“UKRAYNA AĞRILI GÜZƏŞTLƏRƏ GETMƏLİ OLACAQ” – Tramp Kiyevdən nə istəyir?
“2014-cü, hətta 2022-ci il sərhədlərindən söhbət gedə bilməz” ABŞ Prezidenti Donald Trampın komandası Ukraynanın təkcə 2014-cü ilin deyil, hətta 2022-ci ilin sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir. “AzPolitika” xəbər verir ki, bunu “Sky News” telekanalı Ciddədəki Amerika nümayəndə heyətinə aid mənbələrə istinadla bildirib. Kanalın Ciddədəki müxbiri xəbər verir ki, ABŞ Kiyevin bugünkü danışıqlarda hansı güzəştlərə gedəcəyini görmək istəyir: “Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar, lakin ümid edirik ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olacağını görüb başa düşəcəyik”. Jurnalistin sözlərinə görə, ABŞ rəsmiləri Ukraynadan ölkə sərhədlərinin 2014-cü il (Rusiyanın Krımı ilhaq etməzdən əvvəl) və ya 2022-ci il (tam miqyaslı işğaldan əvvəl) mövqelərinə qaytarılması ilə bağlı hər hansı müraciəti “eşitmək belə istəmədiklərini” özəl olaraq bildiriblər. “Ukrayna sülhə can atır və müharibəni dayandırmaq üçün danışıqlara hazırdır”. Bunu isə Səudiyyə Ərəbistanında amerikalı həmkarları ilə danışıqlar zamanı Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. Onun sözlərinə görə, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanəti razılaşma əldə edildikdən sonra Rusiyanın yenidən hücuma keçməsinin qarşısını almaq üçün “çox vacibdir”. Lakin o, Ukraynanın sülh razılaşmasına nail olmaq üçün hansı güzəştlərə getməyə hazır olduğunu söyləməkdən imtina edib.