Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyov 81 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Yazışılar Birliyinin mətbuat xidmətinin rəhbəri sosial şəbəkədə məlumat verib. AYB ayb.az saytından müvafiq nekroloq yayıb.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Eyni zamanda institutun çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib (1958-1959).
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mehəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.
Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilib (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvü idi.
"AzerTaym.az"
Fikirlər