Azər Sariyev: “Bir tikə qeyrətimiz var idi, onu da aparıb qoyduq niderlandlı gədənin qucağına...”
Zahid Oruc: “Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?”
PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.
Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərimizin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib”.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva: “Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza: “Rusiyanın Qarabağ münaqişəsi üzrə Vaşinqton və Parislə əməkdaşlıq etməyi arzuladığına inanmıram”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunları ilə bağlı nikbinlik üçün əsas var”.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva: “Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.
Millət vəkili Zahid Oruc: “Qarabağın bizim ölkəmizdən kənarda yaşam yolu yoxdur”.
ATƏT-in Minsk Qrupu: “Prezidentlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədi ilə danışıqların davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini rmüəyyən etmək barədə razılığa gəliblər”.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov: “Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti çox yüksəkdir”.
Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin direktoru Aleksey Pavlovski: “Rusiya ilə Ermənistanın müttəfiq münasibətləri var, eyni zamanda Azərbaycanla münasibətlər müttəfiq münasibətləri deyil, biz onları strateji tərəfdaşlıq kimi xarakterizə edirik”.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev: “Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Mehriban xanım Əliyevanın 28 may Respublika Günü münasibətilə amnistiya təşəbbüsü həm də dövlətçilik tariximizə ehtiramdır”.
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Şəxsən mən olsaydım, siyasi məhbusların hamısın azad edərdim”.
Politoloq Ərəstun Oruclu: “Məktəbdə baytarı müəllim, müəllimisə xadimə işlədiyini dəqiqləşdirəndə nənəm demiş, əlim üzümdə qaldı və düşündüm ki, bizi bu ölkədə hələ nə qədər sürprizlər, möcüzələr gözləyir. Qısası, bir gün hardasa oxusam və ya eşitsəm ki, pinəçini universitetə biologiya kafedrasının müdiri, qəssabı isə AZAL-a pilot vəzifəsinə götürüblər, söz verirəm ki, təəccüblənən deyiləm”.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov: “Azərbaycan yeni nəsil "Zərbə" adlı PUA-nın seriyalı istehsalına başlayacaq”.
Millət vəkili Zahid Oruc: “Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var? Bağçada "soskaya" göz dikib, bunu qazanc yerinə çevirənlər bu addımlarını gələcəkdə nəyə hesabladıqlarını bilirlər”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov: “Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”.
Erməni politoloq İqor Muradyan: “İstənilən halda Rusiyaya Cənubi Qafqazda nüfuzu gücləndirmək lazım idi. Ən yaxşı üsul ABŞ-dansa Rusiyanın daha çox vasitəçi ola biləcəyi müharibə idi”.
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil: “Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”.
Jurnalist Eldəniz Elgün: “Ayaz Mütəllibovun son vaxtlar danışığından az qala belə nəticə çıxır ki, sən demə Əbülfəz Elçibəy Kommunist partiyasının, özü isə AXC-in, Boz Qurdların, Rusiyadan kənarda durmağa çalışan qüvvələrin lideri olub”.
Politoloq Azər Qasımlı: “Ruslar Ermənistanı da, Azərbaycanı da özlərindən asılı ölkə hesab edirlər, hər iki ölkənin ərazisini də öz əraziləri kimi bilirlər”.
Yazıçı Qan Turalı: “Bir müəllimin ki, ürəyində təhsil, maarif işığı əvəzinə şəhvət korluğu olsun, ehtiras düşkünlüyü olsun, öz körpə tələbəsinə tamah salacaq qədər alçalmış olsun - bu artıq dəhşətdir, faciədir!”.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov: “Vəziyyəti dəyişmək üçün Ermənistan 10 il ərzində əhalisinin sayını 10 dəfə artırmalıdır, iqtisadiyyatını 10 dəfə gücləndirməlidir, ordusunun imkanlarını 10 dəfə artırmalıdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Müxalif blok və təşkilatların 28 May-Respublika Günündə birlikdə Novxanıda tədbir keçirməsi mümkün deyil. Çünki bunun üçün əsaslar yoxdur”.
Politoloq Ərəstun Oruclu: “İş o yerə çatıb ki, hətta orta ranqdan yuxarı dövlət məmurları da sosial durumlarından narazılıq edirlər. "Paket" kəsilib, "yığımlar" bir az da mərkəzləşdirilib, "qaydalar" sərtləşdirilib. Deyəsən, toxun acdan xəbəri var artıq...”
Millət vəkili Çingiz Qənizadə: “Öz ölkəmizin vətəndaşları üçün kazinoları qapalı elan edib, kazinoların açılmasına icazə verilsə, yaxın ölkələrdən Azərbaycana axın ola bilər və kazinolarda öz maraqlarını həyata keçirə bilərlər”.
Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev: “Müxalifət düşərgəsində “mən-mən” abi-havasından, özünə vurğunluqdan, bir-birini tanımaq və tanımamaq iddiasından geri çəkilməkdə fayda var. Təbii ki, elə məqamlar və elə adamlar var ki, onların ümumi işə ziyan vuracağı qənaətindən qaça bilmirsən. Bizim AXCP ilə bağlı vəziyyətimiz kimi...”
Yazar Murad Köhnəqala: “Bu gün də “səhvən doğulmuş” qız uşaqlarını məktəbin 4-cü sinfindən çıxarıb ev dustağı eləyən atalar var. Özü də lap çoxdur! Bu nə deməkdi?! Olmaya, qızı orta məktəbdə, ali məktəbdə oxuyan kişiləri namussuz sayırsınız? Qız uşağını ev dustağı eləmək biz türklərdə haçandan namus olub?”
Politoloq Azər Qasımlı: “Rus cəmiyyəti və rus siyasətçiləri tarixdə ilişib qalıblar. Hər il 9 mayda parad keçirib qələbələrini qeyd edirlər. Halbuki ikinci dünya müharibəsindən 70 il keçib və bu qələbədə təkcə ruslar həlledici rol oynamayıblar. Həmçinin Böyük Britaniya və ABŞ-ın qələbədə böyük payı var. Yəni Rusiyada qabağa getmək əvəzinə, dünyadaki vəziyyəti və Rusiyanın beynəlxalq sistemdəki yerini təzədən gözdən keçirmək əvəzinə 70 il bundan əvvəlki kateqoriyalarla düşünürlər”.
Millət vəkili Zahid Oruc: “Hazırkı dövrdə Qarabağ ermənilər üçün özü boyda bir qəbrdir”.
Iqtisadçı ekspert Nazim Bəydəmirli: “Adətən bizim məmurlar rüşvət baxımından xaricilərlə daha çox işləməyə üstünlük verirlər, nəyinki yerli iş adamları ilə”.
Politoloq Rüstəm Məmmədov: “Rusiya Yerevanla olan münasibətlərində özünü Ermənistanın qoruyucusu və xilaskarı kimi aparır”.
Jurnalis Azər Sariyev: “Bu bizim Məməxanımın müzakirələri bitdimi ki, Cəmalədən danışırsınız? Millət necə unutqan olub? Yazıklar olsun!”.
Politoloq Şahin Cəfərli: “Kreml anladı ki, Dağlıq Qarabağ ixtilafının davam etməsi Azərbaycanı Türkiyəyə daha da yaxınlaşdırır”.
Ermənistan parlamentinin müxalif “İrs” fraksiyasından olan deputatı Zarui Postancyan: “Ermənistanın və “Arsaxın” (Dağlıq Qarabağın) təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sərkisyanın özüdür”.
Jurnalist Aqil Ələsgər: “19 mayda itirən Azərbaycan xalqı və dövləti, qazanan isə Alabalalar oldu... Özlərinin xalqa yaşatdıqları cəhənnəmdən yenə özləri üçün cənnət yaratdılar...”
Politoloq Natiq Miri: “Azərbaycan və Rusiya qonşuluq münasibətləri çərçivəsində tərəfdaş olsalar da , strateji mütəffiq deyillər. Ancaq Ermənistan bilavasitə Rusiyanın həm strateji mütəffiqidir, həm də Rusiyanın Kremldən idarə olunan forpost əyalətidir”.
Yazıçı Əkrəm Əylisli: “Mən yazıçıyam, günün-güzəranın bu vaxtında gündəmin mənimlə zəbt olunmasını istəmirəm”.
Jurnalist Azər Sariyev: “Bir tikə qeyrətimiz var idi, onu da aparıb qoyduq niderlandlı gədənin qucağına. Vayvela, din əldən getdi! Bundan sonra biz başımıza papaq qoyub camaat arasına nə cürə çıxacağıq? Necə çıxıb deyəcəyik ki, Qarabağ bizimdir? Yenə bu məsələ olmasaydı, dilimiz uzun idi. Bu qədər pul tökdük, enerji xərclədik, axırda da belə. Yox, bu dərdə dözülməz vallah!”.
Politoloq Elxan Şahinoğlu: “ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”.
Yazıçı Mirmehdi Ağaoğlu: “Mən əsgər olanda anam...Bircə çəkmələrimi qoxlamadı. Mən əsgər olanda ölmədim deyə. Mən əsgər olanda bildim dünyanın ən kirli və ən iyli çəkmələridir əsgər çəkmələri. Hər axşam yat komandasından sonra kazarmanı bürüyən o kəsafətli qoxunu içimə çox çəkdim deyə. İndi isə. Mən bilirəm. Bağrına basdığın o çəkmələr dünyanın ən gözəl əsgər çəkmələridir. Bir şəhidin çəkmələridir deyə. Və bir də. Bir şəhid anasının qoynundadırlar deyə...”
Jurnalist Xalid Kazımlı: “İşgəncə insanı hərtərəfli şikəst edir - həm fiziki, həm psixi, həm də mənəvi baxımdan.”
Millət vəkili Vahid Əhmədov: “İnsanlar əmanətlərini ala bilmir. İnsanların kredit almasında da problemlər var. Üstəlik, faiz dərəcələri yüksəkdir. Bank sistemi sağlamlaşdırılmalıdır. Bu sistemi düzəltməsək, Azərbaycan iqtisadiyyatının inkişafından söhbət gedə bilməz”.
İqtisadçı ekspert Nazim Bəydəmirli: “Əmlak Komitəsi dövlət büdcəsinə verdiyi vəsaitdən qat-qat çox özü xərcləyir. Bu xərclənən vəsaitlər isə hara xərclənir, o da məlum deyil”.
Gənc yazar Kəramət Böyükçöl: “Seymur Baycan balaca bir abzasın hər cümləsində quşlayıb... Seymur bəy isə başını götürüb Tiflisə gedir ki, Azərbaycanda məni anlayan yoxdur. Deyəndə də, deyirlər ki, nə dərdinə qalıb. Qardaş, düz-əməlli yaz, anlayaq da! Özünə hörmət eləyən yazıçı belə cümlələrlə əsər yazar?”.
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Vaxtiylə Qəzzafi də milyardalırın sahibi idi, amma axırı bəlli oldu. Ona görə də Elmanlar və onun kimi digər məmurlar haram yollarla xalqdan taladıqları pulu axıra kimi yeyə bilməyəcəklər. Amma ümid edirəm ki, sonda bütün məsələlərə xalqımızın xeyrinə olacaq”.
Jurnalist Anar Gəraylı: “Azərbaycan hər gün karikatura ölkəsi olduğunu sübut eləməlidir də. Hakim "Xəzər-Lənkəran"ın qapısına tamamilə karikatura penalti təyin edib. "Xəzər" düşüb ikinci liqaya. Rəqib futbolçu oyundan sonra çıxıb deyib ki, azarkeşlərdən üzr istəyirəm, həmin epizodda penalti yox idi, özümü atdım yerə, simulyasiya elədim”.
Xalq artisti Elmira Şabanova: “Mən filmə çəkiləndən sonra fikrim büsbütün dəyişdi. Əvvəllər yazığım gələn Təhminəyə daha yazığım gəlmirdi. Ona gəzəyən qadın kimi baxırdım”.