Minsk Qrupunun açdığı “Qarabağ bazarı”: Balaca qrupda gizlənən böyük maraqlar – TƏHLİL

 

 

minsk qrupu teh.jpg

 

Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçilik edən Minsk Qrupunda incə bir detal getdikcə diqqət çəkir: əgər əvvələr Minsk Qrupu adından danışıqların yekunu barədə Rusiyalı həmsədr danışırdısa, indi bu missiyanı ABŞ-dan olan həmsədr Uorlik yerinə yetirməyə başlayıb.

Münaqişə ilə bağlı danışıqların  yönləndirilməsində ABŞ-ın önə çıxması regionda böyük güclərin apardığı savaşın daha bir ştrixidir.

Detalları nəzərdən keçirsək, iri güclərin diplomatik cəbhədə “qanlı döyüşlər” apardığının şahidi olarıq. Təəssüf doğuran odur ki, bu diplomatik savaş Qarabağın azad edilməsinə yox, geopolitik dividentlər qazanmaq yarışına çevrilib.

 

Lavrovun “kağız”ı yaxud  “Madrid prinsipləri”nin suqutu

 

Dağlıq Qarabağ danışıqları ətrafında son 6 ayda baş verənləri analiz etsək, bunu aydın görmək mümkündür.

Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın sonunda qəfildən bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir təklif yoxdur. Rezonans yaradan bu açıqlama bir tərəfdən Minsk Qrupunun vasitəçilik səylərini şübhə altına salmaqla yanaşı, Moskvanın bu regionda “oyun kartları”nın onsuz qarışdırmağın mümkün olmadığına işarəsi idi.

Çünki ötən ildən başlayaraq, ABŞ-ın bu problemlə bağlı fəallığı diqqət çəkirdi. Hələ ötən ilin noyabrında Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin, Karnegi Fondunda çıxışı zamanı dediyi “hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır" bəyanatı və Madrid prinsiplərinin elementlərini yada salması  Vaşinqtonun “yeni xanə”sindən xəbər verirdi. Arxasınca Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün aparılan ciddi hazırlıq bu prosesdə Qərbin önə çıxmasını açıq-aşkar ortaya qoyurdu.

Bütün bu səylər sonuncu dəfə 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən Soçi görüşündən sonra uzun müddət davam edən sukutu aradan qaldırdı. 19 dekabr 2015-ci ildə iki ölkənin prezidentləri İsveçrədə bir araya gəldilər. Lakin ciddi effekt verməyən bu görüş ən azından mücərrəd bəyanatlardan o yana getmədi.

Minsk Qrupunun həmin gün görüşün nəticələri ilə bağlı verdiyi bəyanatda bu, açıq şəkildə əks olunurdu. “Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib" kimi ümumi və bir qədər mücərrəd ifadələr olan bəyanatda qeyd olunurdu ki, prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan - Ermənistan sərhəddində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 27-də 2015-ci ilin yekunlarına həsr edilmiş böyük mətbuat konfransında söylədiyi “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT-də saxlanılan sənədlərdən başqa heç bir sənəd yoxdur” sözlərini Moskvanın Bern danışıqlarının “protokol xətrinə görüş” saydığını demək olar.

Lavrov açıq şəkildə münaqişənin həlli üçün təklif olunan “Madrid prinsipləri”nə bəslənən ümidləri darmadağın edərək vurğuladı ki, Minsk qrupunun əlində sadəcə  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların müxtəlif mərhələlərində hazırlanmış sənədlər var. Yəni, bu “bişməmiş ət” üstündə Qərbin fəallığı vaxt itirməkdən başqa bir şey deyil. Moskva Dağlıq Qarabağ məsələsində onun rəyi nəzərə alınmadan həll variantını heç vaxt dəstəkləməyəcək.

Prezident İlham Əliyevin sərt tənqid etdiyi “ikili standartlar” məhz bu detallarda gizlənir. İki superdövlət öz maraqlarını uzlaşırmaq üçün geopolitik savaş aparır, bu zaman münaqişədən zərər çəkən tərəfi sadəcə “görməməzliyə” vururlar.

Lavrov 2007-2011-ci illərdə bu sənədin müxtəlif versiyalarının təkmilləşdirildiyini nəzərə çatdıraraq həmsədrlər tərəfindən ATƏT-in baş katibinə təqdim edildiyini vurğulayıb. “ Sənədlər bu şəkildə həmin təşkilatın seyflərindədir. Sənəd adlana biləcək yeganə kağızlar bunlardır”, - deyə Lavrov gizli ironiya ilə deyib.

Daha sonra XİN rəhbəri Rusiyanın vasitəçilik missiyasını xatırladaraq məhz bu təmaslar zamanı Kremlin səylərinin danışıqlarda müsbət nəticələr əldə etməyinə kömək göstərdiyini xüsusi vurğulayıb: “Rusiya tərəfi 2010-cu ildən - hələ Dmitri Medvedevin prezident olduğu vaxtdan başlayaraq hələlik tərəflərin razılaşdırılma mövzusu olmayan məsələlərin həllini tapmağa səy göstərirdi və bu səy bəzi məqamlarda irəliləməyə kömək etdi”.

S.Lavrov daha sonra prezident Vladimir Putinin 2014-cü ildə  Azərbaycan və Ermənistan liderləri ilə görüşdüyünü  üç prezidentin tapşırığına əsasən, çıxış yolları axtarışı üçün səy göstərildiyini vurğulayıb.  

soci gorush.jpg

 

Bəs sonuncu Soçi görüşündə hansı diqqətəlayiq amil yadda qalmışdı?

 

2014-cü ilin avqustunda Vladimir Putin Soçidə Qarabağ münaqişəsini “SSRİ-dən qalan miras problem"adlandırdı. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün ən diqqətçəkən detalı bu idi. Putin ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsini beynəlxaq müstəvidən çıxarmağa cəhd göstərdi və bunu postsovet məkanının problemi hesab etdiyini vurğuladı.

Mesaj kifayət qədər ciddi idi: 1992-ci ildən beynləxalq vasitəçilərin müzakirə stoluna çıxarılmış “Qarabağ problemi” 20 ildən artıqdır ki, ATƏT-dən həlli gözlənilən bir münqaişəyə dönüb. Bu illər ərzində saysız-hesabsız danışıqlar, Minsk Qrupunun vasitəçilərinin səfərləri, həmsədr ölkə prezidentlərinin birgə bəyanatları səslənib. Nəticə isə yoxdur...

Bu illərdə ictimai rəydə öz etimadını itirmiş ATƏT-in konfliktin həlli üçün göstərdiyi bütün çabaları sabun köpüyündən başqa bir şey olmadı. Moskva da öz növbəsində illərlə Azərbaycan torpaqlarının işğalına göz yumaraq, Avropa və Qərbin tarazlı mövqeyinə şərik çıxıb və ABŞ-la birlikdə regionda razılaşdırdığı sabitliyin “keşiyində” durub.

Kremlin Vaşinqtonla münasibətləri indi çox pisləşib. Ukrayna hadisləri faktik olaraq 1945-ci ildə Avropanın sərhədlərini formalaşdıran Yalta konfransının qərarlarını dağıdaraq, tamamilə yeni bir müstəvini ortaya qoyub. SSRİ-nin böyük səyi və geopolitik nüfuzu ilə 1975-ci ildə Helsinkidə imzalanmış Yekun Aktı indi getdikcə əhəmiyyətsiz bir vərəqə çevrilir. Halbuki, məhz bu Akt İkinci Dünya Müharibəsindən sonra sərhədlərin dəyişdirlməsini qadağan edirdi. Belə bir şəraitdə ABŞ-la Rusiya qarşıdurması ərazi və etnik münaqişələrdən əziyyət çəkən ölkələr üçün ciddi fəsad verə biləcək situasiya yaradıb. Bakı və Yerevan da bu yeni müstəvinin yaratdığı böhranın qurbanlarındandır.

Suriyada döyüşən Moskva əgər Ukraynada davam edən böhranın fonunda Cənubi Qafqazda “yeni cəbhə” açacaqsa, bu, regionda illərlə tər töküb özünə xeyirli geosiyasi format yaratmış ABŞ-ı Moskva ilə güzəştli danışıqlara başlamağa vadar edəcək.

Qərb bunun ilk fəsadını 2008-ci ildə Gürcüstan müharibəsi zamanı yaşayıb. Tiflisə dirənən rus tanklarının lüləsini zorla qaytara bilən Fransa prezidenti Sarkozinin Moskva ilə imzaladığı saziş hələ də bu böhranın detallarını özündə gəzdirir. Putin Soçidə Qarabağ müzakirələri keçirməklə və keçmiş SSRİ-ni xatırlatmaqla əslində Qərbə nümayiş etdirdi ki, böyük güclərin dünya üçün razılaşdırdığı təhlükəszilik təminatları dağıdılırsa, o zaman hər kəs vaxtilə malik olduğu “payı”nı geri qaytarmaq haqqı qazanır.

2 il əvvəlki Soçi görüşündə Putinin münaqişənin həlli ilə bağlı yeni heç bir təklifi olmadı. Yeni təklif heç ola da bilməzdi: rəsmi Bakı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın azad olunmasını və 7 rayonun qaytarılmasını, BMT TŞ-nin 4 qətnaməsinin icra olunmasını tələb edir. Prezident İlham Əliyevin Soçidə, Bern görüşündən sonra bunu bir daha vurğulaması Bakının münaqişə ilə bağlı mövqeyində dəyişikliyin olmadığını nümayiş etdirdi.

Bəs Moskva necə? Kreml gah münaqişəni “SSRİ-nin mirası” adlandırır, gah da savaşın həll olunması üçün aparılan “beynəlxaq səyləri” dəstəklədiyini deyir. Belə sürüşkən mövqe Moskvanın regionda maraqlarına cavab verirsə, Kemlin Vaşinqtonla apardığı qlobal müharibədə keçərli olmaya da bilər. ABŞ artıq bir müddətdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasını tələb edir və Ermənistana açıq mövqeyini bildirir.

Elə iki gün əvvəl - fevralın 10-da ABŞ səfiri Sekuta “münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək”-deyə bəyanat verdi.

Moskvanın və Vaşinqtonun öz geopolitik maraqlarını qoruyan oyuna başlaması Cənubi Qafqazda yeni bir siyasi böhrana yol açan situasiyanın yaranması deməkdir. Azərbaycanın isə güzəştə getməyə heç bir variantı qalmayıb. Zatən atəşəksə əməl etməsi Bakının ən böyük güzəştidir.

AzerTaym.az






Fikirlər