AMEA-dakı təhqiqat Ramiz Mehdiyevlə yekunlaşmayacaq - Qalmaqallı iddia

AMEA-dakı təhqiqat Ramiz Mehdiyevlə yekunlaşmayacaq - Qalmaqallı iddia

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə oktyabrın 18-də keçirilən Kollegiya iclasında “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin oktyabrın 21-də yaydığı məlumatda isə qeyd olunub ki, Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"AzerTaym.az" xəbər verir ki,  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov çalışdığı elm məbədi ətrafında baş verən proseslərlə bağlı Medianews.az-a açıqlamasında bildirib ki, Hesablama Palatasının apardığı audit yoxlaması, təftiş və təhqiqatlar, yalnız Ramiz Mehdiyevlə məhdudlaşa bilməz.

Onun sözlərinə görə, məhz R.Mehdiyevin himayəsi ilə, yaxud onun himayəsindən kənar əli cinayətə batmış, asan yolla varlanmış digər akademşəbəkə üzvləri məsuliyyətdən kənarda qalmamalıdırlar: “Prosesdə böyük bir dəstənin iştirakı şəksizdir. Nəhayət, bu zərərli şəbəkə zərərsizləşdirilərsə, başqalarına da dərs olar. Cəzanın olmaması cinayətkar ünsürləri həvəsləndirir. Bu zaman alim qılaflı şəxslərin nəcib ad altında törətdikləri daha təhlükəli və daha dağıdıcı olur. Yaxın illər ərzində bir neçə dəfədir ki, AMEA-da analoji yoxlamalr aparılır, qanunsuzluqlar, dövlət vəsaitinin aidiyyəti üzrə xərclənməməsi, dövlət əmlakına qəsd edilməsi, israf etmələr aşkarlanır. AMEA-da yeni yoxlamalar nəticəsində aşkarlanan faktlar üzrə cinayət işinin başlanması müsbət haldır. Məlumatda bildirilir ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaiti təyinatı üzrə istifadə edilməyib. Xatırladım ki, AMEA prezidenti postunu 2019-cu ilin oktyabr ayından 2022-ci ilin fevralına qədər Ramiz Mehdiyev, 2022-ci ilin oktyabr ayından bu günə qədər isə onun çevrəsinə daxil olan yaxın dostu İsa Həbibbəyli tutur. İ.Həbibbəyli 2013-cü ildən AMEA-nın vitse-prezidenti və eyni zamanda Ədəbiyyat İnstitutunun direktorudur. Onu da qeyd edim ki, 10 il bundan əvvəlki dövr asraşdırılsa, daha dəhşətli mənimsəmə və israfçılıq faktlarının üzə çıxacağı şübhəsizdir”.

İ.Abbasov deyib ki, 2015-ci ildə şöbədə rast gəldiyi video kasetdə dövlət əmlakının mənimsənilməsini əks etdirən ciddi faktlar aşkarlanaraq vitse-prezident İsa Həbibbəyliyə, direktorlar Möhsün Nağısoylu və Nadir Məmmədliyə təqdim edilsə də, onlar bunu sükutla qarsalayıblar: “Görünür, dövlətin ziyanına olan faktların gizlədilməsində bu vəzifəli şəxslərin xüsusi marağı vardır. Eyni zamanda ölkə Prezidentinin 2012-ci ildə dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon AZN (təxminən 4 mln.dollara yaxın) vəsait yoxa çıxarılıb. Bundan başqa, son on ildə dövlətin ayırdığı yüz minlərlə qrantların taleyi qaranlıqdır. Saxta nəşrlərə böyük məbləğlər sərf olunub. Mən hələ elmi-mənəvi mühiti kor qoyan saysız-hesabsız akademik maxinasiyaları demirəm. Bu nüanslar biz sıravi işçilərin bildikləridir. Görün, əlaqədar qurumlar ciddi istintaq apararlarsa, nələr ortaya çıxar?! Bir icra başçısının məsuliyyətsizliyi dövlətə iqtisadi və maddi zərər verirsə, bir alimin, akademikin məsuliyyətsizliyi millətin, dövlətin gələcəyini və mövcudluğunu təhdid edir. Bu gün elm və təhsil “şefləri”nin ölkəyə vurduğu maddi və sosial-mənəvi ziyanın miqyası ölçüyə gəlmir”.

İ.Abbasov söyləyib ki, AMEA-da dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalara hüquqi qiymət verilməsi, cinayətkarların cəzalandırılması dövlətin, xalqın mənafeyinə tam uyğundur: “Baş Prokurorluğun qaldırdığı cinayət işi qanunun tələblərinə uyğun olaraq ardıcıl şəkildə davam etdiriləcəksə, ədalət zəfər çalacaq. Unutmaq olmaz ki, akademik şəbəkənin uzun illər məsuliyyətsiz və yarıtmaz fəaliyyəti milli genefondumuzu məhv etməkdədir. Onlar yalnız özləri, övladları və nəvə-nəticələri naminə dövlət büdcəsinin altını üstünə çevirmiş, elmin başına daş salmış, milli maraqların məhvi üçün əllərindən gələn hər şeyi ediblər. Bu gün isə heç nə olmamış kimi əllərini, qollarını sallayıb gəzirlər”.

İ.Abbasov qeyd edib ki, alim, akademik qılafında toxunulmazlıq qazanmış, ortada yeyib qıraqda gəzən, ölkənin beyin potensialını hərtərəfli şikəst edən bir zümrənin harın, məsuliyyətsiz və antimilli davranışları üzündən Azərbaycanda milli-mənəvi dəyərlər ayaqlar altına atılıb: “Biganəlik, vecsizlik, məsuliyyətsizlik edib milyon sahibi olmaq normaya çevrilib, büdcə oğurluğu adi hal alıb. Bütün bunlar vətəndaşların dövlətə olan inam və etibarını zədələyir, milli maraqları dibsiz uçuruma sürükləyir. Tərtər boyda ağır cinayətlərin törədilməsi, başıpozuq və söyüşcül bir nəslin yetişdirilməsi belə oğru, vicdansız, rüşvətxor, laqeyd, xain və satqın akademik fəaliyyətin nəticəsidir. İntellektual fəlakətdən böyük nə ola bilər ki?! Milləti o fəlakətin qoynuna itələyən islaholunmaz akademşəbəkənin yuvası birdəfəlik dağıdılmalıdır. Mənfur şəbəkə üzvləri bütün iyrənc əməllərini həyasızcasına ölkə rəhbərinin ünvanına dedikləri tərif, mədhiyyə fonunda həyata keçirməyə çalışırlar. Bəzəkli, səs-küylü yubiley tədbirləri, görüşlər, yığıncaqlar keçirməklə bədxah əməllərini ört-basdır etməyə çalışır və bu yaşlarında həvəslə artistlik edirlər. Milli və dövlətçilik maraqlarını ayaqlayaraq ölkəni və xalqı çökdürmək hesabına ciblərini doldurmaq üçün necə də səfərbər olunublar! Sadəcə, dəhşətdir”.






Fikirlər