Düşmən xeyli itki verdi - 18 ölü və 20-dən çoxu yaralı
Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələrinə və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 nəfər yaralanan var. Ümumilikdə həftə ərzində Ermənistan ordusu 18-i ölü və 20-dən çoxu yaralı olmaqla xeyli itki verib. Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.