21-ci əsrin ən nəhəng imperiyasının nostaljisini hələ də yaşayanlar var...
SSRİ-nin dağılmasının 24 ili tamam olur. 1991-ci ilin bu günündə Sovet İttifaqı Belarusda üç respublikanın - Rusiya Federasiyasının, Ukraynanın və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə tarixin arxivinə verildi. Sənədi Belorus adından Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya adından Boris Yeltsin, Ukrayna adından Leonid Kravçuk imzalayıb.
Belarus Ali Sovetinin keçmiş sədri, SSRİ-nin dağılmasını əsasını qoymuş “Belovejsk sazişi”ni imzalayan Stanislav Şuşkeviç sözügedən hadisənin 20 illiyində bundan peşman olmadığını demişdi: “Nə qədər istəyirlər məni söysünlər. Məhz bu sazişə görə, bir damla qan tökülmədən SSRİ-nin süqutu baş verdi. Bu saziş Sovet İttifaqının süqutunun hüquqi cəhətdən təsdiq edilməsi idi. Əslində isə SSRİ-nin dağılması avqust ayında artıq baş vermişdi. Bizim cəsarətimiz çatdı ki, məsələni öz adı ilə adlandıraq. Baxın, bir damla qan belə axıdılmayıb”.
Jurnalistin “Qafqazda xeyli qan töküldü axı” sualına onun cavabı birmənalı olmayıb: “Buna qədər və bundan sonra Qafqazda baş verənlərin heç birinin ”Belovejsk sazişi"nə dəxli olmayıb".
SSRİ-nin buraxılması barədə rəsmi saziş imzalanmamışdan öncə artıq bir sıra İttifaq respublikaları o cümlədən, Azərbaycan üç il davam edən xalq hərəkatının nəticəsi olaraq müstəqilliyini rəsmən elan etmişdi. Azərbaycan 1991-ci il 18 oktyabrında Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul eləmişdi.
SSRİ-nin dağılması imperiyanın tabeçiliyindəki respublikaların müstəqilliyinə qovuşmasına gətirib çıxarsa da bir çox keçmiş sovet respublikaları sonradan böyük itkilərə, müharibələrə məruz qaldı. Bir sıra ekspertlər hesab edir ki, SSRİ-nin dağılması nəticəsində böyük siyasi, iqtisadi, sənaye, elmi, hətta idmanda belə tənəzzül baş vermiş oldu.
Rusiyada da həmin tənəzzül baş verdi, bütün sahələrdə itirdi. Ukrayna itirdi, Azərbaycan Qarabağı itirdi, Ermənistan səfalətli vəziyyətə düşdü, Gürcüstan ərazisini itirdi, Moldova itirdi. Bu xalqlar, dövlətlər bir-birlərinə düşmən kəsildilər. Ekspertlərin fikrincə, Azərbaycan cəmiyyətinin müəyyən kəsimində bu gün də SSRİ nostaljisinin olması məhz bu itkilərlə bağlıdır.
Rusiya prezidenti Vladimir Putin isə bu ilin əvvəlində jurnalistlər qarşısında çıxışında SSRİ-nin dağılmasını faciə adlandırıb. Dünyanın əksər siyasi təhlilçiləri Rusiya prezidentinin bu cür danışmasını onun SSRİ-ni bərpa etmək fikrinə düşməsi kimi şərh ediblər. Qeyd olunur ki, bu, Rusiyanın imperialist düşüncələrdən əsla vaz keçmək fikrində olmadığının təzahürüdür.
SSRİ 50 milyon insanın qanı üzərində qurulmuş, rus xalqının ağalığı əsasına söykənən bir imperiya idi. Azərbaycanın başına bu imperiyadan çox müsibətlər gəlib. Ölkəmizi bir neçə yerə bölüblər. Bizim torpaqlarımız üzərində ermənilərə dövlət qurublar. Bu azmış kimi, Qarabağı da alıb ermənilərə veriblər. İndi də yenə Azərbaycanı bütövlükdə əsarət altına almaq istəyirlər. Azərbaycan bir daha bunu qəbul etməməlidir.
Azərbaycanın müstəqilliyi ilə nəticələn xalq hərəkatının liderlərindən olan AXP sədri Pənah Hüseyn bildirdi ki, SSRİ-nin dağılmasının obyektiv səbəbləri var: “1980-ci illərin sonundan başlayaraq SSRİ ərazisində milli demokratik inqilablar imperiyanın sonunu gətirdi. Əlbəttə ki, Sovet imperiyasının dağılmasını şərtləndirən bir sıra obyektiv tarixi proses var idi. Bu, SSRİ-dəki siyasi, iqtisadi modelin uğursuzluğu, 1980-ci illərin sonunda ciddi iqtisadi, sosial, siyasi-hərbi böhran çöküşü yaxınlaşdırırdı.
Bu, təkcə bir imperiyanın böhranı yox, həm də xalqların milli azadlıq hərəkatının obyektiv nəticəsi idi. Proses artıq elə bir vüsət almışdı ki, 1990-cı illərin əvvəllərində SSRİ-nin saxlanması üçün Kreml sonuncu cəhdlərini etdi. Hərbi yola əl atıldı. Lakin bu cəhdlər də baş tutmadı. Sovet imperiyanın saxlanmasında maraqlı olan mütəşəkkil təşkilati güc qüvvələri artıq sıradan çıxdı və proses nəhayət ”Beloveşsk sazişi"nə gətirib çıxardı. Həmin sazişin özü də bir siyasi akt idi. Çünki artıq faktiki olaraq SSRİ tərkibindəki bir çox respublikalar, hətta Rusiya öz müstəqilliklərini elan etmişdi. Sözügedən saziş isə bir növ simvolik akt oldu. Bu, çox ciddi geosiyasi hadisə idi".