Mənzillərə İSTİLİYİN verilməsi GECİKİR – SƏBƏB...
Mərkəzləşdirilmiş istilik sistemi 15 noyabr tarixdən işə düşsə də, hələ də mənzillərə istiliyin verilməməsi cəmiyyəti narahat edib. Bir çox binalara, məktəb və uşaq bağçalarına istiliyin verilməsi artıq 3 gündür ki, gecikir. Belə iddialar var ki, problemin səbəbi yenə də “Azəristiliktəchizat ASC” ilə “Azəriqaz” İB arasında yaranmış borc problemidir. Hətta bununla bağlı sosial şəbəkələrdə müzakirələr də gedir. Bəs görəsən, istiliyin verilməməsinin səbəbi nədir? Həqiqətənmi iki qurum arasındakı borc məsələsi bu il də əhalinin donmasına səbəb olacaq? “Yeni Müsavat”ın suallarını cavablandıran Azəristiliktəchizat ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev bildirdi ki, hazırda “Azəriqaz”la “Azəristiliktəchizat” arasında heç bir problem yoxdur:“Artıq qazanxanalara qaz verilir, günün sonun kimi (17 noyabrı nəzərdə tutur- L.N.) bütün qazanxanalar işə düşəcək. İki gündür ki, bu proses başlayıb. Sadəcə, ”Azəriqaz" qazın həcmini tədricən artırır, bunu birdən-birə həyata keçirmək olmaz. İndi gördük ki, proses çox ləng gedir, onun üçün də müraciət etdik ki, bir qədər sürətləndirilsin. Qazanxanalara verilən qaz artırıldıqca, həmin ərazidə mənzillərə verilən qazın təzyiqi azala bilər, ona görə də, birdən-birə qazı tam açmaq olmur. Bu proses tənzimlənməklə aparılır. “Azəriqaz”la “Azəristiliktəchizat” arasında isə borcla bağlı problem yoxdur. Biz öncədən də qeyd etmişik ki, borc məsələsindən əhali əziyyət çəkməyəcək.
İri rayon qazanxanasının tam rejimdə işləməsi üçün azı üç sutka vaxt tələb olunur. Mərkəzləşdirilmiş istilik sistemində heç bir problem yoxdur. Bu prosesin özü texniki baxımdan zaman alır. “Azəristiliy”in balansında 550 qazanxana var, bunun hamısına qazı birdən-birə vermək mümkün deyil. Biz “Azəriqaz”ı da başa düşürük. Müəyyən bir ərazidə qazanxananın qazını açan kimi, digər hissədə qazın təzyiqi düşür. Hər əlavə qazanxana xəttə qoşulduqca, sərfiyyat artdıqca, onlar da ana xəttə ümumi mənbədən gələn təzyiqi qaldırırlar. Bununla bağlı texniki prosesin özü vaxt tələb edir. “Azəriqaz” qazanxanaya qaz verib yekunlaşdırdıqdan sonra bizi özümüz qazanxanaları tənzimləməyə başlayırıq. Rayon istilik qazanxanaları 200 binaya istilik verir, o ərazidəki bağçalara, məktəblərə, səhiyyə ocaqlarına istilik verir. Biz iri rayon qazanxanalarından istiliyi 19-20 məntəqəyə ötürürük. O məntəqələrdən binalara istilik verilir. Hər əlavə bina qoşulduqca tənzimləmə aparılır, binalarda xətlərin havası çıxarılır, məktəblərdə tam dövriyyə yaradıldıqdan sonra sinif otaqlarında xətlərin havası çıxarılır". R.Əliyevin sözlərinə görə, qazanxanaların istismar qaydaları imkan vermir ki, birdən -birə temperaturu qaldırıb 70 dərəcə istilik verəsən: “İstismar qaydalarından göstərilir ki, temperaturu tədricən 5-10 dərəcə artırılmalıdır. Bu gün günün sonuna kimi bütün qazanxanalarımız işə düşəcək, binalara istiliyin verilməsi prosesi yekunlaşacaq. ”Azəriqaz"dan da xahiş etmişik ki, qazın verilməsini sürətləndirsinlər. Dünən səhərdən onlar da gücləndirilmiş iş rejiminə keçiblər, bizim qurum da 3 gündür ki, gücləndirilmiş rejimdə çalışır. Hər hansı problem olmasa, 17 noyabrda günün sonuna kimi bütün qazanxanalar tam rejimə çıxacaq". R.Əliyev onu da bildirdi ki, “Azəristiliktəchizat”a aid bütün istilik xətləri yoxlanıb və hamısı istismara hazır vəziyyətdədir: Aprel atında istilik mövsümü başa çatanda biz hidravlik təzyiq verib xətlərimizi yoxlayırıq. Problem yarada biləcək hissələr yoxlanılır, tədbirlər planı hazırlanır. Yay ayları ərzində həmin xətlər dəyişdirilir. Mövsüm başlamamışdan qabaq noyabr ayının əvvəlində yenidən hidravlik təzyiq verib xətləri təkrar yoxlamışıq. Hazırda xətlərin hamısı təzyiq altındadır". “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə bildirdi ki, “Azəristiliktəchizat”dan müraciət daxil olduğu təqdirdə, qazanxanalara qazın açılması təmin ediləcək. Qeyd edək ki, mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yəni 5 ay ərzində, 15 noyabr tarixindən, 15 aprel tarixinə kimi işləyir.