AZƏRBAYCANDA ONLARIN hansı daha çox SEVRİLİR...
Türkiyə siyasəti, qardaş ölkədə fəaliyyət göstərən partiyaların işi hər zaman Azərbaycan politoloqlarının, siyasi partiyalarının diqqətində olub. Bununla yanaşı, Türkiyənin siyasi partiyalarına Azərbaycanda müəyyən münasibət sərgilənib. Məsələn, bir zamanlar Azərbaycanda Milliyətçi Hərəkət Patiyasına (MHP) xüsusi rəğbət bəslənilirdi.Modern.az saytı bu sualla bir neçə siyasi təşkilatlara müraciət edib. Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa deyib ki, Azərbaycanda çox çeşidli yanaşmalar var: Daha çox rəğbət Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasına (MHP) yönəlir. Amma indi Azərbaycanda partiya modeli bir az populyar deyil. Hansısa partiyaya simpatiyadan daha çox liderlərə münasibət mövcuddur. Bu baxımdan da Rəcəp Tayyip Ərdoğan üzdə olduğuna, bir az öz cizgisi ilə fərqlənən, cəmiyyət həyatına daha çox müdaxilə edən, yaxud mövqeyini bildirən lider olduğuna görə ona yönəlik simpatiyalar və ya antipatiyalar yüksəkdir. Lakin eyni performansı MHP-nin rəhbəri Dövlət Baxçalıya aid etmək olmur. Ən azı Türkiyədəki qədər xarizmatik lider olmadığına görə şəxsinə yönəlik bu qədər simpatik davranışlar yoxdur. O, Türkiyə siyasəti içində nə qədər təsir gücünə sahib olsa da, beynəlxalq ictimaiyyət arasında eyni populyarlığı daşımır. Ərdoğan öz cinahının lideri olaraq, həm də beynəlxalq lider obrazındadır". Deputat qeyd edib ki, Azərbaycanda Cumhuriyyət Xalq Partiyasına ( CHP) əvvəlki dövrlərdə olduğu kimi izləyici, tutucu yanaşma yoxdur: "Yəni hansısa bir siyasətçisi xüsusi dəstəklənmir. Ola bilsin, bir-iki nəfər simpatik duyğular daşısın, lakin daha çox antipatik yanaşma var. Azərbaycanda bir çox hallarda Türkiyə siyasəti ilə barədə səviyyəsiz düşüncə üslubu üstünlük təşkil edir. Sanki bu mübarizə Azərbaycanda gedir, oranın daxili siyasətinin komponentlərinin bura daşımağa çalışanlar var. Bu, yanlışdır. Regionun hansısa siyasətçisinə simpatiya duymaq olar. Mənim yanaşmam daha çox Türkiyənin düşüncə adamlarına simpatiya ilə bağlıdır. Siyasət adamlarına eyni simpatiyanı daşımağın tərəfdarı deyiləm. Çünki kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq Azərbaycanla münasibət həmişə yüksək olacaq. Amma Türkiyədə bizim öyrənə biləcəyimiz çox dəyərli bilim adamları var və bunların üzərində simpatiya yoğunlaşması daha faydalı ola bilər. Siyasətçilərdən öyrənə biləcəklərimiz çox deyil. Biz siyasətdə daha mədəni, etiket qaydalarını gözləyən bir üslub qazana bilərik. Amma ağıl, yaxud xüsusi düşüncə tərzi , problemlərin həllinə baxış gözlənilmir". Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda MHP-yə münasibət onun kadr potensialı yaxud hər hansı seçkidə hansı mövqe tutması ilə bağlı deyil: "Bu partiyaya maraq ümumiyyətlə Azərbaycanda milli təfəkkürün, türkçülük şüurunun səviyyəsi, sevgisi ilə əlaqəlidir. Ona görə də partiyanın başına kim gəlirsə, o, heç vaxt əsas olmur. Azərbaycanlılar ideyanı sevirlər və siyasi partiyaların əksəriyyəti bu səbəbdən MHP-yə rəğbət bəsləyiblər. Amma bu gün seçkilərdə, indiki məqamda Azərbaycanın Türkiyədə hər hansı siyasi partiyanı dəstəkləməsi doğru deyil. Biz türk xalqının seçiminə və iradəsinə hörmət bəsləyirik. Növbəti seçim proseslərində xalq hansı partiyanı dəstəkləyirsə, hansına inanırsa, öz gələcəyini hansı partiya ilə bağlı görürsə, ona sayğı göstəririk. Çünki Türkiyə ilə münasibətlərimizin ayrı-ayrı siyasi qrupların, liderlərin üstündən qura bilmərik. Türkiyəni bütövlüklə, xalqına , türklüyə, taleyimizdə oynadığı rola görə, Türk dünyasının gələcəyi üçün sevirik və belə də davam edəcəyik". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib ki, ümumiləşdirilmiş formada Azərbaycanda hansı Türkiyə partiyasına maraq olduğunu demək olmur: "Şəxsən bizim üçün Türkiyədə bu və ya digər partiyanın fəaliyyəti önəmlidir. Onun Türkiyə dövlətinə verdiyi töhfələr və Azərbaycanla münasibətlərin inkişafı istiqamətində atdığı addımlar əhəmiyyətlidir. Ritorika və boğazdan yuxarı vətənpərvərlik çağırışları dövrü çoxdan keçib. Bu baxımdan düşünmürəm ki, kim daha çox milliyətçi şüarları səsləndirirsə, o millətini daha çox sevir, xidmət edir. Bu konteksdən dəyərləndirmələrin son 25 il ərzində yanlış olduğunun şahidi olmuşuq. Ən əsas məsələ Türkiyə xalqının razılığı və təbii ki, Azərbaycan - Türkiyə münasibətlərinin inkişafıdır. Əməkdaşlıq məsələsində bizim partiya Avropa İslahatçılar və Mühafizəkarlar Alyansı tərkibində Türkiyənin hakim partiyası ilə siyasi partiya adı altında təmsil olunur. Bu və ya digər tədbirlərdə, həmin təşkilat çərçivəsində keçirilən tədbirlərdə birgə iştirak edirik. Bəzən vahid ortaq mövqedən çıxış edirik. Türkiyənin bir başqa partiyasında təmsil olunsaydıq, yenə də eyni münasibətlər sərgiləyərdik. Qənaətimə görə, ölkələrin bir-birinin daxili işlərinə müdaxiləsindən daha çox indiki məqamda bizim ümumi və ortaq maraqlar üzərində hərəkət etməyimiz vacibdir. Önəmli olan platformadır, yoldur. Bu yolda hansı təşkilat doğru yöndə irəliləyirsə, şübhəsiz ki, o təşkilat da bizim üçün prioritet təşkil edəcək". Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, Müsavat Partiyasının MHP ilə münasibəti ən yaxşı halda qarşılıqlı anlaşma şəraitində olub: "İndiki halda biz onların hər hansı daxili işinə qarışmamaq şərtilə müəyyən tənqidlərimizi söyləyə bilirik. Yəni hazırda MHP artıq hakimiyyət yönlü partiyaya çevrilib və müxalifətlikdən bir qədər kənardadır. Əsas məsələ ölkədə kimin hakimiyyətdə olması deyil. Əsas olan hakimiyyətin azad, demokratik seçki ilə formalaşması, açıq mübarizədə qalib gəlməsidir. Hazırda da seçkilərdə kim qalib gələcəksə, qardaş Türkiyə üçün "xeyirli olsun" deyəcəyik. Əslində Türkiyədə normal demokratik cəmiyyətin olması bizim üçün həmişə önəmli olub. Digər tərəfdən şəxsən mən Türkiyədə müxalifətdə olan partiyalara daha çox rəğbət bəsləyirəm. Müsavat Partiyası da Türkiyədə özünü müxalifət hesab edən bütün partiyalarla əlaqə saxlamaqda maraqlıdır". Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucovun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə hazırda Türkiyədəki siyasi partiyalarla əlaqələrin zəif olduğunu müşahidə edilir: "Bunun günahkarı təkcə biz deyilik. Onlar tərəfdən də təşəbbüslər göstərilmir. Türkiyənin müstəqillik dövründə yenicə addımlayan gənc dövlət kimi bizə dəstəyi var idi, bu mənada daha çox diqqət ayırırdılar. İndi Azərbaycan dünyanın tanınmış ölkələrindən biridir, regionun ən güclü dövləti hesab olunur. Lakin əlaqələr bir qədər azalıb. AMİP olaraq bizim Beynəlxalq Demokratik İttifaq çərçivəsində Türkiyənin indiki hakim partiyaları ilə əlaqələrimiz var. Bildiyiniz kimi AKP mühafizəkar partiya hesab olunur və Beynəlxalq Demokratik İttifaqın üzvüdür. Bu mənada həmin partiya ilə birlikdə tədbirlərimiz olub. Eyni zamanda MHP ilə müəyyən təmaslar mövcuddur. Amma bu əlaqələr daha güclü, intensiv olmalıdır. Bizim üçün Türkiyədəki siyasi partiyaların hansına rəğbət bəslənməsinin fərqi yoxdur. Əsas olan Türkiyə xalqının seçimidir. Fərqli yanaşma ola bilər, müxtəlif insanlar dünya baxışlarına görə partiyalara yanaşa bilərlər. Lakin AMİP-in əməkdaşlığı AKP ilə olub". Bəs indi vəziyyət necədir?