Üç nazirin Bakı GÖRÜŞÜNÜN detalları

Nazirlərin birgə Bəyannaməsində Qarabağ məsələsinin ədalətli həllinə xüsusi önəm verilib

Dekabrın 20-də Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü keçirilib. Qeyd edək ki, bu görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Hər iki görüşdə dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu deyib. 

İstanbulda İran prezidenti Həsən Ruhani ilə qısa söhbətini xatırladan prezident İlham Əliyev söhbət zamanı ikitərəfli münasibətlərimizin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib. İran xarici işlər nazirinin Azərbaycana bir ayda ikinci dəfə səfər etməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu deyən dövlət başçısı bu səfərin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan prezident İlham Əliyev bu görüşlərin artıq mütəmadi xarakter almasının önəmini qeyd edib, qardaş qonşu dövlətlərin nazirləri arasında keçirilən bu görüşü yaxşı bir təşəbbüs kimi dəyərləndirib. İranın xarici işlər naziri isə ölkəmizə son ayda ikinci dəfə səfər etməsinin və Azərbaycan prezidenti ilə görüşünün ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini vurğulayıb. O, Həsən Ruhaninin prezidentliyi dövründə əlaqələrimizin çox yüksək səviyyəyə qalxmasından İran tərəfinin böyük məmnunluq hissi keçirdiyini bildirib.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Cavad Zərif bu formatda görüşlərin əhəmiyyətini vurğulayıb və gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Söhbət zamanı ölkələrimiz arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşüdür. Növbəti görüşün İstanbulda keçirilməsi razılaşdırılıb.

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşündə Bakı Bəyannaməsi imzalanıb. XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, bəyannamədə deyilir: “Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 3 dövlətin xarici işlər nazirlərinin beşinci üçtərəfl görüşü 20 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirildi. Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğuladılar; Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir aha təsdiq etdilər. Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd etdilər;

Regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğuladılar və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd etdilər;

Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha qeyd etdilər;

Müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada qarşılıqlı fəaliyyət və etimadın yaradılması konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşdılar;

Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun kommunikesini alqışladılar..."

Göründüyü kimi, Qarabağla bağlı məsələ yenə də razılaşdırılmış sənədin əsas müddəlarındandır və Bakının bu məsələyə önəmini ifadə edir. Ancaq bəyannamədə iqtisadi layihələrlə bağlı da məqamlar əksini tapıb.






Fikirlər