmədova hücuma keçdi

“Son günlər parlamentdə müharibə iştirakçılarına ödənilən aylıq 80 manatlıq müavinətlərlə bağlı qeyri-peşəkar fikirlər səsləndirilir. Təəssüf ki, parlament müstəvisi belə “fikirlər” səsləndirmək üçün kimlərsə tərəfindən meydança hesab olunur. Son 6 ildə ölkədə effektiv sosial siyasət həyata keçirilir. Amma həmin millət vəkilləri bu barədə danışmırlar. Onlar həyata keçirilən effektiv sosial siyasətə kölgə salırlar. Bu da həmin millət vəkillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə prinsip aparmasının göstəricisidir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.
O bildirib ki, burada söhbət 180 min nəfər müharibə iştirakçısına verilən müavinətdən gedir:
“Bu rəqəm ölkədə muzdla çalışan əməkhaqqı qüvvəsinin təqribən 10 faizindən çoxdur. Bu gün onsuz da iqtisadiyyatda müvafiq qeyri-tarazlıqlar var. Ümumi daxili məhsulun təqribən 30 faizindən çoxunu təşkil edən bir sahədə əmək resurslarının muzdla çalışan əməkhaqqı qüvvəsinin 2 faizdən aşağı hissəsi təmsil olunur. Digər tərəfdən, həmin o 2 faizdən aşağı olan hissə ölkənin büdcə daxilolmalarının təqribən 50 faizini, ixracatın isə 90 faizini təmin edir. Bu qeyri-mütənasiblikləri biz bir qədər də dərinləşdirib, əmək qabiliyyəti olan 180 min nəfəri əmək bazarından uzqlaşdırıb müavinətlər kateqoriyasına aid edək? Bu, düzgün yanaşma deyil. Onsuz da həmin insanlar müavinət alır. Onların məhz müavinətlər hesabına dolanması iqtisadiyyatdakı qeyri-tarazlıqları dərinləşdirə bilər”.
E.Məmmədov qeyd edib ki, bu insanlara əlavə 20, 40, 80 manatın verilməsi onların sosial-iqtisadi problemlərini həll etməyəcək:
“O insanları aktiv məşğulluq proqramlarına cəlb etmək lazımdır. Onların çoxu yüksək əmək qabiliyyətinə malikdir. Təəssüf ki, millət vəkilləri, xüsusilə də iqtisadçı millət vəkilləri bu məsələyə qeyri-peşəkar yanaşır və sosial dəstəyi yalnız müavinətlərin artırılmasında görürlər. Bu, düz deyil. Əhalinin həssas kateqoriyalarına sosial dəstək yalnız onlara verilən müavinətlərin 20 və yaxud 40 manat artırılmasından ibarət olmamalıdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aktiv məşğulluq siyasəti aparır. Bu siyasətin mərkəzində müharibə iştirakçılarının işlə təmin olunması, onların əmək bazarına təkrar inteqrasiyası məsələsi dayanır. Bu istiqamətdə işləmək lazımdır ki, o insanlar yüksək əməkhaqqı alsınlar, pensiya kapitalı yığsınlar və onların sosial rifahı güclənsin. Bunun əvəzinə əhali, ictimaiyyət arasında nüfuz, xal qazanmaq üçün ən rahat yolu - müavinətlərin artırılmasına dair təklif irəli sürməyi seçirlər. Əgər millət vəkilləri əhalinin həmin həssas kateqoriyasının sosial rifahının gücləndirilməsinə çalışırlarsa, onda təşəbbüslər irəli sürsünlər. Məsələn, parkinq qiymətlərindən müharibə iştirakçılarının azad edilməsi, kommunal ödənişlərdə onlara hansısa güzəştlərin edilməsi və s. kimi məsələləri qaldırsınlar Təəssüf ki, millət vəkilləri bu barədə fikir bildirmir, təklif irəli sürmürlər”.
"182 minə yaxın müharibə veteranı var. Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik”.






Fikirlər