RƏSULZADƏ hökuməti NOVRUZLA bağlı hansı maraqlı addım atdı? -TARİX
Sabah dövlət səviyyəsində daha bir Novruz bayramını qarşılayacağıq. Yaşı xalqımızın, düşüncəmizin tarixi qədər ölçülən Novruza ilk rəsmi qiyməti 1918-20-ci illərdə mövcud olan və hazırkı Müstəqil Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cumhuriyyəti verib. 1919-cu il martın 19-da AXC parlamentində “Novruz bayramı münasibətilə hökumət məmurlarına müavinəti-nəqdiyyə verilməsi haqqında” qanun əslində Novruzun rəsmiləşdirilməsindən başqa bir şey deyildi. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramını yüksək səviyyədə keçirilməsini təmin edən hüquqi sənəd imzalanıb. Sənəd AXC parlamenti tərəfindən 1919-cu il martın 19-da qəbul edildi. Rusiya əsarəti zamanı Novruz bayramı rəsmən qeyd olunmurdu. AXC hökuməti Novruzun keçirilməsinə böyük önəm verərək, bu məqsədlə 1919-cu il fevralın 18-də bayram münasibətilə müavinət verilməsi barədə parlamentə qanun layihəsi təqdim etdi. Qanun layihəsi parlamentin 17 mart iclasında müzakirə olundu. Müzakirədə AXC fədailəri – Əhməd bəy Pepinov, Ağa Aşurov, Xudadat bəy Məlikaslanov, Mustafa Vəkilov və ən nəhayət böyük Rəsulzadənin özü də çıxış etdi. Layihə səs çoxluğu ilə qəbul edildi. Qanuna əsasən hökumət məmurları əmək haqlarına görə üç kateqoriyaya bölünərək, onlara məvaciblərinin 40-70 faizi qədər müavinət verilməsi qərara alındı. Bu qərara əsasən hökumət nazirləri, onların müavinləri və işlər idarələrinin rəislərinin maaşları iki dəfə artırıldı.