“İLHAMƏ BİR KAL ARMUD OLUB KEÇİB BU MİLLƏTİN BOGAZINA” - Aslan İsmayılov (Yeniləndi)

 

74“Onun bütün əndazələri aşaraq televiziyalarda özünü banda başçısı kimi aparması hamıya, Azərbaycan xalqına qarşı təhqirdir”

“Mən hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirəm, bu İlhamənin ipini yığın”

Xalq artisti İlhamə Quliyevanın həbsdəki kecmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın mətbuatda yayılan ittiham dolu məktubu böyük sensasiyaya səbəb olub. Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova mediaya ünvanladığı məktubunda İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldıldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb.
Tanınmış hüquqşünas Aslan İsmayılov Mehriban Hüseynovanın yazdığı məktubla bağlı açıqlama verərək İlhamə Quliyevanın artıq milləti, xalqı bezdirdiyini bildirib: “İlhamə Quliyeva bir kal armud olub keçib bu millətin boğazına. Özünə hörmət edən heç kəs, o cümlədən, mən də dəfələrlə onun danışdığı, dediyi sözlərə qarşı öz abrımıza qısılıb susmuşuq. Biz susduqca, İlhamə Quliyeva daha da irəli gedib. “Şərəf”, “Şöhrət” ordeni almış bu adamın bir müddət öncə Azərbaycan telekanallarında “mən yemirəm, yedizdirirəm” deməsi həmin ordeni verənlərə qarşı da hörmətsizlikdir. Eyni zamanda Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlikdir. Bu günə qədər onun bütün əndazələri aşaraq televiziyalarda özünü banda başçısı kimi aparması hamıya, Azərbaycan xalqına qarşı təhqirdir”.

Aslan İsmayılov bu mövzu ilə bağlı indiyədək danışmamasına əsas səbəb kimi abrını gözlədiyini göstərib:
“Mən bu günə qədər İlhamə Quliyevaya qarşı olan aqresiyyamı mətbuata ona görə tökməmişəm ki, öz abrımı gözləyim. Bu adamda isə indiyədək abır-həya deyilən bir şey olmayıb. Həmişə də onun arxasında duranlar olub. Əxlaqı, mərifəti və sənəti ilə İlhamədən qat-qat üstün olan müğənni Nazpəri Dostəliyevanı “Bandotdelə” qədər apardılar və təhqir etdilər. Məhkəmə Nazpəriyə külli miqdarda əsassız cərimə də kəsdi. Bu günə kimi mən eşitməmişdim ki, kiməsə qarşı 50 min manat cərimə kəsilsin. Mən Azərbaycanda söz sahibi olan xanım kimi Mehriban Əliyevanı tanıyıram. Prezidentin xanımıdır, böyük ictimai fəaliyyətlə məşğuldur. Amma mən hesab edirəm ki, İlhamə Quliyevanın sözü onun sözlərindən kəsərlidir”.

Hüquqşünas daha sonra bu günə kimi onun saysız-hesabsız qanunsuzluqlarının qarşısında necə susmaq olduğuna təəccübləndiyini bildirir:“İlhamə Quliyevanın sonuncu dəfə keçmiş köməkçisi Mehriban Hüseynovla bağlı videogörüntülər yaymağı yüzə-yüz cinayətdir. İlhamə Quliyevanın özünün məhkəmə qurması, köməkçisini təhqir etməsi cinayət əməlidir. Bununla bağlı Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən, cinayət işi qaldırılmaldır. Bu maddə özbaşınalıq maddəsi adlanır. Bu maddənin 2-ci bəndinə görə, o, ən azı 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Mən bu günə qədər ölkə Prezidentini də, adminstrasiya rəhbəri Ramiz Mehdiyevi də, Baş naziri də, Milli Məclisin sədrini də çox sərt tənqid etmişəm. Heç vaxt da nə hansısa bir təqibə, nə də ki təzyiqə məruz qalmışam. Amma indi sizə tam səmimi deyirəm ki, bu çıxışdan sonra təhqir də, tənqid də, cəza da gözləyirəm. Ona görə ki, bir gözəgörünməz qüvvə var və o, İlhamə Quliyevanı müdafiə edir. İlhamə özü şəxs olaraq, ağıl sahibi deyil. Amma o şəxs kimdir ki, İlhamə Quliyevanın arxasında durub? İlhamə mədəniyyət sahəsini tamamən məhv edib”.

Hüquqşünas hesab edir ki, İlhamə Quliyevanın keçmiş köməkçisi olan Mehriban Hüseynovanın xalq artisti haqqında yazdıqları doğrudur: “Mən sizi əmin edirəm ki, Mehriban Hüseynovanın məktubunda yazdıqları hamısı doğrudur. Mədəniyyət sahəsində olanların hamısını İlhamə qorxu və təhdid altında saxlayır. Gənc müğənnilərin İlhamənin əlindən öpməsi hamısı qorxudan irəli gəlir. Bu xalqa, millətə, Azərbaycan adət-ənənələrinə bir az da olsa hörməti olanlar İlhamə Quliyeva kimisinə telekanallarda yer verməz”.

Aslan İsmayılov həmçinin bu cür özbaşınalıq və qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciət edib:“Mən sizin vasitənizlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirəm. Həm Azərbaycan xalqına, həm də özünüzə hörmət edin. Bu İlhamənin ipini yığın. Mehriban Hüseynovanın göstərdiyi, irəli sürdüyü bütün dəlilləri araşdırın və ciddi şəkildə yoxlayın. Mirqafar Seyidov “Banditizm”də işləyəndə İlhamə Nazpərini “Banditizm”ə apardı. İndi də Mirqafar Seyidov “Qorotdel”də olduğuna görə Mehriban Hüseynovanı da ora aparıblar. Kimdir axı İlhamə Quliyeva?..”. 

***

“Aslan İsmayılov başından böyük danışıb. Onun mənim haqqımda dediyinə cavab olaraq bildirirəm ki, o kal əzgildir. Yekə kişidir, gedib ağlına dua yazdırsın”.

Bu sözləri isə qarşı tərəf – xalq artisti İlhamə Quliyeva Modern.az saytına açıqlamasında Aslan İsmayılovun onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

“Əgər o şəxs həqiqətən də hüquqşünasdırsa, hüquqi normaları gözləsin. Onun adı Aslandır, amma özü bilmirəm nədir, görünür ki həm də savadsız adamdır. Aslan İsmayılov əslində məni təhqir etmir, o sözlərlə mənim dövlətimi təhqir edir. Mən ona göstərərəm ki, hüququ pozmaq nə deməkdir. Ağzını yığışdırsın… Evindən kənarda qadınlara qarşı ağzına gələni söyləməsin”.

İlhamə Quliyeva müğənni Nazpəri Dostəliyevaya şər atdığı barədə iddiaya da cavab verib:

“Bu ölkədə hüquq-mühafizə orqanları o qədər yüksək səviyyədə işləyir ki, heç kim heç kimi aldadıb, şəxsi mənafeyini güdmək üçün artıq-əskik hərəkət edə bilməz. Bizim dövlətimiz, hüququmuz güclüdür. Hər bir günahı olan, şərəfi və ləyaqəti pozan insan mütləq cəzasını almalıdır.

Zamanında Nazpəri Dostəliyeva başından çox böyük danışmışdı. Mən də şikayət ərizəmi daxili işlər naziri, hörmətli Ramil Usubov cənablarına yazmışdım. Cənab nazir də mənim ərizəmi “Banditizm” idarəsinə göndərmişdi. Demişdi ki, bu işi araşdırıb ona məruzə etsinlər.
Bu məsələ belədir. Heç kəs Nazpərini “Banditizm” idarəsinə elə-belə aparmamışdı. Bu qərarı cənab nazir mənim məktubum əsasında vermişdi . Mən qeyri-qanuni mən heç bir hərəkət etməmişəm”.

İlhamə Quliyeva hüquqşünas Aslan İsmayılovun onun haqqında dediyi “arxasında hansısa böyük və qara qüvvələr var” məsələsinə də aydınlıq gətirib :

““Böyük qüvvə” mənim dövlətimdir. Böyük qüvvə bizim xalqdır, xalqımızın nümayəndələridir. Hələ mənim arxamda çox böyük qüvvə var. 50 il sənətdə, səhnədə xidməti olan insanın arxasında xalqı, dövləti, bayrağı, onun dövlətinin başçısı dayanır. Bəli bu belədir, böyük qüvvə var”.

Xalq artisti onu da deyib ki, Aslan İsmayılov haqqında hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verərək, cəzalandırılmasını tələb edəcək:

“Aslan İsmayılov artıq-əskik danışmasın. Onun haqqında mən hüquq-mühafizə orqanlarına elə bir ərizə verəcəm ki, dövlət onun cəzasını versin”.

İlhamə Quliyeva onu da bildirib ki, vəkil hazırda keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata göndərdiyi ittiham dolu məktubla əlaqədar araşdırma aparır.

“Əvvəla məhkum olunan şəxsin nə ixtiyarı var ki, yalan, şər, böhtan yazır verir və kimlərsə də onu dərc edirlər. Buna görə “Yeni Müsavat” qəzeti və saytının rəhbərliyi mütləq cinayət məsuliyyətinə cəlb olunacaq. Onlar cinayət əməli törədib. Nə ixtiyarları var ki, həbs olunmuş, türmədə oturmuş adamın yalan və iftiralarla dolu məktubunu yayımlayırlar? Mehriban Hüseynova bu gün bilirsiniz nə gündədir ? Onun işinin üstünə iş gələcək. Mənim ünvanıma səsləndirdiyi təhqir və böhtanların hamısının sübutu və dəlili var. Onun mənə verdiyi psixotrop və zəhərli dərmanların hamısının qutusu da qalır. Kimlərsə Mehriban Hüseynovanı dəstəkləyirlərsə, elə onlar da onun tayıdırlar”, -deyə İ.Quliyeva vurğulayıb.

O, özünün günahkar olacağı təqdirdə həbsdə yatmağa hazır olduğunu da deyib:

“Hər şeyin sübutu var və bu, öz təsdiqini tapacaq. Yox, əgər sübut olmasa, razıyam, mənə 4 il iş versinlər, gedim oturum türmədə. Hər yazının, hər sözün sübutu var. Sübut olmayanda o çox qorxulu bir şeyə çevrilir. Sübut varsa, heç kəs heç kəsdən qorxa bilməz. Əgər mənim quluqçumun heç nədə günahı yoxdursa, günahkar mənəmsə, oradan çıxarıb özüm onun yerinə oturaram. Heç kəs başından böyük danışmasın. Bəzi adamların yersiz danışıqları mənim yanımdan yel olub keçə bilməz”.

(Azərtaym.az)

 






Fikirlər